Bu gün:

"Dostlarım mənə “Google Translate” kimi yanaşırlar" - poliqlotla MÜSAHİBƏ


 Müasir dövrün tələblərinə cavab vermək üçün xarici dil öyrənmə zərurəti yaranıb. Lakin elə insanlar var ki, onlar zərurətdən deyil, məhz öyrənməkdən zövq aldıqları üçün bu işlə məşğul olurlar. Və onlardan iki xarici dil bilənlərə “bilingual”, üç dil bilənlərə “trilingual”, dörd dil bilənlərə “quadrolingual", beş və daha çox xarici dildə danışanlara isə “poliqlot” deyirlər.  24Media-nın bugünkü qonağı 9 dil bilən poliqlot Aslan Məmmədzadədir.

Xarici dilləri öyrənmək istəyiniz necə yarandı? 

- Orta təhsilimi rus bölməsində tamamladıqdan sonra ali təhsil almaq üçün Türkiyəyə getdiyim zaman bu dili səlis şəkildə anlamaqda problemim olduğunun hiss etdim. Bu problemi aradan qaldıraraq təhsilimi davam etdirmək üçün türk dilini səlis öyrənmək qərarına gəldim. Beləliklə, bu dili mənimsəmənin texnikalarını araşdırdım və türk dilini öyrəndikdən sonra, 18 yaşımda, ingilis dilini təkmilləşdirməyə başladım. İngilis dilini tamamladıqdan sonra isə sıfırdan, heç kimin yardımı olmadan polyak dilini öyrənməyə başlamışam.

Öyrənməyə davam etmək üçün sizi ilhamlandıran əsas amil nə oldu?

 - Bunun üçün bir çox amillər var. Lakin, xüsusilə iki nüansı qeyd  etmək istərdim. Əvvala, şagird olduğum zaman düşünürdüm ki, mən əsla dil öyrənə bilməyəcəm. Amma bu, belə olmadı. Yeni dil öyrənərkən fərqinə vardım ki, insan beyninin dili qavrama prosesi necədir. Bunun yollarını öyrənərək, yeni üsullar kəşf edir və bunları öz tələbələrim üzərində tətbiq edib, onların dil öyrənmə prosesini asanlaşdırmış oluram. Bu da məni daima yeni dil öyrənməyə təşviq edir.

İkinci nüans gəldikdə isə, düşünürəm ki, hər bir dil bizə yeni fürsətlər qazandırır. Məsələn, yeni insanlar tanıyırıq, müxtəlif mədəniyyətlərə sahib insanlarla münasibətlər qurmaq şansımız olur, həmin dildə məqalələr, kitablar oxuyur və yeni imkanlar əldə etmiş oluruq.

Dil öyrənmənin müəyyən yaşı var? Sizcə, hansı yaş dövründə insan beyni daha çox dil mənimsəyə bilər?

- Düşünürəm ki, insan istənilən yaşda dil öyrənməyə qadir varlıqdır. Təbii ki, 1-10 yaş aralığında uşağın qavrama qabiliyyəti digər yaş qruplarına nisbətən daha sürətlidir. Lakin bu digər yaş qrupuna daxil insanların dil öyrənə bilməyəcəyi mənasına gəlmir. Əgər biz öz ana dilimizi tam olaraq mənimsəyə bilmişiksə, deməli digər dilləri də mənimsəməmizdə əngəl yoxdur. Burada diqqət yetirməli olduğumuz nüans bizə uyğun olan, qavraya bilməmizə kömək olan metodu tapmaqdır

Bəs, çox dil bilməyin mənfi tərəfləri varmı?

- Maraqlı sualdır. Məncə, heç bir mənfi tərəfi yoxdur. İstisna olaraq qeyd edərdim ki, bəzən dostlarım mənə tərcümə proqramı olan “Google Translate” kimi yanaşırlar. Təbii ki, bu bir zarafatdır.

Sizcə, müxtəlif dilləri bilmək insana ən çox hansı istiqamətdə müsbət təsir edir? 

- Məncə, dil öyrənməyin ən müsbət tərəfi şəxsi inkişafımıza verdiyi töhfələrdir. Əvvəla, biz öz beynimizi, özümüzü tanımağa başlayırıq. Bizim üçün hansı metodlar yararlıdır, hansı metodlar işləmir, bunun fərqinə vararaq özümüzü tanımış oluruq. Bir digər müsbət tərəfindən danışmaq lazım gələrsə, deyərdim ki, dil öyrənmək hər nə qədər sadə olsa da, bir dili tam mənimsəməyimiz üçün intizamlı olmalıyıq. Yəni vaxtımızı düzgün bölərək hər gün çalışmalıyıq ki, qoyduğumuz məqsədə çata bilək. Bu faktor da bizi məsuliyyətli olmağa çağırır. Öz təcrübəmdən yola çıxaraq deyərdim ki, həyatımda etdiyi dəyişikliklər mənə qazandırdığı ən böyük keyfiyyətdir. Çünki dil öyrənməzdən öncə hazırkı həyatımı xəyal belə edə bilməzdim. İstər şəxsi, istərsə də iş həyatında qazandırdıqları ilə həyatımı yaxşı mənada 180 dərəcə dəyişməyimə səbəb oldu.

