Bu gün:

Elə işlər var ki, ölkədən xaricə çıxdığına görə xəcalət çəkirəm - Elçin Cəfərovla Müsahibə


24Media.az-ın budəfəki müsahibi azərbaycanlı teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun teatrşünaslıq kafedrasının dosenti, Azərbaycan Dövlət Yuğ Teatrının ədəbi hissə müdiri, 4.4 Qısa Tamaşalar Festivalının art direktoru Elçin Cəfərovdur. O, Azərbaycanda teatra olan maraq, teatrın inkişaf prosesi haqqında danışıb.

İlk olaraq, Elçin Cəfərov işə başlayarkən qarşısına qoyduğu və hazırda nail olduğu məqsədlər haqqında məlumat verib. Məqsədlərinin dəyişdiyini vurğulayan Elçin Cəfərov bildirir ki, universitetə daxil olan vaxtlarda teatr jurnalistikası onun üçün daha maraqlı idi, lakin sonra maraqlar dəyişib: "Sonra mənə uzaqdan çox maraqlı görünən teatr jurnalistikasının, əslində, teatrşünaslığın digər istiqamətləri ilə müqayisədə o qədər də maraqlı olmadığını gördüm" .

Müsahibimiz əlavə edir ki, ona teatrşünaslığın digər sahələri daha maraqlı olsa da, o, indi də aktiv şəkildə teatr jurnalistikası ilə məşğuldur: "Bizim “Teatro.az” adlı sənət portalımız var. Oranın təsisçi və şef-redaktoruyam. O saytı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovla birlikdə təsis etmişik".

Teatrşünas bu sahənin genişliyi və mövcud olan boşluqların çox olduğunu vurğulayıb: "Prosesin içində olduqca, görürük ki, çoxlu boşluqlar var. Bu sahənin üfüqləri daha genişdir. Bizim bir festivalımız var, əvvəl ölkədə belə bir festival yox idi, amma ehtiyac var idi. Yığıldıq, festivalın bütün heyəti, demək olar ki, teatrşünaslardan ibarət idi. Onlar dizayner, menecer, prodüser kimi işləyirdilər ki, festival ərsəyə gəlsin".

Elçin Cəfərov ərsəyə gətirdikləri “4.4 Qısa Tamaşalar” festivalının Azərbaycan teatrına təsiri haqqında danışıb. O, bu festivalın Azərbaycan teatr prosesi üçün təkan verici bir amil olduğunu bildirir: "Bu cür festivallar imkan verir ki, bir-birimizin işini görək. Xüsusən, ll “4.4 Qısa Tamaşalar” festivalında bizim 50 nəfərə yaxın xarici qonağımız var idi. Kote Marcanişvili adına Tbilisi Akademik Teatrının Lev Tolstoyun əsəri əsasında “Kreyser Sonatası” tamaşası nümayiş olunub. Bu, Azərbaycan teatr prosesində təkan verici bir amildir, davam edəcəkmi, etməyəcəkmi, bunu zaman göstərəcək".

Qeyd edək ki, birinci festival 2021-də, ikinci festival isə 2022-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının birgə təşkilatçılığı ilə keçirilib. Qaliblər peşəkar teatr xadimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən edilib. 

Teatrşünas festivalın yaranma prosesi haqqında danışır: "Pandemiya vaxtında belə bir festival keçirmək qərarına gəldik. Festivalın adının və konseptinin ideya müəllifi teatrşünas Emin Əliyevdir. Həm 44 günlük müharibədə qazanılan qələbənin ildönümü şərəfinə, həm 4 aprel döyüşlərinə işarə var idi. Qısa tamaşalar formatı isə ona görə lazım idi ki, əvvəl tamaşaların onlayn nümayişi nəzərdə tutulmuşdu".

Cəfərov Azərbaycan teatrının xaricdəki fəaliyyəti və xarici ölkələrin teatrları ilə əməkdaşlığı haqqında məlumat verib: "Londonda “Aloff” Azərbaycan teatrı fəaliyyət göstərir, oranın rəhbəri Sənan Əliyev mənim dostumdur. Əsasən, Azərbaycan dramaturgiyasını tamaşaya qoyur. Azərbaycan teatrı da zaman-zaman ölkədən xaricə çıxır. Uğurlu işlərimiz də var, uğursuz da. Elə işlər var ki, ölkədən xaricə çıxdığına görə şəxsən mən xəcalət çəkirəm. Teatrlar öz hazırladıqları tamaşalara daha obyektiv yanaşmalıdırlar”.

