Bu gün:

Oruc və onun qaydaları


Son bir neçə il ərzində ramazan ayında oruc tutan həmvətənlərimizin sayı durmadan artmaqdadır. Cəmiyyətin hər bir təbəqəsini təmsil edən bu şəxslərin orucluq hökmləri ilə maraqlanmaları nəticəsində ramazan ayında mətbuatımız üçün yeni bir mövzu açılmışdır: orucluq mövzusu.

Orucluq qaydalarını işıqlandırmaq cəhdi bir sıra mətbuat orqanları tərəfindən atılsa da, bu cəhdlər tam qənaətbəxş sayıla bilməz. Çünki çox zaman mətbuatda gedən məqalələr qeyri-peşəkar şəxslər tərəfindən yazıldığına görə dəqiqlikdən uzaq və ziddiyyətli olur. 

Dünyanın bir çox yerlərində həm Cəfəri, həm Hənəfi və Şafii məzhəbli müsəlmanların yaşadığını nəzərə alaraq, şəriət məsələlərini bu məzhəblərin hər üçünə uyğun şəkildə izah etmişik.

1. Yeyib-içməklə oruc batil olar. Bəs siqaret çəkməklə neçə?

Orucu pozan əməllər sırasında qeyd etdik ki, qatı toz və tüstü udmaq olmaz. Siqaret çəkən insanın boğazına qatı tüstü getdiyindən orucu batil hesab olunur.

2. Oruc tutan şəxs ağzının suyunu və bəlqəmi uda bilərmi?

Ağız suyunu (tüpürcəyi) udmaq orucu pozmaz. Başdan və sinədən gələn bəlğəm də əgər ağız boşluğuna daxil olmayıbsa, onu udmağa icazə verilir. Amma bəlğəm ağız boşluğuna daxil olarsa, onu olmaz, mütləq tüpürmək lazımdır.

3. Diş çəkdirməyin oruc tutmağa maneçiliyi varmı?

Əgər dişini çəkdirərkən insan qan, su, yaxud dərman udmazsa, orucu düzgün sayılır.

Qeyd etmək lazımdır ki, orucluq zamanı insanın bədənindən qan çıxmasına səbəb olan bütün əməllər (o cümlədən, diş çəkdirmək) arzu olunmazdır.

4. Xəstələnmiş şəxsin bədəninə iynə vurulsa, orucu pozularmı?

Xeyr, yalnız qidalandırıcı təyinatlı ampulalar vurdurmaq orucu pozar. Müalicə üçün, habelə bədən üzvünü keyitmək məqsədilə vurulan iynələr isə orucu batil etməz.

5. Deyirlər ki, oruc tutan şəxsə çimmək qadağandır. Bu fikir doğrudurmu?

Məlumdur ki, çimmək insanı zəiflədib yorur, bədəni süstləşdirir, bunun nəticəsində bədənin aclığa və susuzluğa qarşı müqaviməti azalır. Buna görə oruc tutan şəxsin çimməsi arzu olunmaz əməl sayılır. Amma çimməklə oruc batil olmaz. Çimən şəxs mütləq diqqətli olmalıdır ki, başını tamamilə su vurmasın və su damcılarını udmasın.

6. Əgər evdar qadın xörək bişirərkən oruc tutduğunu unudub, xörəyin dadına baxsa, orucu batil olarmı?

Əgər insan qeyri-ixtiyari olaraq, yaxud oruc tutduğunu unudaraq nəsə yesə, orucu pozulmaz. Amma yeməyi udmazdan əvvəl oruc tutduğu yadına düşsə, mütləq ağzındakını tüpürməlidir.

7. Kimlərə oruc tutmaq vacib deyildir?

Dörd təbəqədən olan adamlar oruc tutmaya bilərlər; onlar həm qəza orucundan, həm də kəffarədən azatdırlar:

1. Həddi-büluğa çatmamış uşaqlar;

2. Psixi cəhətdən qeyri-normal şəxslər;

3. Qocalıb əldən düşmüş şəxslər;

4. Aclıq və susuzluğa heç cür tab etməyən daimi xəstələr.

Son olaraq onu qeyd etmək istərdik ki, fitrə zəkatı mütləq maddi vəziyyəti çətin olan adamlara verilməlidir. Hər kəs öz kasıb qohumuna ya qonşusuna fitrə zəkatı versə, daha yaxşıdır. Hənəfi məzhəbinə görə, fitrə zəkatı ramazanın ilk günündən başlayaraq Fitr bayramının nəməzı qılınana kimi verilə bilər. Cəfəri məzhəbinə görə isə fitrə zəkatı ramazanın son ayrılır və ertəsi gün Fitr bayramı namazı qılınana kimi keçən müddətdə ehtiyaclılara çatdırılır. əgər bu mümkün olmazsa, bayram namazı qılınandan sonra mümkün olan ən qısa vaxt ərzində ödənməlidir.

Mənbə: ntv.com.tr

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et