Bu gün:

Antalya Diplomatiya Forumu: Yaxın Şərqdə gərginlik əsas gündəm mövzusu


Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu dünya liderlərini bir araya gətirib. Forumda əsas diqqət Yaxın Şərqdə baş verən hadisələrə yönəlib.

Recep Tayyip Erdoğan 17 aprel 2026-cı ildə Antalya Diplomatiya Forumu’nun rəsmi açılış mərasimində çıxış edir.

Açılış çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan qlobal vəziyyətin getdikcə daha riskli mərhələyə keçdiyini bildirib. O qeyd edib ki, dünya həm siyasi istiqamət, həm də dəyərlər baxımından ciddi böhran yaşayır. Prezident Qəzzada 7 oktyabrdan sonra baş verən hadisələri bu böhranın ən açıq göstəricilərindən biri kimi dəyərləndirib.

Forumda 150-dən çox ölkədən nümayəndə iştirak edir. Tədbirdə Pakistanın Baş naziri Şahbaz Şerif, Suriyanın Prezidenti Ahmed Şara və Rusiyanın xarici işlər naziri Sergey Lavrov kimi liderlər də yer alır.

ABŞ-dan S-400 siqnalı

ABŞ-ın Ankaradakı səfiri Tom Barrack forum çərçivəsində açıqlama verib.

O bildirib ki, ABŞ Suriyadan hərbi qüvvələrini geri çəkib və regionda yeni siyasi mərhələ formalaşır. Barrack qeyd edib ki, Suriya rəhbərliyi İsraillə münasibətlərin normallaşmasına açıq görünür, lakin tərəflər arasında etimad problemi qalır.

Diplomat Türkiyə–ABŞ münasibətlərinə toxunaraq son dövrdə ciddi irəliləyiş olduğunu vurğulayıb. Onun sözlərinə görə, S-400 məsələsində yaxın zamanda həll tapıla bilər və Türkiyənin F-35 proqramı-na geri qayıtması ehtimalı gündəmdədir.

İran ətrafında gərginlik

Forumda əsas mövzulardan biri də İranla bağlı vəziyyətdir.

ABŞ və İran nümayəndələri aprelin 8-də atəşkəsdən sonra İslamabad şəhərində danışıqlar aparsa da, nəticə əldə olunmayıb. Bu müddətdə İsrailin Livana qarşı əməliyyatları davam edib, lakin daha sonra qısa müddətli atəşkəs elan olunub.

Pakistan tərəflər arasında vasitəçiliyi davam etdirir. Bu çərçivədə Şahbaz Şerif Antalyada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüş keçirib və onun Prezident Rəcəb Tayyip Ərdoğan ilə də görüşü gözlənilir.

Ağ Ev isə yeni danışıqların yenidən İslamabadda baş tuta biləcəyini açıqlayıb. Türkiyə tərəfi mövcud atəşkəsin davamlı olması üçün səylərini davam etdirdiyini bildirir və tərəfləri daha konstruktiv mövqe sərgiləməyə çağırır.

Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et