Bu gün:

Azərbaycanda yenidənqurma işləri aparılmış tarixi abidələr


Bibiheybət məscidi 


Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra dağıdılmış məscidlər bərpa edilməyə başladı. 1994-cü ildə Heydər Əliyev 1936-cı ildə qədim məscidin dağıdıldığı yerdə yeni məscidin tikilməsi barədə sərəncam imzaladı. Kompleksin plan və ölçüləri 1980-ci ildə partlayışdan az müddət əvvəl çəkilmiş şəkillər əsasında bərpa edilmişdi. Q.Sadiqin 1925-ci ildə yazılmış kiçik məqaləsi daxil olmaqla məşhur səyyahların qeydləri məscidin bərpa edilməsində önəmli rol oynadı. Q.Sadiqin məqaləsi 1920-ci illərin ortalarında məscidin vəziyyətini təsvir edirdi. 1998-ci ildə Bibiheybətdə yeni binanın bərpa edilməsi işi başlandı. Yeni məscidin təntənəli açılışı 1999-cu ilin may ayında olmuşdur. Bərpaçılar qorunub saxlanmış köhnə eskizlər üzərində işləmişdilər. Məscidin arxitekturasında Şəkidəki Şəki xan sarayı və Gəncədəki Şah Abbas məscidində də istifadə edilmiş Azərbaycan texnologiyası — şəbəkə istifadə edilmişdir. 14 iyul 2008-ci ildə rekonstruksiyadan sonra məscidin açılış mərasimi baş tutdu. Mərasimə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev başçılıq edirdi.

Nizami Gəncəvinin məqbərəsi 


UNESCO-nun təşəbbüsü ilə 1991-ci ildə Nizami Gəncəvinin anadan olmasının 850 illik yubileyi dünya miqyasında qeyd olunub. Ölkəmiz ağır müharibə və siyasi böhran şəraitində yaşamasına baxmayaraq, Ukraynadan gətirilmiş qırmızı qranit daşlar və yerli tikinti materiallarından istifadə edilməklə ölkə əhəmiyyətli memarlıq abidəsi olan səkkizguşəli əzəmətli məqbərə Milli Elmlər Akademiyasının müxbir üzvü Cəfər Qiyasinin rəhbərliyi altında hazırlanmış layihə əsasında əsaslı surətdə təmir edilərək 1992-ci ildə başa çatdırılıb. Lakin Nizaminin 850 illik yubileyi doxsanıncı illərə təsadüf etdiyindən təntənəli şəkildə keçirmək qismət olmur. Prezident İlham Əliyevin Nizami Gəncəvinin 870 illik yubileyinin qeyd olunması haqqında 23 dekabr 2011-ci il tarixli sərəncamına əsasən, şairin məqbərəsi yenidən qurulub və dünyanın 40 ölkəsinin 150-dən artıq şərqşünas və nizamişünas alimin, görkəmli dövlət və ictimai xadimlərinin iştirakı ilə Gəncə şəhərində möhtəşəm tədbir keçirilib.

Səadət sarayı


Sarayda restavrasiya işləri 2007–2012-ci illərdə aparılmışdır. 5 iyul 2012-ci ildə sarayın restavrasiyadan sonra açılışı baş tutmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edərək görülmüş işlərlə tanış olmuşdur. 

Nizami metrostansiyasının mozaikaları


2016-cı ildə Nizami metrostansiyası istismara verildiyi dövrdən bəri ilk dəfə bərpa-yenidənqurma işlərinə start verilmişdir. Yenidənqurma işləri çərçivəsində stansiyanın yeraltı salonunda yerləşən mozaik pannoların da Bakı Metropoliteni QSC-nin daxili vəsaiti hesabına restavrasiyasına başlanmışdır. Restavrasiyadan sonra, istismara verildiyi illərdə olduğu kimi, ilkin parlaqlığı bərpa olunmuş təsvirlər yenilənmiş mərmər haşiyələrin fonunda daha işıqlı görünür.

Seyid Mirbabayevin sarayı

Sovet hakimiyyəti illərində "Azneft"in sərəncamına verilmiş sarayda, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra (1991) Azərbaycan Dövlət Neft Şirkəti aparatı yerləşdirilmişdir. 1990 – cı illərdə binada bir dəfə yüngül bərpa işləri aparılmışdır. Abidə Azneft meydanı, Niyazi 1 küçəsində yerləşir. 

Bəylər məscidi

Məsciddə İçərişəhər Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə 2014-cü ilin aprel ayından 2015-ci ilin oktyabr ayına qədər təmir-bərpa işləri aparılıb. Təmir-bərpa zamanı məscidin pəncərələrindəki taxtadan olan altıgüşəli Davud ulduzu simvolu ləğv edilərək taxta şəbəkə ilə əvəz edilmişdir.

De Burun sarayı - Azərbaycan Dövlət Filarmoniyası ilə üzbəüz yerləşən saray binası Mircəfər Bağırovun 1951-ci ildə onu Azərbaycan Milli İncəsənət Muzeyinə verməsindən sonra bu günə kimi muzey kimi fəaliyyət göstərib. Hazırda sarayda muzeyin I korpusu yerləşir.

2014–2018-ci illərdə saray binasında İtaliya və Azərbaycan mütəxəssislərinin birgə səyləri ilə əsaslı təmir işləri həyata keçirilib. Bərpa-təmir işlərinə başlamazdan əvvəl muzey binasında xüsusi tədqiqat aparılıb. Binanın fiziki və texniki vəziyyəti öyrənilib. Ölkə əhəmiyyətli bu memarlıq abidəsinin tavan və divarlarında mövcud yapma rəsm bəzək və digər işlər ilkin vəziyyətə gətirilib. Memarlıq və bəzək elementləri təmizlənib, bərkitmə işləri yerinə yetirilib. Uzun illər ərzində cari təmir işləri aparmaqla tavan və divarlarda yeddi qat üst-üstə vurulan boya xüsusi texnologiya ilə təmizlənərək birinci rəng qatı müəyyən edilib. Əsas giriş qapıları və bir çox daxili qapılar təmizlənərək bərpa olunub. Binanın memarlığı və qədimliyi saxlanılmaqla həm texniki, həm də texnoloji baxımdan lazım olan innovativ və yeni funksionallığı təmin edilib. Yenidənqurma və əsaslı təmir işləri ilə yanaşı, binada ekspozisiya zalları genişləndirilib, binanın seysmik davamlılığı artırılıb.

Gəncə imamzadəsi və ya Göy imam — Gəncə şəhəri yaxınlığında yerləşir.

2010–2016-cı illərdə İmamzadə kompleksində əsaslı yenidənqurma və restavrasiya işləri aparılmış, kompleksə gedən Gəncə-Zazalı yolu yenidən qurulmuşdur. Ümumilikdə İmamzadə türbəsinin bərpasına 31 milyon manat, yolun təmirinə isə 17 milyon manat xərclənmişdir.

Təzəpir məscidi


Restavrasiya olunub (2006—2009)

Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə məsciddə aparılan əsaslı təmir-bərpa işlərindən sonra isə abidə daha da gözəlləşərək əsl memarlıq incisinə çevrilib. 

Hazırladı: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et