
Hazırda dünyada beş milyarda yaxın insan sosial mediadan istifadə edir və bu rəqəm artmaqda davam edir. Sosial media platformalarının əsas məqsədlərindən biri insanların diqqətini cəlb etmək və pul qazanmaqdır. Fərdlərin və qrupların diqqəti cəlb edə bilməsi və bu platformalarda əlaqə yaratması üçün bir vasitə əxlaqi və emosional cəhətdən təhrikedici paylaşımlar etməkdir.
Medianın mənəvi dəyərlərə təsirinin araşdırılması, xüsusilə, sosial medianın rolundan qaça bilməz. Hər yaşda olan insanlar Meta, Instagram, Twitter, TikTok və digər mediadan daim istifadə edirlər. Bir çox valideynlər uşaqlarının dəyərlərinə və əxlaqi inkişafına təsirindən narahatdırlar. Onlar bu medianın əxlaq və sağlam dəyərlərin inkişafına mane olduğunu düşünürlər.
Mövzu ilə bağlı bir sıra sorğular valideynlərin mənfi xarakter xüsusiyyətlərinin və dəyərlərin sosial mediada üstünlük təşkil etdiyinə inandığını ortaya qoyur. Son sorğuya əsasən, respondentlərin dörddə biri özünü idarə etmə, bağışlama, ədalətlilik, dürüstlük və təvazökarlıq kimi dəyərlərin sosial mediada çatışmadığını qeyd edib.
Sorğuda iştirak edən valideynlərin, demək olar ki, üçdə ikisi düşmənçilik, qəzəb, nifrət, məlumatsızlıq və təkəbbür kimi mənfi xarakter xüsusiyyətlərinin tez-tez nümayiş etdirildiyini bildirib.
Tədqiqatçılar müəyyən ediblər ki, valideynlərin sosial mediaya münasibəti, əsasən, mənfidir. Respondentlərin 50%-dən çoxu sosial medianın gənclərin dəyərini və ya xarakterinin inkişafına mane olduğuna inanır. Yalnız 15% sosial medianı dəstəkləyir və ya təkmilləşdirilə bilinəcəyini söyləyir.
Mənbə: values.institute
Tərcümə etdi: Bənövşə Bağırova
