Böyük Britaniyanın baş naziri Kir Starmer keçmiş ABŞ səfiri Piter Mandelson ilə bağlı yaranmış qalmaqalda ona mühüm məlumatın verilməməsindən narazılığını ifadə edib və istefa çağırışlarını rədd edib.

Böyük Britaniyanın baş naziri Kir Starmer Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşdən əvvəl foto çəkdirir.
Starmer 2024-cü ildə keçirilən ümumi seçkilərdə Leyborist Partiyasına müasir dövrdə ən böyük parlament çoxluğunu qazandırsa da, son hadisələr onun siyasi qərarvermə qabiliyyəti ilə bağlı yeni suallar yaradıb. Xüsusilə qarşıdan gələn 7 may yerli seçkiləri ərəfəsində partiyanın ciddi itkilərlə üzləşə biləcəyi qeyd olunur.
Məlumata görə, Piter Mandelson ABŞ-də səfir vəzifəsinə təyin olunmazdan əvvəl aparılan təhlükəsizlik yoxlamasından keçə bilməyib. Lakin baş nazirin komandası onun bu barədə əvvəlcədən məlumatlandırılmadığını bildirir. Bu faktın üzə çıxması siyasətçilər arasında ciddi narazılıq yaradıb və bəzi rəqiblər Starmeri istefaya çağırıblar.
Starmer isə jurnalistlərə açıqlamasında bildirib ki, Mandelsonun təhlükəsizlik yoxlamasından keçməməsi barədə ona məlumat verilməməsini “bağışlanmaz” hesab edir. O, həmçinin parlamentdə çıxış edərək bütün faktları açıqlayacağını deyib.
Baş nazir istefa vermək niyyətində olmadığını vurğulayıb. Onun mətbuat katibi də Starmerin istefa planının olmadığını təsdiqləyib.
Qalmaqaldan sonra Böyük Britaniyanın Xarici İşlər Nazirliyində yüksək vəzifəli məmur vəzifəsindən azad edilib.
Bununla belə, Leyborist Partiyasının daxilində bəzi deputatlar vəziyyətin partiya üçün siyasi risk yaratdığını bildirirlər. Onların fikrincə, Mandelson qalmaqalı qarşıdan gələn yerli seçkilər öncəsi partiyanın nüfuzuna mənfi təsir göstərə bilər.
Mənbə: Reuters
Tərcümə etdi: Zəhra Məlikova