O, əlavə edib ki, bizdə festival düşüncəsi kifayət qədər formalaşmayıb: "Hər festivalın şərtləri, prioritetləri var. Biz getməzdən öncə araşdırmırıq ki, bu hansı festivaldır, halbuki araşdırılmalıdır. Azərbaycanda festival meneceri yoxdur, heç bir yerdə tədris olunmur, teatrlarda bunun üçün ştat da yoxdur".

Cəfərov uğurlu nümunə kimi Rusiyada, Moldovada keçirilən bir sıra festivallarda iştirak edən və çoxundan mükafatla qayıdan Mədəniyyət və İncəsənət Universitetinin kollektivini qeyd edib: "Tələbə festivallarıdır, bizdən də tələbələr oynayırlar. Xüsusən, “Gitis (Moskva Teatr Sənəti İnstitutu) - masterklass” festivalında iştirak etmişdi. Ən yaxşı aktyor nominasiyası üzrə Ziya Ağa qalib olmuşdu".

Elçin Cəfərov, Azərbaycanda teatra gedən tamaşaçı sayının statistikası haqqında danışıb: "Mən bu il o araşdırmanı aparmamışam, amma, səhv etmirəmsə, 2019-da Azərbaycanla Ermənistanı müqayisə etmişdim. Hər 1000 nəfərə düşən tamaşaçı sayı üzrə Ermənistan bizdən daha öndə idi".

Müsahibimiz pandemiyadan sonra insanların teatra axınının intensivləşdiyini qeyd edir: "Bir müşahidəmi də qeyd edim, pandemiyadan sonra insanların teatra axını daha da intensivləşib. Görünür, canlı ünsiyyətin dəyərini dərk etdik". O, bu vəziyyətin davamlı olması üçün teatrların diqqət etməli olduqları məqamları vurğulayıb: "Teatr bu gün tamaşaçını cəlb etmək üçün müxtəlif variantlardan istifadə etməlidir. Birinci növbədə kontentdir, amma tamaşaçının X teatrında Y adlı tamaşa olduğundan xəbəri yoxdursa, bu, böyük problemdir. Azərbaycan teatrının ən axsayan yeri PR və marketinq tərəfidir".

Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 10-11 aprel 2023-cü il tarixlərində “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda teatr forumu keçirilib. Tədbirdə çoxsayda teatr işçiləri iştirak edib, bu sahənin inkişafı məqsədilə öz təkliflərini irəli sürüblər. Elçin Cəfərov Azərbaycan teatrlarının PR və marketinq sahəsinin inkişafı üçün təkliflərindən danışıb. O, həmin forumdan sonra təkliflərin üzərində qurulan bir yazı yazıb: "Forumdan sonra təkliflərin üzərində qurulan bir yazı yazdım. Əvvəla, yanaşma dəyişməlidir. Başa düşmək lazımdır ki, bazar iqtisadiyyatında hər şeyi bazar özü tənzimləyir. Teatrı rentabelli sənət sahəsinə çevirə bilmək üçün biz tamaşaçının diqqətini, marağını, vaxtını oğurlamalıyıq. Məhsul da, təqdimat da maraqlı olmalıdır".

Eyni zamanda müsahibimiz teatr forumunda səslənən fikirlər, onların həyata keçirilməsi haqqında danışıb: "Həmin forumda səslənən fikirlərə əsasən islahatlar keçirsələr, batdıq. Orada konstruktiv təkliflər çox az idi. Əksəriyyəti şəxsi istəklərdən qaynaqlanırdı, kimin nə problemi varsa, onu qaldırırdı – bunlar Azərbaycan teatrının problemi deyil idi".

