Bu gün:

Uğurlu valideynlər necə olur?




Valideyn olmaq dünyanın ən çətin işidir. Özünə güvənən, xoşbəxt uşaq böyütmək üçün yüz faiz olmasa da, aşağıdakılar sizə kömək edəcək.

Sərhədsiz sevgi və cəsarət

Valideyn olaraq siz uşaqlarınıza dəyərli olduqlarını hiss etdirəcək və həyata inamla başlamağa kömək edəcək insansınız. Onunla vaxt keçirə və kitab oxuyaraq, oyun oynayaraq və ya söhbət edərək onun inkişafına kömək edə bilərsiniz.  İşdən evə qayıdanda hər şeyi geridə qoymağa və qısa müddət də olsa, uşağınızla vaxt keçirməyə çalışın. Uşaq bağçasından qayıdarkən onunla söhbət edin. Danışarkən onu dinləməklə onun hisslərinə əhəmiyyət verdiyinizi göstərin. Onunla danışarkən bütün diqqətinizi ona verdiyiniz zaman onun özünə inamı artacaq və danışdığınız söhbətlə lüğəti də yaxşılaşacaq. Uşağınızı bir şey edərkən necə təşviq etdiyiniz də vacibdir.  Nəticəni deyil, bu işə qoyduğu səyi vurğulamaq və dəstəkləmək, onun özünü təsdiq etməsinə kömək edəcək və başqalarının təsdiqinə çox ehtiyac duymayacaq. Əlbəttə ki, uşağınızı təşviq etmək üçün ən vacib şey ona onu nə qədər sevdiyinizi tez-tez söyləməkdir.

Ən çox üstünlüyü uşağınıza verin

İşləyib-işləməməyimizdən asılı olmayaraq həyatımızda tələblər və prioritetlər həddindən artıq çoxdur.  Bununla belə, uşaqlarımızla vaxt keçirmək və onların istəklərinə vaxt ayırmaq kimi mühüm şeyləri, verilməsi lazım olan hesabatlarla tamamlanmalı olan layihələri bir-birindən ayırmağı bilməliyik.  Bu bir həqiqətdir ki, biz məhsuldar valideyn olmaq üçün daim prioritetlərimizi tənzimləməliyik.  Övladlarınıza üstünlük vermək sizin super qadın olmağınızı və özünüzü unutmağınızı tələb etmir.  Ancaq bəzən daha az prestijli bir iş seçmək və ya daha aşağı vəzifəni qəbul etmək kimi seçimlər etməli ola bilərsiniz.

Komanda ruhu

Analar evdə ailənin həm fiziki, həm də mənəvi ehtiyaclarını ödəyən insanlardır.  Atalar isə daha çox risk almağa və müstəqil olmağa meyillidirlər. Onlar uşaqların özlərini təmin etmələrinin və öz problemlərini həll etmələrinin tərəfdarıdırlar. Analar qoruyucu, atalar isə daha sərbəstdir, komanda şəklində qərarlar verir və bu komanda ruhu uşaqlara qarşılaşdıqları vəziyyətləri daha yaxşı həll etmək bacarığı verir. Bu məqamda valideynlər arasında ünsiyyət çox vacibdir. Ünsiyyətin düzgün işləməsi üçün evdə nizam-intizam  qaydalar kimi mühüm qərarlara gəldikdə həyat yoldaşınızla razılaşmağınız çox vacibdir. Analar övladlarına gəldikdə ən yaxşı bildiklərini düşünürlər.  Bu fikirdən əl çəkəndə atalar evdə köməkçi olmaqdan əl çəkib, arvadlarına şərik olurlar.  Tək valideynlər isə müəllimlər, qohumlar və qonşular kimi etibar edə biləcəkləri qayğıkeş böyüklərlə mənalı əlaqələr quraraq uşaqları üçün müsbət mühit yaradırlar. Boşanan cütlüklərdə uşaqlar üçün müsbət münasibət və ünsiyyət saxlamaq, uşağı cütlər arasında seçim etməyə məcbur etmir.

