
24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi yazıçı, filosof-şərqşünas, psixoloq Rövşən Abdullaoğludur. O, yaradıcılığı zənginləşdirmənin effektiv yollarından danışıb.
-Sizcə, yaradıcılığı zənginləşdirmənin effektiv yolu nədir, səyahətlər də yaradıcılığa təsir edə bilərmi?
Yaradıcı fəaliyyəti zənginləşdirmənin ən effektiv yolu mütaliə, müşahidə və səyahətdir. Yazıçının həmişə bir əlində kitab olmalıdır. Daim mütaliə etməlidir. Nə oxuduğu da çox önəmlidir. Mən davamlı olaraq psixoloji, sosioloji, tarixi, fəlsəfi, teoloji kitabları mütaliə edirəm. Bu səpkidə yazılmış kitabların mütaliəsi dərin mənalı əsərlər yazmağa çox yardımçı olur. Müşahidə də yazıçıda önəmlidir. Həm özündə gedən halların müşahidəsi, həm də ətrafında baş verən hadisələri, insanları müşahidə etmək vacibdir. Yaxşı psixoloqun güclü müşahidə qabiliyyəti olmalıdır, yaxşı psixoloq olmadan da gözəl yazıçı olmaq mümkün deyil. Nəzəri biliklər həmişə praktik biliklərlə üst-üstə düşməlidir. Bəzən olur ki, insanların xüsusiyyətləri, xasiyyətləri, temperamentləri haqqında və ya hansısa ölkənin təbiəti, iqlimi, insanları barədə nəzəri olaraq çox şey oxuyursan, ancaq gedib o ölkədə bunları əyani olaraq görəndə biliklərinin nə qədər real olub-olmadığını anlayırsan. Görməklə, birbaşa hiss etməklə əldə etdiyin məlumatı oxumaqla əldə etmək olmur. Səyahətlər dünya barədə səndə dəqiq dünyagörüşü formalaşdırır. Dünyagörüşünün bir hissəsi oxumaqla formalaşırsa, digər hissəsi də gəzməklə formalaşır.
Həmçinin səyahətlər yaradıcılığımın bir hissəsidir. Mən, əslində, bu səyahətlərdən ilham alıram. Səyahətlərə gedəndə düşüncələrim, hisslərim yenilənir. Ümumiyyətlə, səfərlərə gedəndə bir neçə hədəfim olur. Səfərlərim nəticəsində əldə etdiyim məlumatlara bədii rəng qatıb öz əsərlərimdə əks etdirirəm. Afrika səyahətlərim nəticəsində “Ləpirçi” silsilə romanı yazıldı. “Relslər üzərinə uzanmış adam” kitabını yazmaq üçün Bosniyaya mütləq səyahət etməli oldum. İrlandiya səfərindən sonra “Abaddon” detektiv psixoloji romanı ərsəyə gəldi. Səyahətlər yaradıcılığımda material olaraq bir bazaya çevrilir.
Çimnaz Məmmədova
