
Bu gün demək olar ki, hər kəs saqqız çeynəyir. Təkcə ABŞ-da saqqız satışı 4 milyard dolları ötüb. İnsanlar müxtəlif səbəblərdən saqqız çeynəyirlər. Bəs, görəsən, saqqızın bizə faydaları varmı?
Son araşdırmalar saqqız çeynəməyin idrakı yaxşılaşdıra biləcəyini göstərir. İnsanlar müxtəlif səbəblərdən saqqız çeynəyirlər.Məsələn, saqqızın tüpürcək istehsalını stimullaşdırdığı və nəfəsi təravətləndirdiyi, dişləri təmizlədiyi, həzmə kömək etdiyi, gərginliyi aradan qaldırdığı və əhval-ruhiyyəni yaxşılaşdırdığı güman edilir. Applied Cognitive Psychology jurnalının mart/aprel 2019-cu il sayında dərc olunmuş məqalədə Ginns və həmkarları saqqız çeynəməyin diqqəti artırdığını yaddaşı gücləndirdiyini iddia edirlər.
Nəzəri məlumatlar saqqız çeynəməyin fizioloji həyəcanı artırdığını göstərir. Optimal fizioloji həyəcan daha sonra diqqətin, öyrənmənin, yaddaşın və performansın yaxşılaşması ilə nəticələnir. Alternativ olaraq, saqqız “stress hormonları”-nı (məsələn, kortizol) azalda bilər, nəticədə stress azalır və beləliklə, zehni funksiyalar və performans yaxşılaşır.
Bütün bunlara baxmayaraq, yadda saxlamalıyıq ki, saqqızın bu cür faydaları ilə yanaşı çənə ağrısı və ya diş boşluqları yaratmaq kimi mənfi tərəfləri də var. Bundan əlavə, sayıqlığı artırmaq, stressi azaltmaq üçün alternativ üsullar da mövcuddur.
Mənbə: psychologytoday.com
Tərcümə etdi: Bənövşə Bağırova