Bir çox dil bilmək fikirlərin ifadəsi zamanı qarışıqlıq yaradır? Əgər yaradırsa, bunun qarşısını necə almaq olar? 

Əgər dili orta səviyyədə mənimsəmişiksə, bəli. Lakin akademik səviyyədə mənimsəmişiksə, artıq bu mümkün olmur. Öz təcrübəmdən nümunə gətirmək istərdim. Mən hər gün davamlı olaraq bildiyim dillər üzərində 15 dəqiqəlik bölgülərlə məşq edirəm. Məsələn: 3 müxtəlif dil seçib ( alman, polyak, italyan ) hər birini 15 dəqiqə praktika edirəm. 45 dəqiqə aktiv praktikadan sonra 15 dəqiqə beynimə istirahət verib, bu dəfə dillərinin yerini dəyişərək ( italyan, alman, polyak ) praktikaya davam edirəm. Beləliklə, 1 saat yarım müddətində 3 dilin hər birini 30 dəqiqə praktika etmiş oluram. Bu da beynimə bir dildən digər dilə rahat keçməyim üçün fürsət yaradır. Müəyyən zamandan sonra bu vərdişə beynimiz öyrəşir və qarışıqlıq prosesi baş vermir.

Bir xarici dili tam mənimsəmək mümkündürmü?

- Hər insan istənilən yaşda bir dili akademik səviyyədə mənimsəyə bilər. Yəni səlis və düzgün yaza, danışa bilər. Amma bir dilə tam bələd olmaq məncə, mümkün deyil. 27 yaşım var, lakin 27 ildir mən öz ana dilimə tam bələd olmamışam, hələ də öyrəndiyim yeni nələrsə var. Belə qənaətə gəlirəm ki, öyrənməyin sonu yoxdur, insan daima yeni məlumatlar əldə edir və özünü həmin dildə daha da təkmilləşdirir.

Yeni öyrənməyə başlayan insanların etdiyi ən böyük səhvlər nələrdir? 

- Dil öyrənərkən edilən ən böyük səhv, fikrimcə, dərsliklərdən əzbər şəkildə öyrənməkdir. Bir çox insanlar daima qrammatika üzərində çalışır, digər nüanslara yəni, oxumağa, danışmağa və dinləməyə fikir vermir, texniki fənlər kimi müəyyən düsturlar əsasında öyrənməyə çalışırlar. Biz əzbərləmək əvəzinə öyrənməyə çalışsaq, dili heç vaxt unutmarıq. Düşünürəm ki, müəyyən qaydaları dərslikdən mənimsədikdən sonra əzbərdən müəyyən qədər uzaq durmalı, praktik mərhələyə keçid almalıyıq. Beləliklə, sərbəst danışmamıza maneə törədən amillər aradan qalxmış olacaq.

Öyrənmək üçün daha effektiv olan həmin dildə film izləməkdir, yoxsa mahnı dinləmək?

- Bu, insandan insana dəyişə bilən faktor olduğu üçün dəqiq cavab vermək olmur. Ən effektiv yol həmin dildə oxumaq və dinləməkdir. Filmi də mahnı kimi dinləyə bilmə fürsətimiz var, lakin bir üstünlüyü onun vizual effektinin də olmasıdır. Buna görə də seçim şəxsə görə dəyişir.

Sonda, hər hansı bir xarici dilə hakim olmaq üçün oxucularımıza tövsiyələriniz nələr olardı? 

-Bir poliqlot olaraq tövsiyəm dilləri kitablardan əzbərləyərək yox, istifadə edərək öyrənməkdir. Tələbələrimdə və bəzi insanlarda etdiyim müşahidələrə görə deyə bilərəm ki, bir qisim dil öyrənənlər danışmaq üçün müəyyən mərhələni gözləyirlər. Əslində biz öyrənməyə başladığımız ilk gündən öz dil səviyyəmizə uyğun olaraq danışmağa cəhd göstərməliyik. Səhv etməkdən qorxmamaq lazımdır, səhv etmədən doğruya çatmaq mümkün olmur. Biz o səhvlərin elə ilkin mərhələdə fərqinə varsaq, bir daha həmin səhvi təkrarlamış olacağıq. İstənilən poliqlot, istedadlı insan bir dili sərbəst danışmaq üçün həmin mərhələyə çatanadək çox səhvlərə yol verir, o səhvlərdən çıxardığı nəticələrlə həmin mərhələyə çatmış olurlar. Dil öyrənən insanları maksimum dili istifadə etməyə, real həyatda tətbiq etməyə çağırıram.

Paylaş
Şərh əlavə et