Stress nədir?
Stress bədənimizin müxtəlif daxili və xarici stimullara avtomatik reaksiyasıdır. Başqa sözlə, stress özümüzə qarşı hiss etdiyimiz təzyiq və gərginlikdir. Bu da uyğunlaşma və ya reaksiya tələb edən hər hansı bir vəziyyətdə bədənimizin təbii reaksiyasıdır. Təhlükəli olaraq görülən bu vəziyyət gerçək bir hadisə və ya beyninizin təhlükəli olaraq qəbul etdiyi bir vəziyyət ola bilər. Stress reaksiyası özünüzü qorumaq üçün baş verir, lakin onun intensivliyi çox artdıqda, həyat keyfiyyətinizi poza bilər.
Stress həmişə zərərlidirmi?
Stress həmişə zərərli deyil, təbii ki, stresslə necə mübarizə aparacağınızı bildiyiniz müddətcə. Hətta yüngül stress də sizə enerji verən, hərəkətə keçməyinizə kömək edən və özünüzü təkmilləşdirən amil ola bilər. Müsbət stress xoş vəziyyətlərin çağırışlarından irəli gəlir. Müsbət stress nümunələri kimi: yeni işə başlamaq, tələbə kimi imtahanlara hazırlaşmaq və s. belə vəziyyətlərin yaratdığı müsbət stresslə mübarizə özümüzə inamımızı artırır, sizi yetkinləşdirir. Əldə etdiyiniz bu qazanclar stressin həyatınıza verdiyi müsbət töhfələrdir.
Mənfi stress istəmədiyiniz, lakin uyğunlaşmalı olduğunuz vəziyyətlərdə baş verən stressdir. Stress səviyyəniz yüksək olduqda həyatdan həzz almağınız azala bilər və ətrafınızdakı insanlarla münasibətlərinizdə problemlər yarana bilər. Stress və narahatlığın öhdəsindən gəlmək üçün səmərəsiz və daimi mübarizə sonda tükənməyə gətirib çıxarır.
Stressin əlamətləri hansılardır?
Stresslə mübarizə mövzusunda təlim alan insanlar simptomları daha asan tanıya bilərlər. Semptomlar nə qədər tez aşkar edilərsə, stresslə mübarizə fəaliyyətləri bir o qədər uğurlu olar.
1. Psixi simptomlar
· Neqativlərə diqqət yetirmək
· Ətraf mühitə marağın azalması
· Sosial həyatın zəifləməsi
· Qərar qəbul etməkdə çətinlik
· Qarışıqlıq
· Diqqətin azalması
· Unutqanlıq
· Gələcəklə bağlı mənfi fikirlər
2. Fiziki simptomlar
· Nəfəs darlığı
· Əllərdə titrəmə
· Yuxu pozğunluğu
· Baş ağrısı
· Ürək döyüntüsü
· Mədə ağrısı
· Yorğunluq hissi
· Həddindən artıq tərləmə (əllərdə və ya bütün bədəndə)
3. Emosional simptomlar
· Narahatlıq və gərginlik
· Artan narahatlıq
· Durğunluq və laqeydlik
· Ani qəzəb partlayışları
· Özünü yetərsiz və dəyərsiz hiss etmək
· Güvən hissinin azalması
· Qıcıqlanmanın artması
Stressdən azad olmaq üçün nə etmək lazımdır?
Stresslə mübarizə sizi narahat edən vəziyyətdən xilas olmaq və ya aradan qaldırmaq üçün mübarizədir. İnsanların çoxunun istifadə etdiyi stresslə mübarizə üsulları özlərinə daha çox zərər verən üsullardır. İstənilən hadisə ilə bağlı düşüncələriniz və o hadisəni necə şərh etməyiniz emosiyalarınızı və davranışlarınızı müəyyən edir. Adətən, fərdlər stresə düşəndə çarə tapmaqdansa, içində olduqları vəziyyətin pis olduğunu və nə etsələr də, dəyişməyəcəyini düşünürlər. Onlar hər şeyi ağıllarında olduğundan daha böyük edir. Bu onların çarəsiz hiss etməsinə səbəb olur. İnsanlar çarəsiz bir şəkildə həll yollarını axtarır: "İnsan stresdən necə qurtula bilər?"
Düzgün terapevt tapmasalar və peşəkar dəstək almazlarsa, yanlış yollara cəhd edə bilərlər. Siqaret çəkməyə başlama, spirtli içkilərdən istifadə, narkotik istifadəsi, reseptsiz rahatlaşdırıcı dərmanlar, həddindən artıq yemək kimi davranışları misal göstərmək olar. Ancaq bunların arzu olunanın əksinə olaraq stressi artıran nəticələri var. Bundan əlavə, başqaları haqqında ümumiləşdirmələr aparılır. Başqalarının sizin haqqınızda nə düşündüyü ilə daha çox maraqlanırsınız. Başqalarının davranışının xoşbəxtliyinizə təsir etdiyini düşünürsünüz. Ancaq enerjinizi başqalarını dəyişdirməyə sərf etmək əvəzinə, öz düşüncələrinizi dəyişdirməyə sərf etsəniz, çox faydalı bir iş görmüş olarsınız.
Mənbə: Erdem Psikiyatri
Tərcümə etdi: Aminə Paşazadə
