Yaşıl və çiçəkli bitkilər evinizin və ya iş yerinizin görkəminə gözəllik qatmaqla yanaşı, sağlamlığınıza da töhfə verir. Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) tərəfindən aparılan araşdırmaya görə ümumi ev bitkiləri qapalı havanı təsirli və təbii şəkildə təmizləyir. Bu, bitkilərinizi canlı saxlamaq üçün diqqətli qayğı göstərməyin başqa bir səbəbidir. Satın aldığınız bitkilərin əksəriyyəti növünə xas qayğı təlimatları ilə gəlir. Əksər bitkilərin böyüməsinə kömək edəcək bir neçə ümumi tövsiyə var.
Bitki qulluğu barədə tövsiyələr:
Bitkilərinizi birbaşa Günəş işığı düşməyən, yarı işıqlı yerlərdə yerləşdirin. Günəş işığının bitki qulluğunda rolu böyükdür. Təbii ki, işıq bitki inkişafı üçün ən yaxşı təsiri verir. Ən çox çiçəkli saxsı bitkiləri yaxşı işıqlı yerlərdə yerləşdirilməlidir ki, onlar mümkün qədər çox çiçək açsınlar və kifayət qədər rəngə sahib olsunlar. Gözəl yarpaqları olan dekorativ bitkilər aşağı səviyyədə işıqlandırma altında böyüyə bilər və az işıqlı yerlərdə yerləşdirilə bilər.

Bitki torpağı həmişə nəm qalmalıdır
Bitkilərin susuz qalmasının və sonra solmasının qarşısını almaq üçün tədbirlər görülməlidir. Həddindən artıq suvarma və ya az suvarma, ümumiyyətlə, bitkilər üçün çox pis təsir edir. Həddindən artıq suvarma aparılarsa, bitkinin kökləri suda qalacaq və kökləri çürüyəcək. Əgər kifayət qədər suvarılmazsa, bitki lazımi suyu ala bilmədiyi üçün quruyar. Bitkinizi yaxşı tanıyaraq və ona vaxtında su verməklə bitkinizi uzun müddət canlı saxlaya bilərsiniz.
Bitkilərin yerləşdiyi mühitin çox isti və ya soyuq olmadığından əmin olun.
Bitkilərin ən yaxşı şəkildə canlı qalması üçün istilik çox vacibdir. Ümumiyyətlə, bitkilər 18-22°C temperaturda saxlanılmalıdır. Bitkinizi birbaşa Günəş işığından və istilik və ya soyutma cihazlarından uzaq tutmalısınız. Televizorların və ya radiatorların üzərinə qoymayın. Televizor kimi elektron cihazlar istilik yayır, bu da çiçəklərin su itirməsinə səbəb olur.
Bitkilərin sabit bir vəziyyətdə saxlanmasına diqqət yetirin. Yerlərini sevən bitkilər daha yaxşı inkişaf edir. Bitkilərinizin sağlam böyüməsi üçün sabitlik çox vacibdir. Bitkilərin yerini tez-tez dəyişdirməməyə diqqət etməli və onların da canlı olduğunu xatırlamalısınız. Bitkilərinizin dağınıq görünməsinin qarşısını almaq üçün dekorativ qab tutacaqlarından istifadə edə bilərsiniz. Təbii dekorativ çiçək qabı sayəsində bitkiləriniz istədikləri yerə səliqəli şəkildə yerləşdirilə bilər.

Bitkilərinizi etibarlı yerlərdən alın
Bitkilərin etibarlı yerlərdən alınması çox əhəmiyyətlidir. Bu maddə həm evinizdə mövcudluğunu davam etdirən bitkilərin sağlamlığı, həm də satın aldığınız bitkinin ömrü üçün çox vacibdir. Bitkilərinizi etibarlı mağazalardan almalısınız. Bu sayədə məsləhətləşə biləcəyiniz insanlarla danışa və sağlam bitkilərlə sağlam bəzəklər edə bilərsiniz.
Bitkilərinizə qulluq edin

Hər kəs bitkilərin də canlı olduğunu və hər şeydən əvvəl sevgiyə ehtiyacı olduğunu bilir. Çiçəklərinizə qayğı göstərsəniz və onları hər gün müşahidə etsəniz, bitkilərinizin ehtiyaclarını da görə bilərsiniz. Hər bitkinin suya, işığa və nəmə olan ehtiyacı fərqlidir və onların hər birini ayrı-ayrılıqda tanıyıb, hər birini xüsusi müalicə etməklə onların necə sağlam böyüyəcəyini kəşf edə bilərsiniz. Beləliklə, bitkilərinizə daha yaxşı qulluq edə bilərsiniz.
Saxsıları, torpağı dəyişdirməkdən qorxmayın

Saxsını və torpağı dəyişdirərək bitkinizin böyüməsinə kömək edin. Saxsıların, gül qablarının və torpağın dəyişdirilməsi, bitkilərinizin kifayət qədər qida almasını təmin edir. Bitkinin sağlam böyüməsi üçün də çox vacibdir. Torpaqdakı vitaminlər və minerallar zamanla bitkinin böyüməsinə kömək edir. Bundan əlavə, bir müddət sonra torpağın münbitliyi azalır və qurumağa başlayır. Təxminən 1 ildir eyni dibçəkdə olan bitkinin torpağının dəyişdirilməsi və torpağı dəyişdirərkən əvvəlki qabdan daha böyük qaba qoyulması çox vacibdir. Böyüyən və inkişaf edən köklərin daha böyük bir qaba ehtiyacı olduğunu unutmayın. Əgər qablarınızın dibində deşik yoxdursa, qabın dibində suyun yığılmaması və bitkinizin çürüməsinin qarşısını almaq üçün deşiklər aça bilərsiniz.
Mənbə: Çiçek sepeti blog
Tərcümə etdi: Nuran Əhmədzadə
