Bu gün:

Köhnə kitablar niyə xoş qoxu verir?



Texnologiyanın inkişafı ilə elektron kitablar getdikcə adi hala çevrilsə də, ikinci əl kitab satıcılarını gəzərkən kitaba toxunmaq və köhnə kitabların qoxusunu içinə çəkmək hələ də bir çox insan üçün əvəzolunmaz bir zövqdür. Yaxşı, bu qoxuya səbəb nədir?

Kitab səhifələrini təşkil edən kağızın quruluşu əsasən sellülozadan ibarətdir. Kağızda liqnin kimi az miqdarda digər kimyəvi maddələr də var. Köhnə kitabların qoxusu istilik və ya işığın təsiri altında zamanla bu kimyəvi maddələrin parçalanması nəticəsində yaranır.

Liqnin, selülozun köməyi ilə bitkiyə güc verən və bitkinin oduna bənzər bir quruluşa sahib olmasını təmin edən kimyəvi maddədir.

Kağızın strukturunda olan lignin işığın, istiliyin və ya havada oksigenin təsiri altında oksidləşir və turşulara parçalanır. Yaranan bu kimyəvi molekullar sellülozun parçalanmasına səbəb olur. Köhnə kitabların qoxusunun mənbəyi sellülozun parçalanması nəticəsində əmələ gələn və asanlıqla buxarlana bilən müxtəlif üzvi birləşmələrdir.

Hiss etdiyimiz qoxu əmələ gələn uçucu maddələrin növündən asılı olaraq fərqlənə bilər. Məsələn, benzaldehid acı badam kimi qoxu verir, etilbenzol və toluol isə şirin qoxuya malikdir. Kağızın növü və kitabın köhnəlmə müddəti də buraxılan kimyəvi maddələrin növünə və miqdarına, bununla da, hiss etdiyimiz qoxuya təsir göstərir. Məsələn, çox köhnə kitablarda istifadə edilən kağız bu gün çap olunan kitablarda istifadə olunan kağızdan daha çox liqnin ehtiva edir. Bundan əlavə, müxtəlif keyfiyyətli kağızlar istehsal edərkən istifadə olunan yapışdırıcıya, kağızın emalında istifadə olunan digər kimyəvi maddələrə və mürəkkəbin növünə görə qoxu zamanla dəyişə bilər.


Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova 


Paylaş
Şərh əlavə et