Cəfərov Azərbaycan teatrları arasında rəqabət haqqında danışıb. O, qeyd edir ki, Azərbaycan teatrları arasında rəqabət demək olar ki, yoxdur: "Daha çox teatr adamlarının arasında rəqabət var. Kukla teatrı və Akademik Milli Dram Teatrı arasında nə rəqabət olacaq, biri uşaqlar üçün, biri böyüklər üçündür. Onların gündüz tamaşaları qismən rəqabətdədir. Bakıda iki Akademik musiqili teatr var: Opera Balet Teatrı və Akademik Musiqili Teatr – onların arasında daha çox rəqabət mövcuddur. Əgər iki teatr eyni tamaşanı nümayiş etdirirsə, deməli, onlar rəqabətdədir".

Bəzi ekspertlərin fikrincə, müasir səhnə əsərlərinin səviyyəsi aşağıdır, buna görə də onlar tamaşaya qoyulmur. Teatrşünas bu mövzu barədə də öz fikirlərini bizimlə bölüşdü. O, ekspertlərin bu fikri ilə razılaşmır: "Azərbaycanın teatrının müasir səhnə əsərləri zaman-zaman səhnəyə yol tapır. Bir sıra əsərlər var ki, mən çox istəyərəm Azərbaycan səhnəsində olsun. Marius fon Mayenburqun “Eybəcər” əsəri, Martin Mak Donaxın əsərləri var. Gənc Tamaşaçılar teatrı bir dəfə Martin Mak Donaxa müraciət edib, amma bir dəfə müraciətlə olmur. Dmitri Boqoslavskinin “Blondi”, “İnsanların sevgisi”, “Basketbolun 13 qaydası” kimi çox maraqlı pyesləri var, çox istərdim ki, o əsərlər Azərbaycan teatrlarında tamaşaya qoyulsun. Sadəcə, bəzən dünyada məşhur olan bir sıra əsərlərin Azərbaycan səhnəsinə gətirilməsinə mane olan səbəblər olur. Bu səbəblərdən biri də qeyri-normativ leksikadan istifadə ilə bağlıdır".

Teatrşünas yerli müasir səhnə əsərləri və müəlliflərindən də danışıb. O, Jalə İsmayılın, İsmayıl İmanın əsərlərini deyib. Elçin Cəfərov həmçinin, Ülviyyə Heydərova və Cavid Zeynallı kimi müəllifləri də qeyd edib.

Müsahibimiz Azərbaycanda pyes yazmasa da, teatrlara cəlb olunduqları halda uğurlu əməkdaşlıq alına biləcəyi insanları qeyd edib. Onun fikrincə, Şərif Ağayar, Fəxri Uğurlu, Qanturalı, Mirmehdi Ağaoğlu, Sərdar Amin, Rəbiqə Nizamiqızı, Qismət Rüstəmov, Kəramət Böyükçöl, Cəlil Cavanşir kimi yazarlara pyes sifariş verərək onları teatra cəlb etmək faydalı olardı. Bu müəlliflər də səhv edə-edə öyrənməlidirlər, - deyə, o, qeyd edib.

Teatrşünas İlqar Fəhminin əsərlərininin son zamanlarda tamaşaya qoyulduğunu, əksəriyyətinin uğurlu olduğunu qeyd edib: "Onun “Yeddinci” pyesi əsasında “Mənəm, mən” tamaşası (quruluşçu rejisor Mehriban Ələkbərzadə) Yuğ-da hazırlandı. “İskəndərə yeni namə”, “Balaca kişilər” kimi əsərləri də var. Belə əsərlər tamaşaya qoyulsa, yaxşıdır".

Elçin Cəfərov xarici ölkələrin və Azərbaycanın müasir səhnə əsərlərini müqayisə edib, yaxşı əsərlər və müəllifləri haqqında danışıb: "Baqaslavskinin əsərlərini çox tez-tez oxuyuram, hətta çap olunmayanda da mənə göndərirlər. Andrey Kureyçik (Belarus), Diana Balıko, İvan Vırıpayevin pyesləri “İyul”, “İlluziyalar”, “Sərxoşlar”, “Günəş xətti” və s. (Rusiya), Murat Kolqanat (Qazaxıstan), Laşa Buqadze, Otaq Katamadze (Gürcüstan). Ukraynada da gənc dramaturqlar var".

