Bu gün:

Göbələk xəstəliyi


Göbələk xəstəliyi 

Göbələk xəstəliyi — yüksək antibiotik qəbul etdikdən sonra baş verir. Yoluxucu xəstəlik olan göbələk xəstəliyi dəridə qızartı, qaşınma, iltihab və şişliklərə səbəb olan tək hüceyrəli göbələkdir.

Müxtəlif növ göbələklər bu simptomların bədənin müxtəlif yerlərində görünməsinə səbəb ola bilər. İnfeksiya dəridə əl, ayaq, üz, bədən və baş dərisi kimi bölgələrdə çoxalan göbələk növlərinə görə baş verir. Əvvəlcə aydın sərhədləri varmış kimi görünən göbələk bədənin müxtəlif hissələrinə təsir etdikdə zamanla yayıla bilər və bu zaman infeksiya çox daha ağır simptomlarla irəliləyir.

Yaranma səbəbi:

Göbələk növləri dəri səthindəki hüceyrələrə təsir edərək dəridə deformasiyalara səbəb olur. Bu zaman göbələklər müəyyən nahiyələrə yoluxur və müxtəlif əlamətlər yaradır. Rütubətin olması göbələk xəstəliyinin yaranmasına səbəb olan ən vacib amildir. Çox isti və rütubətli hava şəraiti, bədən təmizliyinə fikir verməmək, həddindən artıq tərləmə və qurunmamaq, dar və sintetik paltar geyinmək göbələk xəstəliyinin yaranması üçün zəmin yaradır. Bərbərlərin və gözəllik salonlarının, hovuzların yay aylarında mütəmadi olaraq dezinfeksiya edilməməsi göbələk infeksiyasının asanlıqla yayılmasına səbəb olur.

Əlamətləri:

Göbələk infeksiyası bədənin demək olar ki, hər hansı bir hissəsində yarana bildiyindən dolayı ən çox müşahidə olunan əlaməti qaşınmadır. Göbələyin əmələ gəldiyi nahiyədə qaşınma hissi yaranır. Dərinin səthinə təsir etdiyi hallarda göbələk xəstəliyi müxtəlif əlamətlərlə özünü büruzə verir. Saç göbələyində baş dərisində soyulma, qırmızı səpgilər və qabarın yaranmasına, saç tökülməsinə və keçəlliyə səbəb ola bilir. Dırnaq göbələklərində dırnaq altında ağ və sarı rəng dəyişikliyi, dırnaq qalınlaşması müşayiət olunur. Göbələk xəstəliyinin ən çox yarandığı ayaq barmaqları arasında isə qızartı, qaşınma və ayaqda pis qoxu əlamətləri də daxildir.

Müalicəsi:

Demək olar ki, bütün müalicə növlərində ağızdan qəbul edilən dərmanlar, losyon və ya kremlər istifadə olunur. Bəzi mütərəqqi hallarda, bu müalicə üsulları birlikdə istifadə olunur. Müxtəlif formada olan göbələk əleyhinə preparatlar üstünlük verilən müalicə üsullarından biridir. Bu dərmanların dozası göbələyin növü və çoxalma sahəsinə, simptomların şiddətinə və xəstələrin xəstəlik tarixçəsinə uyğun olaraq tənzimlənir. Dərman və kremlərin istifadəsi müalicənin vacib addımlarından biridir. Göbələk mikroorqanizmləri sürətlə çoxalır və bədənin müxtəlif hissələrinə yayıla bilir. Antibiotik qəbulu zamanı nistatin və ya flukonazoldan istifadə etmək lazımdır ki, göbələk yaratmasın. Müntəzəm olaraq, istifadə edilən dərmanlar göbələyin böyüməsini ləngidir və müalicədə müvəffəqiyyət nisbətini artırır. Müalicə müddəti isə göbələyin növünə və yerləşdiyi yerinə görə dəyişir.

Mənbə: Britannica.com 

Tərcümə etdi: Aytac Musayeva

Paylaş
Şərh əlavə et