Mətbəxlərdə tez-tez taxta qaşıqlar istifadə olunur. Xüsusilə teflon, qranit və çuqun qabların cızılmasının qarşısını almaq üçün istifadə edilən taxta qaşıqlar düzgün təmizlənmədikdə bakteriyalar üçün çoxalma meydanına çevrilərək sağlamlığınızı təhlükə altına qoya bilər. Böyük istifadə rahatlığı təmin edən taxta qaşıqlar təmizlik və saxlama zamanı edilən səhvlər səbəbindən tez bir zamanda zibilliyə çevrilə bilir. Taxta qaşıqdan istifadə edərkən səhvlər və həll təklifləri bunlardır:
Qabyuyan maşında yuyulma

Bütün taxta məmulatlar, xüsusən də taxta qaşıqlar əl ilə yuyulmalıdır. Qabyuyan maşında yüksək temperatur taxta materialların qurumasına və çatlamasına və onların üzərində yuyucu vasitə qalıqlarının toplanmasına səbəb ola bilər. Eyni zamanda, taxta qaşıqda əmələ gələn çatlar bu nahiyədə bakteriyaların yığılmasına səbəb olur. Buna görə də taxta qaşıqlar və taxta materiallar üçün ilıq su və yuyucu mayedən istifadə etmək daha yaxşı olardı.
Qurutmadan əvvəl götürmək

Taxta qaşıqları yuduqdan sonra gözləmədən dolaba qoysanız, qaşıqların çatlamasını və bükülməsini sürətləndirmiş olursunuz. Bundan əlavə, nəm vəziyyətdə qoyulan qaşıqlar mikroblara daha açıq olur. Ona görə də yuyulduqdan sonra əl dəsmalı ilə qurulayın və otaq temperaturunda 10 dəqiqə saxlayın. Sonra onu uyğun şəkildə saxlaya bilərsiniz.
İstifadə etdikdən sonra gözləmək

Təmizləmək üçün taxta qaşıqları ilıq su və yuyucu maye ilə yumaq kifayətdir. Ancaq qaşıqları istifadə etdikdən dərhal sonra bunu etməlisiniz. Çünki yemək qalıqları qaşıqda nə qədər çox qalsa, bir o qədər quruyur və onu çıxarmaq çətinləşir. Taxta qaşıqların ömrünü uzatmaq üçün hər istifadədən sonra dərhal təmizləyin.
Qoxulara məruz qoymaq
Taxta məhsullar yağ və sarımsaq kimi kəskin qoxuları özünə çəkir. Qaşıqların üzərinə yığılan qoxular digər qidalara, xüsusən də yeməklərə təsir edir. Belə ki, qoxunu azaltmaq üçün taxta qaşıqların səthini yarım limonla ovuşdurun. Limon xarici qoxuları neytrallaşdırır və uzunmüddətli istifadəni təmin edir.
Ləkələri təmizləməmək
İstifadədən asılı olaraq taxta qaşıqlarda ləkələr yarana bilər. Bu ləkələr yeməyin dadına mənfi təsir edir və qaşıqlarda mikrobların yığılmasına səbəb olur. Bunun qarşısını almaq üçün taxta qaşıqları sirkəli suda isladın. Sonra kobud və ləkələnmiş hissələri təmizləyin. Daha sonra isə qaşıqların çatlamaması üçün onların səthini yağlayın.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
