Bu gün:

Gün ərzində özümüzü daha gümrah hiss etmək üçün nə edə bilərik?


Alimlər bir gün əvvəl nə qədər yatdığınızın, bir gün əvvəl etdiyiniz fiziki fəaliyyətin səviyyəsinin və səhər oyandıqdan sonra yediyiniz səhər yeməyinin qidalılığının həmin gün gümrahlığınıza təsir etdiyini müəyyən edib. 

Yuxudan oyandıqdan nə qədər sonra özünüzü tam oyaq hiss etməyə başlayırsınız? Bəs bəzi günlərdə gümrah oyanmağınızın, bəzi günlərdə özünüzü yorğun hiss etmənizin və tam oyanmamağınızın səbəbi nə ola bilər? 

Nature Communication jurnalında dərc olunan araşdırmada elm adamları bu sualların cavabını müəyyən etməyə çalışıblar.

Səhər oyandıqdan sonra fiziki və koqnitiv olaraq ayıq olmaq bir çox cəhətdən vacibdir. Məsələn, yol qəzaları, işdə və məktəbdə məhsuldarlıq və xüsusilə, riskli işlərdə çalışan insanlar üçün iş qəzaları diqqət çatışmazlığı ilə sıx bağlıdır. Nəticələri Nature Communication jurnalında dərc edilən araşdırmada elm adamları oyandıqdan sonra rifahımıza təsir edə biləcək faktorları araşdırıblar: “Həmin gecə nə qədər yatdığımızı”, “Əvvəlki gün etdiyimiz fiziki fəaliyyətin səviyyəsini" və "Səhər oyandıqdan sonra nə yediklərimizi".

Əvvəlki gecə normaldan daha uzun yatan insanların ertəsi gün özünü əhəmiyyətli dərəcədə daha ayıq hiss etdikləri müəyyən edilmişdir. Bundan əlavə, bir gün əvvəl fiziki cəhətdən daha aktiv olduqda ertəsi gün özünüzü daha gümrah hiss edəcəksiniz.

Tədqiqatın nəticələri göstərir ki, oyandıqdan sonra bizə təsir edən üçüncü amil səhər yeməyinin qidalı olmasıdır. İştirakçıların sayıqlıq səviyyəsi eyni kalorili, yüksək karbohidratlı və yüksək proteinli standart səhər yeməyindən sonra ölçülüb. Nəticədə karbohidratla zəngin səhər yeməyi yeyən insanların sayıqlıq səviyyələrinin standart səhər yeməyi yeyənlərə nisbətən daha yüksək olduğu müəyyən edilib.

Karbohidratlarla zəngin olan, lakin qan şəkərinin səviyyəsini yüksəltməyən səhər yeməyi yemək günə daha yaxşı başlamanıza kömək edə bilər.

Beləliklə, həyat tərzinizdə sadə dəyişikliklər edərək gününüzü daha səmərəli keçirmək sizin əlinizdədir.

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et