24Media.az-ın növbəti müsahibi Bakı şəhəri 73 saylı orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Mehparə Məmmədovadır. O, "Əsl müəllim kimdir", "Müəllimin qayğıları nələrdən ibarətdir?", "Gələcəyə faydalı şagirdlər yetişdirmək üçün müəllimdə hansı amillər əsasdır?" sualları ətrafında danışıb.
Müsahibənin əvvəlində Mehparə Məmmədova "Əsl müəllim kimdir? sualına belə cavab verdi:
"Əsl müəllimin epitetə ehtiyacı yoxdur. Əsl müəllim sənətini sevən, peşəsinə bağlı olan, şagirdlərini və vətənini sevən bir ziyalıdır".
Daha sonra müsahibimiz qeyd etdi ki, ömrünün çox hissəsini müəllimlik fəaliyyəti ilə məşğul olaraq keçirib. 1992-ci ildən etibarən pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb:
"Öz peşəmə layiq olmağa çalışmışam və hazırda da öz peşəmi sevə-sevə davam etdirməyə çalışıram. Ömrümün qalan hisəsini də bu peşə ilə davam etdirsəm, qürurlanaram".
Müsahibimiz vurğuladı ki, müəllim maddi yox, mənəvi cəhətdən öz peşəsindən zövq ala bilməlidir:
"Müəllimi düşündürən onun şagirdləri və onlara aşılaya biləcəyi vətənpərvərlik hissləridir. Bu hissləri yerinə yetirə bilən insan gördükdə müəllim sevinir. Bu gün müəllimin qayğılarına yaxşı şəraitli məktəbdə çalışmaq və müasir avadanlıqlarla təmin olunmuş sinif otaqlarına daxil olmaq, şagirdlərinin üzündə sevinc görmək aiddir".
Mehparə Məmmədova fikirlərini belə davam etdirdi:
"Gələcəyə faydalı şagirdlər yetişdirmək üçün, ilk növbədə, zamanın nəbzini tutmaq, eyni zamanda, gələcək anlarda şagirdləri elmin, texnikanın inkişafına istiqamətləndirmək, müasir tələblərə uyğun şagirdlər və vətənini, xalqını, torpağını sevən insanlar yetişdirmək lazımdır. Şagird mütəxəssis də ola bilər, şagird əsl vətənpərvər qəhrəman da ola bilər. Biz bunu 44 günlük "İkinci Qarabağ" savaşında gördük. Bu savaşda bizim şagirdlərimizdən olan məktəbimizin üç məzunu şəhid oldu. Onlarla şagirdlərimiz qazi, veterandır. Hətta bunların içərisində mənim öz iki övladım da var ki, həm mənim şagirdim, həm də övladlarımızdır. Mən hər zaman öz şagirdlərimə övladlarım kimi yanaşmışam. Və hər zaman da fəxr etmişəm".
Daha sonra o, müəllim və şagird arasındakı münasibət məsələsinə toxunub:
''Belə bir deyim var ki, müəllim şagirdlə dost olmalıdır. Müəllimlə şagird arasında qarşılıqlı münasibətlə yanaşı, bir hədd olmalıdır. O hədd aradan götürülməməlidir. Müəllimə şagird həmişə uca bir şəxsiyyət kimi yanaşmalıdır. Onun qarşısında hörmətini gözləməyə çalışmalıdır. Müəllim də qarşısındakı şagirdə bir obyekt kimi yox, bir şəxsiyyət kimi yanaşmalıdır. Bu zaman qarşılıqlı hörmət əsasında müəllim daha çox iş görə bilər".Belə bir deyim var: "Əsərinin üzərində imzası olmayan yeganə şəxsiyyət müəllimdir". Ulu öndərimiz də həmişə qeyd edirdi: "Müəllim cəmiyyətimizin gələcəyinin memarıdır. Məhz cəmiyyəti inkişafa doğru aparan hər bir şəxsiyyətin həyatında xüsusi rolu olan ən böyük şəxsiyyət müəllimdir. Xalqımızda, hətta belə bir adət var ki, hörmət əlaməti olaraq müxtəlif peşə sahiblərinə də müəllim deyirlər. Mənə görə müəllim ən qiymətli, dəyərli peşələrdən biridir".
