
Qodji giləmeyvəsi "qurd giləmeyvəsi"adı ilə də tanınır. Bu adı ona tərkibindəki unikal maddələrə görə veriblər.
Bəzən quşüzümü ilə qodjini səhv salırlar, onlar xarici görünüşcə biri-birinə bənzəsələr də, fərqli xüsusiyyətlərə malikdirlər. Çində onu ninsiya itşüzmü, ingilislər isə qodji adlandırırlar. Bu meyvəni “Tibet zirinci” və digər adlar ilə tanıyanlar da var.
Qodjinin tərkibi C, B vitamini, sink, fosfor, dəmir, selen, beta - karotin, tiosianat,, antioksidant, amin turşuları, polisaxaridlər, qlikozinolatlar, flavonoidlər, steroidlər, tiamin, zeaksantin, riboflovin və kalsiumla zəngindir. Çin təbabətində qodji giləmeyvəsindən kişi və qadınlarda fiziki gücün artırılmasında, əhval-ruhiyyənin yaxşılaşmasında, stress vəziyyətlərində sinirlərin sabitləşməsi üçün istifadə edilir. O, xərçəng hüceyrələrinə qarşı mübarizə aparır, orqanizmin immunitetini artırır və ömrün uzanmasına səbəb olur.
Cavanlaşdırıcı və arıqladıcı təsirlərinə görə, bir çox Hollivud ulduzları və idmançılar öz qida rasionlarında əlavə və tamamlayıcı vasitə kimi bu meyvədən istifadə edirlər. Bəzi pəhrizlərdə qodjinin miqdarının 50 qrama qədər, bəzi pəhrizlərdə isə ondan 1 xörək qaşığından artıq olmaması məsləhət olunur. Qodji tərkibindəki antioksidantların miqdarına görə bitkilər arasında birinci yerdədir - qodjinin tərkibində qaragilə ilə müqayisədə antioksidantların miqdarı 25 faiz, narla müqayisədə 2,5 dəfə çiyələklə müqayisədə 10 dəfə çoxdur.
Qodjinin qırmızı rəngdə olan şirəli giləmeyvələrinin ölçüsü 1,5 santimetrdir. Bioloji aktiv maddələr ilə zəngin olduğuna görə onları dərən kimi yemək zəhərlənməyə səbəb ola bilər. Turşməzə dadı olan giləmeyvələri toplayıb kölgəlikdə qurutmaq və yalnız bundan sonra istifadə etmək lazımdır.
Qodji dünyada ən qiymətli dərman bitkilərindən hesab edilir. Alimlər onun xərçəng xəstəliyi əleyhinə təsir göstərdiyini aşkar ediblər. Tədqiqat nəticəsində aydın olub ki, uzun müddət müntəzəm şəkildə qodji giləmeyvələrindən istifadə edilməsi xərçəng və Alsheymer xəstəliyinin, həmçinin şəkərli diabetin yaranma ehtimalını azaldır. Onun giləmeyvələri ürək-damar sisteminə də müsbət təsir göstərir. Geniş təsirə malik olduğuna görə bitkini bir çox xəstəliklərin müalicəsində istifadə edirlər. Ondan mütəmadi istifadə əhvali-ruhiyyəni yaxşılaşdırır, depressiyanın qarşısını alır, artıq çəkini azaldır, maddələr mübadiləsini sürətləndirir, qocalma prosesini ləngidir, yuxunu möhkəmləndirir. Bundan başqa dərinin vəziyyətini yaxşılaşdırır. Menopauzanın neqativ təsirlərini aradan qaldırır, melatonin səviyyəsini normallaşdırır, orqanizmin gücünü bərpa edir, qanda şəkərin səviyyəsini azaldır.
Lakin ilin isti vaxtlarında bitkinin giləmeyvələrindən istifadə etmək olmaz. Həmçinin şəkərli diabet, hipertoniya və arıçılıq məhsullarına qarşı allergiyası olanlar ondan istifadə edərkən ehtiyatlı olmalıdırlar.
Mənbə: dove.com
Tərcümə etdi: Aytac Musayeva
