Bu gün:

"Təhsil müəssisələrində ingilis dili daha çox şaxələnəcək"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı təhsil üzrə ekspert Elmin Nuridir. O, Azərbaycanın təhsil müəssisələrində tədris edilən dillər və bölmələrdən danışıb. 


-Sizcə, gələcəkdə Azərbaycanın orta təhsil müəssisələrində tədris edilən rus dili kimi ingilis dili bölmələri də olacaqmı?


Azərbaycan 70 il SSRİ-nin tərkibində olduğu üçün Azərbaycan dili ilə yanaşı, rus dili də aparıcı dil olub. İstər orta, istər ali təhsil iki bölmə ilə fəaliyyət göstərib. Bu, təbii ki, doğma Azərbaycan dili və rus dili olub. Müstəqillikdən sonra da bunu birdən-birə yox etmək qeyri-mümkün idi. Çünki ölkə vətəndaşlarının müəyyən hissəsi artıq rus dilində təhsil alıb. Həmçinin danışıq dili rus dili idi. Hazırda ölkə ümumtəhsil məktəblərində rusdilli məktəblərin sayı çox deyil. Məncə, cəmi 17 məktəb var ki, tədris yalnız rus dilindədir. 300-ə qədər məktəbdə isə tədris həm Azərbaycan dili, həm də rus dilindədir. 


İngilis dilinin tədrisə ayaq açması, ingilis bölmələrinin artıb ali təhsil müəssisələrində olması zamanın tələbidir. Artıq bu dövrün elm və təhsil dili ingilis dilidir. Söhbət hər hansı bir ölkədən getmir. Bu bütün dünyada yayılmış tendensiyadır. Rus dilinin bizim təhsilimizdə əlavə bölmə kimi olması coğrafiyanın tələbidir. İngilis dili isə dövrün tələbidir. Necə ki süni intellekt, informasiya texnogiyaları kimi meyaları dövr tələb edir. Təhsil də bununla ayaqlaşmalıdır. 


Zaman öz xislətinə uyğun irəlilədiyi üçün istər orta təhsil müəssisələrində, istərsə də ali təhsil müəssisələrində ingilis dilinin yayımı, şaxələnməsi daha da çoxalacaq. Hazırda bizim ali təhsil müəssisələrimizdə Azərbaycan, rus bölmələri ilə yanaşı, ingilis bölməsi də var. Onların bəzilərinin fəaliyyətini formal hesab edə bilərik. Zəruri kadr çatışmazlığı var. Məhz ingilis dilində akademik səviyyədə dərs keçən kadrlarımızın sayı azdır. Ədəbiyyat çatışmazlığı var. Əksinə, ingilis dilində resurslar daha çox olmalıdır. Çünki onlayn resurslar kifayət qədərdir. Bu gün küçədə ingiliscə danışmaq dərsdəki ingilis dilindən xeyli fərqlənir. Biri məişət səviyyəsidir, digəri isə akademik-elmi səviyyədir. Tədrisin uğur qazanması üçün isə yalnız akademik-elmi səviyyə olmalıdır. Hazırda dünyanın inkişaf tendensiyası, tələb və təklif mexanizmi ingilis dilində tədrisin daha çox yayılmasına gətirib çıxaracaq. 


Çinarə Muradova

Paylaş
Şərh əlavə et