Bu gün:

“Mənimlə birlikdə xəyallarım, fantaziya mələklərim də dustaqdırlar” - Baba Vəziroğlu ilə MÜSAHİBƏ


Dünyaya meydan oxuyan koronavirus təhlükəsinin yayıldığı bir zamanda insanların evdə qalmaları tələb olunur. Bunu nəzərə alaraq, 24Media "Evdə qal,sənə qurban" rubrikasına start verir. Bu rubrikada ilk həmsöhbətimiz yazıçı-şair Baba Vəziroğludur:


Evdə vaxt keçirdiyinizə görə darıxırsınızmı?

- Yox, evdə olanda darıxmıram. Çünki indi mənə aydın oldu, dərk elədim ki, sən demə, mənim evdəki işlərim çöldə, bayırda olan işlərimdən qat-qat çox imiş. Sən demə, bu bəlli yaşıma qədər mənim yazılı, səs, video, foto arxivim yığılıb qalıb. O qovhaqovda onlara dönüb nəzər yetirə bilməmişəm. Bu gün mənim yavaş-yavaş o arxivlərə nəzər salmağım üçün gözəl şans yaranıb. Böyük Mirzə Cəlil demişkən, hərdən əski günləri yada salmağın nə eybi var ki?! Xüsusən də, foto arxivimə baxıram. Nəzər yetirəndə görürəm ki, oradakı insanlar bir zamanlar həyatımın bir parçası olublar. Sonra nədənsə, yaddan çıxıb, unudulublar. Yəqin ki, günah məndə olub. Bəlkə də, onların mənə əli çatmır, bəlkə bir çoxları dünyasını dəyişib, mənim xəbərim yoxdur. Yaxud onların övladlarının mənə ehtiyacları var, xoş söz umublar. Mən bunu etməmişəm. Həm də evdə qalmaq özünəqayıdışdır. Keçmişə qayıdış zaman mənasında mümkün deyil, amma o qayıdış səni təzədən insanlığa, özünə səsləyir.

Dünyanı cənginə alan koronavirus təhlükəsinə qarşı ölkəmizdə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə nə düşünürsüz?

- Görünən dağa nə bələdçi, hər şey göz önündədir. Dünyada bu virusun yayılması, ona qarşı görülən tədbirlərin mənzərəsi göz qabağındadır. Azərbaycanın da yeri bizə məlumdur. Yaxşı mənada sonuncu yerlərdən birini tutur. Bu nəyin hesabınadır? Onun hesabınadır ki, bizim dövlətimiz bu bəladan çox az itkilərlə yan ötmək üçün mümkün və mümkün olmayan hər şeyi edib və etməkdədir. Bəlkə də, faizlə desək, dövlətimiz tərəfindən 90-95% işlər görülüb. Bizdən sadəcə vətəndaş məhsuliyyəti tələb olunur. İnanırsız ki, hər gün açıqlanan yoluxma sayı bizim məsuliyyətsizliyimizin ucbatından irəli gəlir, buna görə insanlar virusun qurbanı olur. Doğrudan da, mən görürəm ki, məsuliyyət hissini biz hələ yetərincə dərk edə bilmirik. Eyvandan baxıram, yenə avtomobil tıxacları, küçədə boş-boşuna gəzən adamlar, böyük bəlaya rişxəndlə baxanlar, “Mənə nə olacaq ki, xəstəlik haradadır?” kimi düşüncə sahiblərimiz hələ də var. Bir məsələni də qeyd edim ki, təhlükəli xəstəliklə mübarizə aparmaq hələ bu qədər asan olmayıb. Sadəcə bizdən tələb olunan “evdə qal”qaydasına əməl etməkdir. Evdə qalıb özümüzü, yaxınlarımızı, millətimizi, qlobal mənada desək, Yer kürəsini qoruya bilərik. Bundan asan nə ola bilər ki? Bizi yük daşımağa göndərmirlər ki, deyirlər, evdə qalın. İllər boyu arzulamışıq işdən çıxıb, tez alış-veriş edək, tez evə gedək. İndi bizə deyirlər ki, evdə qalaq. Qalın deyirlər, qalaq da...

Son vaxtlar insanların evdə vaxt keçirmələrinə görə sosial şəbəkə istifadəçilərinin sayı daha da artırıb. Koronavirusu gülüş obyektinə çevirənlər də az deyil. Bununla bağlı fikirləriniz maraqlıdır...

