
Antibiotik müalicəsi prosesi xəstəliyə görə dəyişdiyi üçün alimlər antibiotiklərin həkimin təyin etdiyi müddətdə istifadə edilməsinin vacibliyini vurğulayırlar.
Antibiotik nədir?
Antibiotik bakteriyaların yaratdığı xəstəliklərin müalicəsində istifadə olunan bir dərmandır.
Antibiotik istifadəsi antibiotik müqavimətini artırırmı?
Mütəxəssislərin fikrincə, antibiotiklərin yanlış və həddindən artıq istifadəsi antibiotiklərə qarşı müqavimətə səbəb ola bilər. Bu müqavimət antibiotiklərin effektivliyini azaltmaq üçün potensial zərərli bakteriyalara səbəb ola bilər.
Antibiotiklərə qarşı müqavimət bütün dünyada artan ictimai sağlamlıq probleminə çevrilmişdir. Bir şəxs antibiotikə davamlı bakteriyaya yoluxduqda həmin xəstənin müalicəsi çətinləşir və antibiotikə davamlı bakteriyalar insanlar arasında daha asan yayıla bilir.
Antibiotiklər təsir etmədikdə xəstəliklər daha uzun sürə, müxtəlif xəstəliklər yarana və müalicə üçün daha güclü, daha bahalı dərmanlardan istifadə etmək lazım gələ bilər.
Təyin olunmuş antibiotik tamamən bitirilməlidirmi?
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, antibiotik müalicəsi erkən dayandırılarsa, antibiotikin xəstəliyə səbəb olan bütün bakteriyaları öldürməməsi riski var. Bu vəziyyətdə sağ qalan bakteriyalar mutasiyaya uğraya və müalicəyə davamlı ola bilər. Odur ki, ÜST xəstələrə təyin olunmuş dərmanı vaxtından əvvəl dayandırmadan həkimin tövsiyə etdiyi müddətdə istifadə etməyi məsləhət görür.
Digər tərəfdən, 2017-ci ildə İngilis tibb mütəxəssislərinin apardığı araşdırmaya görə, antibiotik istifadəsinin vaxtından əvvəl dayandırılması deyil, lazımsız antibiotik istifadəsi antibiotiklərə qarşı müqaviməti artırır. 2017-ci ildə aparılan başqa bir araşdırma göstərir ki, qısa müddətli antibiotik istifadəsindən fərqli olaraq, antibiotiklərin uzun müddətli istifadəsi antibiotiklərə davamlı bakteriyaların əmələ gəlməsini artıra bilər. 2019-cu ildə aparılan başqa bir araşdırmanın nəticələri də eyni şəkildə uzunmüddətli antibiotik istifadəsinin antibiotik müqavimətini artırdığını göstərir.
Tədqiqatlar antibiotiklərin həkimin tövsiyə etdiyi müddətdə və ya bu müddətdən daha qısa müddət ərzində istifadəsinin təsirləri ilə bağlı fərqli nəticələr göstərsə də, elm adamları antibiotik istifadəsinin ən uyğun müddətini öyrənməyə davam edirlər. Antibiotik müalicəsi prosesi xəstəliyə görə dəyişdiyi üçün alimlər antibiotiklərin həkimin təyin etdiyi müddətdə istifadə edilməsinim önəmini də vurğulayırlar.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
