Bu gün:

Həftələrlə susuzluğa tab gətirə bilən dəvələrin sirri açılıb


Həftələrlə susuzluğa tab gətirə bilən dəvələrin sirri açılıb

Alimlər dəvələrin bir qurtum su belə içmədən həftələrlə necə yaşaya biləcəyini müəyyən ediblər.

 Elmi adı Camelus dromedarius olan dəvələr Şimali və Şərqi Afrikanın quraq və yarımsəhra bölgələrində, Ərəbistan yarımadasında və İranda ən əhəmiyyətli mal-qaradır.

 Milyonlarla insanın əsas ehtiyaclarını qarşılayan bu heyvanlar 3 min ilə 6 min il əvvəl əhliləşdirilib və o vaxtdan bəri ət və süd istehsalı və yük daşınmalarında istifadə edilir.

 Bu heyvanın ən maraqlı xüsusiyyətlərindən biri də su olmadan həftələrlə yaşaya bilməsidir. Alimlər uzun müddətdir ki, səhraya uyğunlaşan dəvələrin hər damla mayeni saxlamaq üçün istifadə etdikləri bioloji hiylələri araşdırıblar.

 Böyük Britaniyanın Bristol Universitetinin alimləri yeni araşdırmada bu dəvələrin böyrəklərinə diqqət yetirərək orqanların son dərəcə “inkişaf etmiş” olduğunu aşkar ediblər.

Communications Biology adlı elmi jurnalda dərc edilən araşdırma məqaləsinin nəticələrinə görə, sözügedən dəvələrin böyrəkləri çox konsentrasiyalı sidik çıxarır və suyun israf edilməməsini təmin edir.

 Tədqiqat qrupu dəvələrin susuz qaldığı və suya çıxışı olduğu zaman böyrəklərindəki minlərlə genin necə dəyişdiyini araşdırıb. Bu, böyrəklərdəki xolesterinin miqdarının suyun qorunması prosesində rol oynadığını ortaya qoyulmuşdur.

 Tapıntılara görə, susuzluq səbəbiylə xolesterini basdıran gen mexanizmi dəvələrin böyrəklərində daha çox su saxlamağa imkan verir.

 Məqalənin aparıcı müəllifləri Fernando Alviral Iraizoz və Benjamin T. Gillard, "Böyrək hüceyrələrinin membranında xolesterinin miqdarının azalması, həll olunan maddələrin və suyun böyrəyin müxtəlif yerlərində hərəkətini asanlaşdırır" fikrini söyləyib.

 Bu, suyun səmərəli reabsorbsiyası və yüksək konsentrasiyalı sidiyin istehsalı üçün tələb olunan prosesdir. Beləliklə, su itkisinin qarşısı alınır.

 Tədqiqatçıların fikrincə, bu, xolesterin səviyyəsinin böyrəklərdə suyun qorunması ilə birbaşa əlaqəli olduğu ilk araşdırma idi.

 Hazırda dəvə beyni ilə bağlı oxşar araşdırmalar aparan komanda, quraqlığa uyğunlaşan digər məməlilərin şiddətli susuzluğa necə reaksiya verdiyini genetik səviyyədə araşdırmağı hədəfləyir.


Mənbə : independent

Tərcümə etdi : Aysel Aslanova 

Paylaş
Şərh əlavə et