Elçin Cəfərov deyir ki, o, rəqəmsal texnologiyalar və teatr mövzusunu çox araşdırır: "Ölkədən xaricdə də bu mövzuda masterklasslarda, təlimlərdə iştirak edirəm. İnsanlar texnologiyanı tamam başqa səviyyədə istifadə edirlər. Sonuncu getdiyim tamaşadan öncə bizə tətbiq yazdırdılar. Tamaşanın tətbiqini yazırsan, sonra qulaqcıqda sənə göstərişlər verir. Bu tamaşa artıq sənin həyatına daha çox təsir edir. Belə təcrübələr Azərbaycan teatrına gəlməlidir. Digər teatrlarımızla yanaşı, Pantomima kimi fiziki teatrlar da olmalıdır, tamaşaçı sayı azdır deyə oranı bağlamaq lazımdır deyə bir şey yoxdur, hər teatrın özünün tamaşaçısı var".

Azərbaycanda cəmi 26 dövlət teatrı var. Onlardan 10-u Bakıda, 16-sı regionlarda yerləşir. Müsahibimiz region teatrlarındakı vəziyyət haqqında məlumat verib. O, xəbər verir ki, region teatrların bir çoxunun vəziyyəti yaxşı deyil: "Region teatrlarında vəziyyət lap ağlamalıdır, amma hamısında yox. Məsələn Şəki teatrında yaxşı mühit var, bəlli bir tarixi də var, Bakı teatrının düşə bilmədiyi festivallara düşüb, birinci yerə layiq görülüb vaxtı ilə. Lənkəran, Naxçıvan, Gəncə teatrlarında da bir mühit var. Bölgə, əyalət sözünü işlətməyi sevmirəm. Əyalət qətiyyən coğrafi mövqe ilə bağlı deyil, əyalət təfəkkürlə bağlı bir şeydir. Avropanın bir çox ölkələrində iki yüz min-üç yüz min əhalisi olan ucqar kəndlərinin elə bir teatrı var ki, bütün dünya tanıyır".

Teatrşünas bildirir ki, Azərbaycanda bölgə teatrlarının problemlərinin həllini istəyiriksə, bunların inteqrasiyasına nail olmalıyıq: "O vaxt Mədəniyyət Nazirliyinə təklif vermişdik ki, Mədəniyyət və İncəsənət Universitetində məxsusi bölgə teatrları üçün kurslar təşkil etmək olar. Aktyorların 80 faizinin təhsili yoxdur, hələ mən az dedim. Onlara sürətləndirilmiş təhsil verə bilərik. Sadəcə bunu layihə kimi həyata keçirmək lazımdır. Cəfərov həmçinin qeyd edib ki, hər hansı bir teatrın lazım olub-olmadığına da nəzər yetirmək lazımdır: "Hər bölgədə teatr olmalıdır deyə bir şey yoxdur. Bizə lazımdırsa, bunu düzgün yaşatmaq lazımdır. Lazım deyilsə, bağlayın getsin, bunu niyə dövlətə yük kimi saxlayırsınız. Elə bil reanimasiyada saxlayırıq, oksigen veririk ki, ölməsin – bu cür yanaşmaq düz deyil".

Hazırda Dərbənd Azərbaycan Dövlət Dram teatrında yenidən qurma işləri gedir. Teatrın rəhbəri bildirmişdi ki, teatrda aktyor çatışmazlığı problemi var. Teatrşünas bu məsələyə də münasibət bildirib: "Dərbənddəki, Tiflisdəki teatra gəldikdə isə, siyasi əhəmiyyətləri var deyə, onlar haqqında həmin sözü deyə bilmirəm. Dörd qaçqın-köçkün teatrı var Azərbaycanda, bu yaxınlarda bir olacaq. Ancaq İrəvan qalıb, qalanları gedəcəklər yerlərinə. Bu teatrları inkişaf etdirib dünya miqyasında tanıdıb, həm də siyasi bir alət, ideoloji vasitə kimi istifadə etmək olar. Bunları etmək üçün kompleks tədbirlər həyata keçirmək lazımdır. Bu, sistemli böhrandır və sistemli həll yolları tələb edir".

Günel Məmmədova

















Paylaş
Şərh əlavə et