
Son zamanlarda da məşhurlaşan, “Şəxsi inkişaf” sahəsində əsasən motivasiya və disiplin məsələlərinə toxunulur. Bu, əlbəttə ki, gözəldir. Həqiqətənmi, bizim istədiklərimizi əldə etməyimiz üçün sadəcə disiplinə ehtiyacımız var? Disiplinsiz motivasiya kifayətdirmi?
Motivasiya, əslində, bizim müəyyən şeyləri hansı səbəbdən istəməyimizdir. Müəyyən bir işi görməyimiz, müəyyən bir addımı atmağımız, nələrəsə başlamağımız, nələrisə saxlamağımız, həyatımızı bir anda dəyişdirmək qərarı verməyimiz, hansısa qərarlarımızı ləğv etməyimiz və s. üçün səbəbimizdir. Motivasiya, ilkin mərhələdə, bizə hər hansı bir işə başlamamışdan əvvəl lazım olur.
Bəs niyə başlanğıcda lazım olur?
Ona görə ki, bəzən bizlər heç istəmədiyimiz şeyləri müəyyən öhdəliklər adı altında etmək məcburiyyətində qala bilirik. İstəklərimiz xaricində hərəkət etməyimiz bizim həvəssiz, motivasiyasız yola çıxmağımız və bunun də gördüyümüz işi görmə keyfiyyətimizdə, sərf etdiyimiz vaxt bölümündə, nəticələrimizdə öz əksini tapması ilə nəticələnir. Fəqət istəkli olduğumuz, bizə nə qazandıracağını bildiyimiz bir hədəf üçün yola çıxanda motivasiyamızın yüksəklikliyi ondan törəyən yüksək enerji, əhval-ruhiyyə, maksimum diqqət, keyfiyyət və vaxt bölgüsündə özünü nümayiş etdirir. Başqa sözlə izah etsək, bir işə motivasiyalı və ya motivasiyasız başlamağımız növbəti mərhələlərdə bizləri nələrin gözlədiyini və onlara qarşı duruşumuzu əvvəlcədən proqnoz etməyimizə köməkçi olur.
Bəs bu motivasiya başladığımız işin bütün mərhələlərində bizi izləyərək, ilkgünkü təsirini qoruya bilirmi??
Motivasiya hər nə qədər müəyyən bir işə başlama ərəfəsində vacib amillərdən biri olsa da, qalıcılığa malik deyil. Yaşadığımız həyat, günlük problemlərimiz, qayğılarımız, üzləşdiyimiz çətinliklər, şəxsi məsələlərimiz, psixoloji ruh halımız – bütün bunlar birbaşa proses zamanı bizlərə təsir göstərərək, ilk günkü motivasiyamızı, yüksək enerjimizi aşağı salan qaçınılmaz amillərdir. Hər zaman olub və olmağa da davam edəcək.
DİSİPLİN
Disiplinin zəruriyyəti məhz bu məqamda ortaya çıxır. Disiplin bizlərin hər hansı bir işə başlamağından daha çox, başladığımız işi başa çatdırmağımız prosesində köməkçi olur. Arzu və xəyallarımıza nail olma motivasiyası ilə çıxdığımız yolda qarşımıza çıxan çətinliklər qarşısında ruhdan düşdüyümüzdə, ümidsizliyə qapıldığımızda, ilk günkü motivasiyamız öz təsirini itirdikdə disiplinin köməyi ilə davamiyyətimizi qoruyaraq, çıxdığımız yolu başa vurmaq bacarığına sahib oluruq. Disiplin bizə özgüvənimizi bərpa etmək, gücümüzü, iradəmizi test etmək, konfort zonamızı tərk edərək məqsədyönlü qala bilmək, başladığımız işi tamamlamaq imkanını verir. Disiplinli insan qarşısına çıxan problemlərə deyil, onların həllinə fokuslanma zehniyyətinə sahib, bəhanələrdən uzaq, məqsədyönlü şəkildə hərəkət edərək, zamanını düzgün idarə etmək qabiliyyətinə malik bir şəxsdir. Bu səbəbdən də disiplin şəxsi inkişaf, məqsədyönlü həyat tərzi yaşamaq, xəyallarımızı gerçəkləşdirə bilmə əzmimizi qorumaq adına olması mütləq bir daxili intizamdır.
Xülasə, disiplinin olmaması motivasiyanın təkbaşına yetərsizliyidir. Çünki yuxarıda da vurğuladığımız kimi motivasiya qalıcı olmayan, müxtəlif faktorların təsiri altına düşə bilən, daim yenilənməyə ehtiyac duyan bir məfhumdur. Fəqət sadəcə disiplin də insan ruhu və psixologiyası üçün uzunmüddətli baxışda müsbət nəticə vermir. Bu səfər də həyatını sadəcə disiplin üzərinə quran insanlar robot kimi bir həyat yaşadıqlarından, müəyyən zaman çərçivəsində yaşam həyəcanlarını itirməsi, ruhlarının, emosiyalarının ölməsi, ehtiyaclarını dinləməmələrindən və onların doğurduğu nəticələrdən şikayətlənir və hətta depresiv semptonlar göstərirlər. Bu da təbii prosesdir. Çünki bir çox hallarda disiplin bu günü yaşamayaraq, gələcəyə investisiya yatırmaq mənasında başa düşülür.
Müşahidələr və təcrübələrdən yola çıxaraq, qeyd etmək istəyirik ki, hər şey balanslı olanda gözəldir. Həddən artıq disiplin bizi xoşbəxt etmədiyi kimi, sadəcə motivasiya axtarışında olan zehnimiz də bizə istədiyimiz nailiyyəti qazandırmayacaq.
Mənbə: CNN Türk
Tərcümə etdi: Aytac Musayeva
