Bu gün:

Oruc tutan insanlar necə qidalanmalıdırlar? - Dietoloqla MÜSAHİBƏ


Ramazan ayında düzgün qidalanma ilə bağlı suallar bir çoxlarımızı maraqlandırır. Dietoloq Tutu Zeynalova 24Media-nın bununla bağlı suallarını cavablandırıb:


Oruc tutan insanlar gün ərzində toxluq hiss etmək üçün imsakda (sahur) hansı qidaları qəbul etməlidirlər?

-İlin bütün aylarında balanslı qidalanmaq vacibdir. Ramazan ayında isə bu xüsusi önəm daşıyır. İmsakdan sonra sizi uzunmüddətli aclıq gözlədiyi üçün seçəcəyiniz qidalar günboyu tox saxlayan və sağlam qidalar olmalıdır. Bu qidalara nümunə olaraq yumurtanı göstərə bilərik. Gün ərzində aclıq hiss etməmək üçün qida rasionuna tərəvəzləri də daxil etmək lazımdır. Yağ qrupundan isə duzsuz olmaq şərti ilə zeytun və ya müxtəlif çərəzlər yeyə bilərsiniz. Daha uzun müddət tox qalmaq üçün kəpəkli, çovdar və ya tam buğda unundan hazırlanmış çörəkdən istifadə etmək olar.

Protein qaynağı olaraq yumurta, kəsmik, süzmə, şor, pendir kimi məhsullardan istifadə etməyiniz məsləhətdir. Faydalı qidaların siyahısına yulafı da əlavə edə bilərəm. İmsak bitdikdən sonra bir ədəd meyvə də yeyə bilərsiniz. Meyvələr liflərlə zəngin olduğu üçün toxluq hissinizi artıracaq, həm də gündəlik meyvə ehtiyacınızı ödəmiş olacaqsınız.

İmsakda qidalanmanın miqdarını balansda saxlamamaq insan sağlamlığına nə kimi mənfi təsirlər göstərə bilər?

-İmsakda həm protein, həm karbohidrat, həm də yağ qəbul etməyə çalışırıq. Həmin vaxt yalnız şirniyyatla çay içsəniz, gün ərzində qan şəkəriniz sürətlə aşağı düşəcək. Çünki qlisemik indeksi yüksək olan qidalar qan şəkərini sürətlə yüksəldir və bir müddətdən sonra sürətlə aşağı salır. Nəticədə gün ərzində özünüzü yorğun, halsız və bitkin hiss edəcək, baş gicəllənmələri yaşayacaqsınız. Təkyönlü qidalansanız, məsələn, sadəcə protein qəbul etsəniz, növbəti saatlarda aclıq hiss edəcəksiniz. Buna görə, balanslı qidalanmaq çox vacibdir.

Gün boyu ac qaldıqdan sonra iftarı hansı qidalarla açmaq lazımdır?

-Adətən iftarda orucumuzu su ilə açırıq. Suyun yanında xurma və ya 2-3 ədəd duzsuz zeytun da ola bilər. Daha sonra yeməyə şorba ilə davam etməyinizi tövsiyə edərdim. İftar vaxtı yeməklərin temperaturu həddindən artıq isti və ya soyuq olmamalıdır. Çünki uzun müddət boş qalan mədəyə birdən-birə soyuq qidanın daxil olması spazmlara səbəb ola bilər.

Adi vaxtlarda pəhriz saxlayan şəxslər  necə oruc tutmalıdırlar?

-Bütün sağlam insanlar oruc tuta bilərlər. Lakin xroniki xəstəliyi olan, şəkərli diabet, ürək-damar xəstəlikləri, hipertaniyadan əziyyət çəkən və vaxtaşırı dərmanlar qəbul edən insanlar yalnız həkim məsləhətindən sonra oruc tutmalıdırlar. Əgər Ramazan ayından öncə pəhriz saxlayırdınızsa, oruc tutarkən də sağlam qidalanaraq çəkinizə nəzarət edə bilərsiniz.

Ramazan ayında oruc tutan insanlar idmanla məşğul ola bilərmi?

-Bəli, oruc tutan insanlar idmanla məşğul ola bilərlər. Bu zaman əsas məsələ bədənimizin maye tələbatını ödəməkdir. İdman etdikdə tərləyirik və bədən su itirir. Buna görə də, çox maye itirməyəcək şəkildə idmanla məşğul olmaq tövsiyə edilir.

Koronavirus pandemiyası dövründə oruc tutanlara nə məsləhət görərdiniz?

-Oruc Allah yolunda tutulur. Ramazan ayı həm ruhumuzun, həm də bədənimizin təmizlənməsi üçün bizə verilmiş zamandır. Pandemiya dövründə oruc tutmağın heç bir təhlükəsi yoxdur. Əgər siz fiziki cəhətdən sağlamsınızsa, heç bir xəstəliyiniz yoxdursa, rahatlıqla oruc tuta bilərsiniz. Karantin dövründə vaxtımızı evdə keçirdiyimiz üçün oruc tutmaq daha da asanlaşır. Balanslı qidalanmaq, yuxu rejiminə diqqət yetirmək lazımdır. İftardan sonra yüngül idman hərəkətləri etmək də tövsiyə edilir.

Paylaş
Şərh əlavə et