Bu gün:

Ürəyin duyğularla əlaqəsi varmı?



Ürək minlərlə ildir insanlar tərəfindən duyğularla, xüsusən də sevgi ilə əlaqələndirilir. Halbuki indi əldə etdiyimiz məlumatlar emosiyaların beyində yarandığını göstərir. Bəs duyğuların yaranmasında ürəyin hər hansı rolu varmı?


Ürək, bəlkə də bədənimizdəki ən vacib orqandır. Ürək: Qanın bütün qan dövranı sistemi boyunca hüceyrələrə, toxumalara və orqanlara daşınmasına imkan verir. Beləliklə, bədənin tənəffüs yolu ilə enerji istehsal etməsi üçün ehtiyac duyduğu oksigen və qida maddələri bədənin hər nöqtəsinə çata bilər. Buna görə də, ürək dayandığı zaman orqanlar öz funksiyalarını yerinə yetirmək üçün lazım olan enerjini istehsal edə bilmirlər.


Duyğular əvvəlki təcrübələrimizə əsaslanaraq ətrafımızdakı situasiyaları və stimulları qabaqcadan görməyə və qiymətləndirməyə imkan verən duyğu təcrübələridir. Duyğularımız düşüncələrimizi və hərəkətlərimizi istiqamətləndirir. Emosional vəziyyətlər də bədənimizdə fizioloji dəyişikliklərə səbəb olur. Məsələn, qorxu hiss etdikdə bizdə adrenalin, kortizol kimi stress hormonları ifraz olunur, ürək döyüntüləri artır və nəfəs alma tezləşir. Beləliklə, bədənimiz döyüş və ya qaç reaksiyası ilə cavab verməyə hazır olur. Beynin müxtəlif bölgələrinin (məsələn, amigdala, prefrontal korteks, singulat korteks, hipokampus və bazal qanqliya) duyğuların meydana gəlməsində rol oynadığı düşünülür.


Məlumdur ki, qorxu və narahatlıq hissləri ürək döyüntüsünü artırır. "Nature" jurnalında dərc edilən son araşdırmada ürək döyüntüsünün artmasının narahatlıq kimi davranışlara səbəb olduğu anlaşılıb. Tədqiqatda siçanların ürək döyüntüsü xarici bir stimulla artırılıb və siçanların narahatlıq kimi davranışlar göstərdiyi müəyyən edilib. Tədqiqatçılar bu nəticələrin ürəyin emosional vəziyyətlərdə rolu olduğunu ifadə edə biləcəyini və bu məlumatların panik pozğunluğu kimi psixoloji problemlərin müalicəsində istifadə oluna biləcəyini düşünürlər.


Mənbə: Bilim Genç Tübitak 


Tərcümə etdi: Aydan Qasımova



Paylaş
Şərh əlavə et