Bu gün:

D vitamini çatışmazlığının 5 əlaməti


Bir çox insanlarda görülə bilən dəri problemləri ciddi qəbul edilməsə də, əslində, sağlamlığınız haqqında ipucu verə bilər. Xüsusilə, qışda dəri problemləri D vitamini çatışmazlığının göstəricisi ola bilər.

 Günəş şüalarının ən az olduğu bu aylarda ümumiyyətlə tünd dərili və ya 50 yaşdan yuxarı insanların digər insanlar qədər D vitamini istehsal etmədikləri üçün tərkibində D vitamini olan qida əlavələri qəbul etmələri tövsiyə olunur. Ancaq bu iki qrupdan olmasanız belə, çatışmazlığın olma ehtimalı yüksəkdir.

 Bu beş dəri problemi D vitamini çatışmazlığını göstərir.

Sızanaqlar

Dərinizin qışda daha pis göründüyü doğrudur, çünki sızanaqlar da D vitamini çatışmazlığının əlamətlərindən biridir. D vitamini dəridə iltihabı azalda bilər. Buna görə də, bu vitaminin əskikliyi sızanaq və ya rosacea səbəbiylə həddən artıq qırmızı dəriniz olduğunu ifadə edə bilər.

Solğun dəri

Dəriniz solğun və ya bozumtul görünür? Bu da D vitamini çatışmazlığının bir əlamətidir. D vitamini günəş işığına cavab olaraq dəri tərəfindən istehsal olunur. Əgər kifayət qədər D vitamini istehsal etmirsinizsə, dəriniz özünü düzgün şəkildə bərpa edə bilmir ki, bu da onun solğun görünməsinə səbəb olur. Yəqin ki, bu vəziyyətdə gözlərinizin altında qara dairələr də var.

İncə xətlər

D vitamini antioksidant rolunu oynayır. Bu o deməkdir ki, qırışlara və incə xətlərə səbəb olan faktorlarla mübarizə aparır. Buna görə də, D vitamini çatışmazlığınız varsa, incə xəttlər daha sürətli inkişaf edəcək. Amma bu, təbii ki, D vitamininin mənbəyi olan günəş işığı ilə bir qədər ziddiyyət təşkil edir. Günəşdən gələn ultrabənövşəyi şüalar da dərinizin daha tez qırışmasına səbəb olur. Buna görə də, günəşdən qoruyucu çəkmədən heç vaxt günəşə çıxmamalısınız.

Quru dəri

Qış aylarında bir çox insanın dərisi quruyur. Bu, qismən istiləşmənin səbəb olduğu soyuq, quru hava ilə əlaqədardır. Lakin, həm də D vitamini çatışmazlığının nəticəsi ola bilər. Quru dəri D vitamini çatışmazlığının açıq əlamətidir və günəş işığı, tərkibində D vitamini olan qida əlavələri və kremlərlə asanlıqla aradan qaldırıla bilər.

Tər

İnsanları çox narahat edən həddindən artıq tərləmə D vitamini çatışmazlığının əlaməti ola bilər. Qışda üst dodağınızda və ya kürəyinizdə tərlə gəzirsiniz? Tərkibində D vitamini olan qida əlavələri qəbul edin və ya günortadan sonra günəş işığında bir az daha gəzin və bunun kömək edib-etmədiyini görün.

Mənbə: HaberTürk

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et