Bu gün:

Niyə yarpaqlar payızda rəngini dəyişir?


Payız fəslinin ən səciyyəvi xüsusiyyətlərindən biri təbiətdəki rəng çaşqınlığıdır. Ağacların yarpaqları yaşıldan parlaq sarıya, narıncıya, qırmızıya və qəhvəyiyə dəyişir.

Ağaclar da bəzi heyvanlar kimi yaz və yay aylarında enerji və qida toplayır, qış aylarında isə istirahət dövrünə keçir. Yaz və yay aylarında bitkilər və ağaclar fotosintez yolu ilə günəş işığını enerjiyə çevirir. 

Bütün bitkilərdə onlara rəng verən müxtəlif piqmentlər var. Yarpaqlara yaşıl rəng verən xlorofil piqmenti fotosintezi təmin edən kimyəvi komponentdir. Ancaq payız və qışda fotosintezin baş verməsi üçün kifayət qədər işıq və su olmadığı üçün yarpaqlarda xlorofil səviyyəsi azalır və digər rəng piqmentləri görünməyə başlayır. Bunlar: Yarpaqlara sarı rəng verən ksantofil, narıncı rəng verən karoten, qırmızı rəng verən antosiyanindir. Bütün bu rəng piqmentləri bütün yarpaqlarda daim mövcud olsa da, yaşıl rəng verən xlorofil dominant olduğu və digər piqmentlər maskalandığı üçün yarpaqlar yaşıl olur. 

Havalar soyuduqca yarpaqlarda xlorofillər azalmağa başlayır, karotinlərin parlaq narıncı və sarı rəngləri, sonra yarpaqlarda fosfat miqdarı azaldıqca antosiyaninlərin qırmızı və bənövşəyi rəngləri yarpaqlarda üstünlük təşkil edir. Payız rəngləri, əsasən, sarı və qırmızıdan ibarətdir. Daha gec payızda bəzi sarı yarpaqlar qəhvəyi olur. Bu rəng dəyişikliyindən sonra ağaclardakı bütün yarpaqlar ən qısa müddətdə tökülür.

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et