"Müəllim insanın memarıdır"
"İnsanı dəyişmək, bütövləşdirmək, kamilləşdirmək və zövq vermək müəllimin ən dəyərli peşə borcudur. Ona görə məhz müəllim insanın memarıdır".
Müsahibimiz vurğulayıb ki, onlar bu gün şagirdləri düzgün istiqamətləndirməyə çalışırlar:
"Vətənimizin övladlarına elm öyrədirik. Hətta mən özüm də vaxtı ilə mənə dərs deyən müəllimləri hər zaman xəyalımda canlandırıram. Çalışıram ki, onların yolu ilə gedim. Mənim şagirdlərim də mənim yolumla getməyə çalışırlar. Mənim yolumu davam etdirirlər".
Daha sonra o, fikirlərinə belə davam edib:
"Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevinir. Bəs müəllim öz yetirmələrinin xoş sorağını alanda necə hiss edir? Əlbəttə, 30 ildən sonra bir şagirdin sənə zəng edəndə, səni təbrik edəndə, sənə bir mesaj yazanda sevinirsən. Dünyanın hansı ölkəsində olsa da, şagirdlərinin uğurunu izləyir, nailiyyətlərini görürsənsə, bu ən böyük xəzinədir".
Mehparə Məmmədova "Mənə bir hərf öyrədənin köləsi olaram" fikrinə də münasibətini bildirib:
"Hətta Quranda da qeyd olunur ki, alimin mürəkkəbi şəhidin qanından da yüksəkdir.
Elm öyrətdiyinə hörmətlə yanaş, həm də sənə elm öyrədənə hörmətlə yanaş. Bu ifadə dahi ədiblərimizdən olan Abbasqulu Ağa Bakıxanova məxsusdur. Əgər qarşılıqlı hörmət, münasibət varsa, yəni əgər bir şagird qarşısında müəllimə mənən bağlı olursa, onun fənnini də sevir və elm o zaman daha faydalı olur".
Müsahibimiz qeyd etdi ki, bu peşənin ən çətin xüsusiyyəti odur ki, gərək şagirdlərin ən sevimli müəlliminə çevriləsən:
"Müəllim hər zaman şagirdlərini gözündən oxuyur. Sinif otağına daxil olarkən şagirdlərin gözlərinin dərinliyində onların sevincini, kədərini duyursan".
Daha sonra o, müəllimlik etdiyi müddət ərzində ən yaddaqalan anından danışdı:
"Bizim müəllimlik dövrümüz müxtəlif keşməkeşli anlara düşdü. İlki Birinci Qarabağ savaşına təsadüf etdi. Şagirdlərimizlə birlikdə xəstəxanalara, yaralıların yanına getdik. Yəni o faciəli anları çox yaşadıq. Xocalı faciəsini yaşadıq. O problemlərlə üzləşdik. İkinci dövrü 44 günlük müharibəyə təsadüf etdi. Müəllimlik etdiyim 30 il ərzində bu çətin anları yaşadım. Bu müharibədə öz şagirdlərimlə yanaşı, hətta iki övladım da bu müharibədə iştirak etdi. O dövrdə o qayğılı anlarla sinif otağına daxil olmaq və daxilindəki o həyəcanlı anları üzündə büruzə verməmək o bacarıqları özündə tapmaq mənim üçün bir qədər çətin ən yadda qalan anlar oldu ki, mən o günləri heç vaxt unutmayacağam".
Müsahibənin sonunda Mehparə Məmmədova Azərbaycanda Azərbaycan dili və Ədəbiyyat müəllimləri üçün təşkil olunmuş iş imkanları məsləsinə toxundu:
"Müasir dövrdə təhsilin müxtəlif uğurları var. Azərbaycan dili və Ədəbiyyat müəllimləri təhsilin onurğa sütunu hesab olunur. Məncə, ölkəmizdə təşkil olunan müəllimlərin sertifkasiyadan keçirilməsi və diaqnostik qiymətləndirilməsi təhsilimizə verilən ən böyük töhfələrdən biridir. Hətta Azərbaycan dili və Ədəbiyyat müəllimləri də bu sınaqvə imtahanlardan üzü ağ çıxıb. Bu da bizim təhsil sistemimizin uğurudur. Biz də çalışırıq ki, öz dövlətimizə, xalqımıza xidmət edək. Təhsilimizi inkişafa doğru aparaq".
Pərvanə Abbasova