Bu gün:

Pişiklər danışılan sözləri başa düşürlərmi?




Pişiklər hər davranışları ilə böyük bir sirr yaratmağı bacarırlar. Elə bir vaxt gəlir ki, bizimlə danışırmış kimi gözümüzün içinə baxıb miyoldayırlar. Sonra elə bir zaman gəlir ki, onlara dediklərimizin hamısını anlayan bir ifadə ilə hərəkətə keçirlər. Necə ki, "pişiklər deyilənləri başa düşə bilərmi?" sualın cavabının mütləq “bəli” olduğunu düşündüyümüz məqamda onlar tam tərsinə hərəkət edərək beynimizdə böyük sual işarəsi yarada bilirlər. Pişiklərə xas olan bu davranışlar təkcə pişiklərlə yaşayanları deyil, həm də heyvan davranışı mütəxəssislərini araşdırmalarını dərinləşdirməyə sövq edir. Pişiklər deyilənləri başa düşürlərmi? Pişiklər öz adlarını bilirlərmi? Bu kimi bir çox sualın cavabı artıq araşdırmalar sayəsində məlumdur. Pişiklər tərəfindən başa düşülmək səylərimiz onların sirli rəftarlarının arxasında dayansa da, bu sirr pərdəsi yavaş-yavaş qalxmağa başlayır.

Pişiklər başa düşdükləri və cavab verdikləri sözlərin mənasını bilməkdənsə, sözün doğurduğu vəziyyət və ya obyekt haqqında təsəvvürə malik olurlar. Məsələn, tutaq ki, onun sevimli oyuncağı topdur. Pişiyinizlə top oynayarkən oyuncağın adını təkrarlasanız, o bu sözlə müsbət təcrübə arasında əlaqə yarada bilər və "top" dediyiniz zaman xoş bir oyun seansının yaxınlaşdığını anlaya bilər. Təbii ki, bu məqamda insanların səs tonu və bədən dili də çox önəmlidir. Pişiklərin insan dilini şərh etmək üçün koqnitiv qabiliyyətləri yoxdur. Onlar deyilənləri tam başa düşə bilmirlər, lakin danışdıqlarını ayırd edə bilirlər. Əslində, fərqli bir elmi araşdırmada pişiklərin öz adlarına reaksiya verdiyi ortaya çıxıb.

Pişiklər nitqi başa düşürlərmi?

Pişiklər nitqi bütövlükdə qavramasalar da, düşüncədən daha çox sözləri başa düşə bilirlər və ya daha dəqiq desək, sözlərlə əlaqələndirdikləri təcrübəni yadda saxlaya bilirlər. Elmi araşdırmalar nəticəsində məlum olub ki, bu sözlər 20-40, bəzən isə bu, 50-yə çata bilir. Ancaq onlara deyilənləri nə dərəcədə yaxşı başa düşdükləri barədə qəti məlumat yoxdur.

Pişiklər kədərləndiyimizi anlayırmı?

Biz pişiklərin idrak qabiliyyətlərini tam dərk etməkdən uzağıq. Bununla belə, hər yeni araşdırma ilə onlar haqqında maraqlı faktlar aşkar edirik. 2015-ci ildə Animal Cognition jurnalında dərc edilən araşdırma nəticəsində məlum olub ki, pişiklər bizim duyğularımızı böyük ölçüdə ayırd edə bilir və insanların hisslərinə uyğun olaraq fərqli davranırlar. Eyni araşdırmada pişiklərin insanların üz ifadələrini oxuya bildiyi və gülümsəyərkən və ya ağlayanda fərqli duyğuların üstünlük təşkil etdiyini dərk edə bildiyi göstərilib.  

2020-ci ildə aparılan başqa bir araşdırma da yeni təqdim olunan məlumatlara paralel nəticələrə işarə edir. Pişiklər insanlarla sosial əlaqələr qurur və bu əlaqə nəticəsində onlar insan ünsiyyət siqnallarına həssasdırlar və insan duyğularını ayırd etmək və qavramaq üçün vizual və eşitmə siqnallarını birləşdirirlər. Qavradıqları duyğulara görə davranışlarını dəyişdikləri də məlum olub.

Mənbə: Petlebi
Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et