Bu gün:

“Cüdo bir tərbiyə, bir fəlsəfədir…”


Sağlam həyat sağlam idmanın nəticəsidir. İdman insana fiziki gücdən ziyadə dözümlülük, möhkəm iradə kimi müsbət xüsusiyyətləri aşılayır. Yarandığı vaxtdan etibarən özünə geniş kütləni cəlb edən idman növlərindən biri olan cüdo ölkəmizdə yetərincə populyardır. Bu idman növünün gizli və maraqlı tərəflərini öyrənmək üçün Qəbələ İdman klubunun məşqçisi, 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Uşaq Gənclər İdman Məktəbinin müəllimi Mirzə Əsgərovla söhbət etdik. Gənc məşqçi bu sahə ilə bağlı öz təcrübəsini bizimlə bölüşdü və suallarımızı ətraflı cavablandırdı:

Cüdonu 3 sözlə necə ifadə edərsiniz?

Cüdo sözünün mənası yapon dilində dzü-yumuşaq, do-yol yəni "asan yol" deməkdir. 1882-ci ildə Cigoro Kano tərəfindən yaradılıb və sonradan avropa ölkələrinə yayılıb. Cüdo ciu-citsu idmanından götürülüb. Ciu-citsuda zədəverici zərbələr çox idi, ancaq cüdoda bütün bunlar yığışdırıldı. Çünki cüdo fiziki gücdən ziyadə texniki fəndlərin çox olmasına görə daha çox texniki gücə əsaslanır. 3 sözlə ifadə etməyə gəldikdə isə bu mümkün deyil. Çünki o, idmandan ziyadə bir tərbiyə, bir fəlsəfədir.

Cüdonu idmanın digər növlərindən fərqləndirən cəhət nədir?

Cüdo daha mədəni bir idman növüdür. Burda idmançıya, məşqçiyə və tatamiyə hörmət daha üstündür. Məsələn, Yaponiyada Kodokan Cüdo insitutu var. Orada dünya olimpiya çempionları belə oyuna başlamazdan əvvəl hörmət əlaməti olaraq tatamini silir və sonra oyuna başlayırlar. Yaponiyada əsasən ağ kimonodan istifadə olunur. Bu da təmizlik nümunəsidir. Göy kimonodan istifadə olunmağının səbəbi isə iki idmançını yarış zamanı fərqləndirə bilməkdir. Ancaq bu gün də sırf Yaponiyada yarışlar zamanı ağ kimonodan istifadə edirlər. Cüdonun idmançılardan əsas tələbi nizam-intizam, böyük-kiçiyə və hətta rəqibə hörmətdir. Bir idmançı öz rəqibini məğlub etməyinə baxmayaraq ona qarşı hörmətsizlik edirsə həmin oyunçu "hansoku-make" cəzası verilərək yarışdan kənarlaşdırılır və məğlub idmançı qalib hesab olunur. Başqa heç bir yarışda belə bir hal yoxdur.

Millimizin baş məşqçisi Nikola Yurkeviçin köməkçisi Mario Tokiç Azərbaycanda bir nömrəli idman növü kimi cüdonu nümunə göstərib. Bununla bağlı münasibətinizi öyrənmək maraqlı olardı. Sizcə, Azərbaycanda cüdo hansı səviyyədədir?

Azərbaycanda nəinki cüdo, hətta bütün güləş növləri inkişaf edir. Çünki bizim tariximizdə "Zorxana" idmanı olub. Elə məhz buna görə, sərbəst güləş, yunan-roma güləşi və yaxud cüdo kimi digər güləş növləri Azərbaycanda yetərincə tanınır. Cüdo 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında Elnur Məmmədlinin uğurlu çıxışından sonra daha da məşhurlaşdı və demək olar ki, cüdoda inkişaf yarandı, hətta cüdo zallarına axın başladı. Hal-hazırda cüdo Azərbaycanda 1 nömrəli idman növüdür.

Cüdoda kumiriniz kim olub?

Uşaqlıqda bu sahəyə yeni başlayan hər bir cüdoçu kimi mən də məşhur idmançıların performansını həvəslə izləyirdim. Onların arasında yaponiyalı 3 qat dünya çempionu Tadahiro Namuranın pərəstişkarı idim. Mənim üçün sanki canlı bir əfsanə idi. Onlar bizi bu sahəyə daha çox motivasiya edirdi.

Bir məşqçi kimi tələbələrinizdən əsas tələbiniz nə olur?

 Əsas tələbim elə cüdonun əsas tələblərinə cavab verməkdir, yəni nizam-intizam, qarşılıqlı hörmət. Çünki məşq yoldaşlarına hörmət etməsələr sonra rəqibinə, yarışlardakı hakimə belə hörmət etməyəcəklər. Olunan adi bir hörmətsizliyə görə nəinki idmançı, hətta komandanın belə yarışdan kənarlaşdırılması qaçınılmazdır. Digər tələblərimdən biri də məşqlərdəki davamiyyətdir. Bu sahədə uğur qazanmaq üçün istər məşqlərdə davamiyyət, istərsə də əzmkarlıq mühüm amildir.

Onları necə motivasiya edirsiniz?

Əslində mən müsbət enerjimi tələbələrimə ötürmək üçün əvvəlcə özümü motivasiya edirəm. Məsələn, bir idmançı yarış döşəyinə çıxanda onun rəqibi də yarışa hazırlaşmış vəziyyətdə olur. Bu zaman gərək məşqçi tələbəsinə inansın və bunu ona hiss etdirsin, tələbəsini motivasiya etsin, yarışda məğlub olduğu halda belə onu məyus etməsin.

Paylaş
Şərh əlavə et