24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadədir. O, uşaq evindəki ən ağır hekayəni yaşayan uşaqlardan biri haqqında danışıb.

-Uşaq sığınacağına yerləşdirilən hansı uşağın həyat hekayəsi sizə daha çox təsir edib?
Mənim üçün ən ağır hekayələrdən biri 5 yaşında bir oğlan uşağının hekayəsi idi. Həmin uşağın atalığı narkotik qəbul edirdi. Və atalığı uşağa çox ağır işgəncələr etmişdi. Bu işgəncələr nəticəsində uşağın bədəninə fiziki xəsarətlər yetirilmişdi. Uşaq bu işgəncələrdən sonra ayağından zədə almışdı. Hətta bunu da deyə bilərəm ki, atalıq uşağın dilini dişləyərək qopartmışdı. Həmin adama məhkəmə açılanda atalıq ilə birlikdə ananı da həbs etmişdilər. Mən xatırlayıram ki, biz o uşağı zala aparanda elə şərait yaratmışdıq ki, anası və atalığı arxa sırada qarşıları kəsilərək oturmuşdular. Onlara uşağı görmək üçün imkan yaradılmırdı. Uşaq hakim qarşısındakı çıxışından sonra demişdi ki, “Mən bilirəm ki, siz arxada oturmusunuz, ana, mən səni bağışlayıram amma, o adamı mənə yaşatdıqlarına görə heç vaxt bağışlamayacam, məni səndən ayırdığına görə bağışlamayacam”. Məhz həmin uşağın həyat hekayəsi mənə çox təsir etmişdi.
Fatimə Şükürova