- Açığı deyim ki, mən də sosial şəbəkələrdə aktivəm. Amma koronavirusla bağlı xəbərləri oradan oxumuram və bu barədə məlumatları rəsmi mənbələrdən əldə edirəm. Bu gün bu təhlükə qarşısında “özfəaliyyət” bizə yaramaz. El dili ilə desəm, hər ağızdan bir avaz gəlməməlidir. Hərə bir rəy bildirir, hərə bir yol göstərir, qabiliyyəti çərçivəsində təkliflər edir. Amma təzədən velosiped icad etmək lazım deyil. Amerikanı çoxdan kəşf ediblər, yenidən Kolumb olub, ümmanların canına düşmək lazım deyil. Cənab Prezidentin rəhbərliyi və təşəbbüsü ilə Operativ Qərargah yaradılıb. Respublikanın görkəmli mütəxəssisləri, ali dövlət məmurları bu qərargahda toplaşıb. Bilirsiniz, ən düzgün qərarları dünya təcrübəsindən yararlanıb, milli mentalitetimizə, coğrafi mövqeyimizə uyğun olaraq qəbul edirlər. Hansı ki, məcburi yerinə yetiriləsi qərarlardır. Ona görə də, Operativ Qərargahın qadağalarına, qaydalarına riayət etməklə dövlətimizə dəstək vermiş olarıq. Məşhur fraza var ki,əmirlər müzakirə olunmur. Bu, prezidentimizin əmridir ki, evdə qalın.

Bəzilərinə görə, evdə qalanda yaradıcılığa meyil artır. Baba müəllim, evdə qalmaq sizin yaradıcılığınıza necə təsir edib?

Bütün yaradıcı insalara aid edib birmənalı cavab vermək çətindir. Mən özümdən danışa bilərəm ki, məcburən evdə qalanda yaradıcılıqda yenilik olmur. Elə bil, insanı məhkum ediblər ki, otur yaz. Yaradıcılıq azad insanın məhsuludur. Ona görə də, nə qədər azad deyilik, bizi bu murdar bəla ev dustağına çevirib, normal yaradıcılıqdan söhbət gedə bilməz. Axırıncı dəfə Azərbaycan Dövlət Televiziyasının Bədii Şurası üzvləri - Mübariz Tağıyev, Mənsur İbrahimov, Faiq Sücətdinov, Ceyran Mahmudova, Təranə Muradova, Fidan Hacıyeva ilə birlikdə Tofiq Quliyevin yaradıcılıq məhsulu olan “Biz mehriban ailəyik”musiqisinin sözlərini dəyişdik və klip şəklində təqdim etdik. Əgər, buna yaradıcılıq demək olarsa, son yaradıcılıq nümunəm odur. Amma buna çox sevinirəm. Bədii cəhətdən yüksək keyfiyyətlərə malik olmaya bilər, lakin bu çağırış insanlara dəstək olduğu üçün,mənim də bir zərrə xidmətim var deyə, dırnaq arası yaradıcılıqla da sevinirəm. Yaradıcı insanlar xəyalpərəst, güclü fantaziyaya malik olurlar. Çox qəribədir ki, mənimlə birlikdə xəyallarım, fantaziya mələklərim də dustaqdırlar. Onları heç yerə uçurda bilmirəm. Dünya bu virusun cəngində, sanki, cəhənnəmə dönüb. Mən çox ölkələrdə olmuşam.İndi xəyal quşumu o ölkələrdə uçura bilmirəm. Hər yanda ölüm, hər yanda fəlakət, təşviş... Belə dəhşətli vəziyyətdə ilham pərilərim qanad çalıb pis xəbərdən başqa heç nə gətirə bilməz. Bir zamanlar gəzib, dolaşdığım yerlərdən indi ancaq acı xəbərlər gəlir.

“İnstagram” hesabınızda “Qalanı xatirədir”başlığı altında “evdə qal”çağırışı etmisiniz. Rubrikamızın adı da “evdə qal, sənə qurban”dır. Baba müəllim, evdə qalaq, nə edək?

-Evdə qalaq dövlətimizə dəstək olaq, kitab oxuyaq. İndiyənədək bir növ yataqxana kimi baxdığımız evi ocağa çevirək. Son zamanlar, həm kişilər, həm də qadınlar səhər durur, uşağı məktəbə aparır, işə tələsir. Axşam işdən qayıdanda tıxaclar olur, gec saatlarda evə çatırlar. Beləliklə, ev yataqxanaya dönür. Ruslar ona “крыша”deyirlər, yəni üzərimizdə dam olsun, yağış-qar yağmasın. Amma indi bu məkan ocağa çevrilir.Ev insan ülfəti və nəfəsi ilə isinir. Mətbəxdən gözəl ev yeməklərinin ətri gəlir. Əvvəllər qadınlar yarım fabrikat məhsullarının çoxunu qazana salıb qaynadırdılar.Təbii ki, o məhsullar mətbəxdən ev yeməyi qoxusu gətirə bilməz. Məşhur bir mahnıda deyir, yadlar gəlir, doğma olur,yaxın olur. Biz dərk etmirdik ki, ailə üzvlərimizlə nə dərəcədə yadlaşmışıq. İndi doğma oluruq,yaxın oluruq... Buna görə koronavirusa “çox sağ ol”deməyə dəyər, ya dəyməz, bunu tarix göstərəcək. Ruslar deyir, “нет худа без добра” yəni, hər pis şeydə yaxşı nə isə axtarmalıyıq.Yaxşıları axtaranda da bu fikirlər insanın ağlına gəlir...

Paylaş
Şərh əlavə et