Nizam-intizamın əhəmiyyəti

Uşağınıza doğru ilə yanlışı ayırmağı öyrətməyin ən yaxşı yolu aydın sərhədlər qoymaq və onları mütəmadi olaraq tətbiq etməkdir.  Əgər sizinlə uşağınız arasında güc mübarizəsi başlayıbsa, bir addım geri çəkilin, uşağınıza bir az vaxt verin və bir-iki dəqiqədən – sakitləşəndən sonra yenidən ünsiyyət qurmağa çalışın. Sakitləşmədən əvvəl heç vaxt cəzaya müraciət etməyin.  Qaydalara əməl etmədikdə özünə inamını zədələyəcək reaksiya verməməyə çalışın. Diqqəti cəlb etmək üçün mümkün qədər ağlamaq, qışqırmaq kimi davranışlara məhəl qoymayın, aqressiv davranışlarına qarşı otağında bir müddət qalmaq və ya sevimli oyuncağı ilə oynaya bilməmək kimi yaşına uyğun ağlabatan cəzalar verməyə çalışın. İntizam cəza deyil, əksinə, müsbət davranış oyatmaq, təşəkkür etmək və ya lütf etmək kimi ədəb qaydalarına riayət etmək, müsbət davrananda onu tərifləməkdir.

Məsuliyyəti öyrətmək

Uşağınıza verə biləcəyiniz ən gözəl hədiyyə, onun verdiyi qərarlara, hərəkətlərinin nəticələrinə və təbii ki, xoşbəxtliyinə görə məsuliyyət daşımasıdır. Özünə inamın inkişafı erkən yaşlardan başlayır. Ona səhər yeməyində nə yemək istədiyini və ya hansı paltarı geyinməyə üstünlük verdiyini seçmək hüququ verin.

3 yaşlı uşaq evdən oyuncaqlarını götürmək və qabyuyan maşını boşaltmaq kimi işlərdə sizə kömək edə bilər. Bunlar ona ev işlərinə töhfə vermək imkanı verəcək və həm də ona məsuliyyət hissini öyrədəcək.  Uşağa velosiped sürmək və ya ucadan hekayə oxumaq kimi yeni bacarıqlar öyrənməyə kömək etmək də vacibdir.  Səhv etdiyi zaman onu dərhal düzəltmək əvəzinə səbirlə onu düzəltməsini gözləmək, hərəkətə keçməzdən əvvəl onun nəticələrini düşünməyə və özünü təmin etmə hissini öyrənməyə kömək edəcək. Uşağınızın fikirləri sizinkindən fərqli olsa belə, düşünməyə sövq etmək onu rədd edilmə hissindən xilas edəcək və öz xoşbəxtliyi üçün daha azad edəcək.

Birlik hissi üçün gündəlik işlər hazırlayın

Ailə daxilindəki vərdişlər və adətlər uşaqlara təhlükəsizlik hissi verir.  Gənc uşaqların gün ərzində həyata keçirdikləri rutinlər – səhər yeməyindən sonra parka getmək, qayıdarkən axşam yeməyi və yatmaq onlar üçün rahatlıq verir. Məktəb uşaqları da ailə daxilində bildikləri ümumi mövzulardan məmnundurlar.  Bu rutinlər uşağın nəzarət və güvən hissini artırır. Bu adət və ənənələr həm də müxtəlif nəsillərin ailə daxilində inteqrasiyasına, uşaqlarda aidiyyət hissinin formalaşmasına səbəb olur.

Sən də önəmlisən

Özünüzə də vaxt ayırmağı unutmayın.  Xroniki yuxusuzluq, tənhalıq və tərk edilmə sizi emosional olaraq yorur və əldən salır. Vaxtaşırı fasilə verməyi, perspektivinizi yeniləməyi, şənlənməyi və köhnə enerjinizi geri qaytarmaq üçün nəsə etməyi unutmayın.  Bəzən kinoya getmək və ya dostunuza qısa bir ziyarət sizin üçün yaxşı olacaq. Başqalarından kömək istəmək və lazım olanda yardımı qəbul etmək çox çətin olmamalıdır. Beləliklə, sizin enerji doldurmaq və uşaqlarınızla daha sağlam münasibət qurmaq şansınız olacaq.


Mənbə: Hthayat. haberturk. com
Tərcümə etdi: Aysel Aslanova

Paylaş
Şərh əlavə et