
Bu sual, yəqin ki, çoxlarını düşündürür: çəkisi tonlarla ölçülən gəmi suyun üzərində necə qalır? Fizika fənnnindən bu hadisənin Arximed qanununa əsasən baş verdiyini öyrənmişdik. Bəs, bu prosesə təsir edən başqa hansı amillər var?
Təbii ki, bunun elmi izahı Arximed qüvvəsi hesabına verilir. Qədim yunan alimi və mühəndisinin sübut olunmuş fərziyyəsinə görə, mayeyə batırılmış cisim onun çıxardığı mayenin çəkisinə bərabər qüvvə ilə geri itələnir. Amma gəmiləri bu qanunauyğunluğa tabe etmək üçün onları layihələndirərkən bəzi məqamlar nəzərə alınmalıdır.
Bildiyimiz kimi, gəmilər ən qədim tarixə malik nəqliyyat vasitələrindən biridir və ilk olaraq, onların inşasında gövdə materialı kimi ağacdan istifadə edilirdi. Müasir dövrdə isə gəmilər poladdan, ağacdan, yüngül xəlitələrdən, plastik kütlədən və s. kimi materiallardan istifadə etməklə tikilir. Gəmilərin gövdəsi sukeçirməz xarici örtük təbəqəsindən və göyərtə döşəməsindən ibarət olur və daxildən yığımla möhkəmləndirilir. Gəminin gövdəsində boş sahələr yaradılır, bu boşluqlarda hava yaranır və bunun hesabına onun sıxlığı suyun sıxlığından daha az sıxlığa malik olur. Gəmi məhz bunun hesabına suda batmır. Başqa sözlə, gəmi öz həcmi qədər su kütləsindən yüngül olduğu üçün suda batmır. Qısası, hər nə qədər tonlarla yük daşısa da, yenədə suyun üstündə qalmağı bacarır.
Təbiətdə olan ağırlıq qüvvəsi gəmini suyun dibinə doğru çəkir, lakin gəminin gövdəsindəki boşluqlar hesabına yaranan qüvvə əks istiqamətdə təsir edərək onun suda üzmə qüvvəsini yaradır. Buna gəminin üzmə qabiliyyəti deyilir. Gəmi suya enən kimi onun sualtı hissəsinin həcmi qədər suyu sıxışdırıb çıxarır və bu suyun çəkisi gəminin ümumi çəkisinə bərabər olur. Buna gəmi mühəndisləri çəki su basımı deyirlər.
Həmçinin gəminin üzmə qabiliyyətinə suyun duzluluq dərəcəsinin də təsiri var. Gəminin yüklənməsi dəyişmədən şor sudan şirin suya keçdikdə onun suya oturumu artır və ya şirin sudan şor suya keçdikdə azalır. Buna səbəb şirin suyun sıxlığının şor suyun sıxlığından az olmasıdır.
Mənbə: Milliyet
Tərcümə etdi: Aytac Musayeva
