Bu gün:

İldırım kimi Useyn Bolt


Useyn Bolt bir çox idman orqanları tərəfindən bütün zamanların ən yaxşı sprinteri hesab olunur. 2021-ci ilə görə o, ən sürətli insandır (100 metr nəzərə alınmaqla). O, 100 metr və 200 metr qaçışda dünya rekordlarına sahibdir. O, həmçinin 4 x 100 metr estafet rekorduna sahibdir (yamaykalı komanda yoldaşları ilə birlikdə). İldırım mənasını verən “Bolt” soyadı da ona çox yaraşır. Useyn Boltla bir az daha yaxından tanış olmağa nə deyirsiniz?

Uşaqlıq və Gənclik

Useyn Bolt 21 avqust 1986-cı ildə Yamaykanın şimalındakı Sherwood Content adlı kiçik bir şəhərdə anadan olub. Onun Sadiki adlı qardaşı və Şerin adlı bacısı var. Uşaqlıqda həmişə qardaşı ilə kriket və futbol oynayırdı. O, müsahibəsində “Kiçik olanda ağlımda idmandan başqa heç nə yox idi” deyirdi. Useynin qaçış qabiliyyəti ibtidai məktəbdə üzə çıxmağa başladı. On iki yaşında o, məktəbində ən sürətli 100 metr qaçışçısı idi. Qaçışla maraqlanan Useyn də o yaşdan Avropa futbolu ilə maraqlanmağa başlayıb.

Useyn digər idman növləri ilə, xüsusən də kriketlə məşğul olsa da, onun sürətli qaçışı həmişə məşqçilərinin diqqətini çəkib. Daim onu qaçmağa yönəldirdilər. Nəhayət, o, qaçmağa diqqət etməyə başladı və məşqçisi, keçmiş olimpiya idmançısı Pablo McNeil ilə müntəzəm olaraq məşq etməyə başladı. O, ilk medalını (gümüş) 2001-ci ildə orta məktəbdə 200 metr məsafəyə qaçışda 22,04 saniyə ilə qazanıb.

O, ilk dünya uğurunu 2002-ci ildə gənclər arasında dünya çempionatında qazanıb. Təsadüfən bu böyük tədbir onun şəhəri olan Kinqstonda keçirildi. 36 min yamaykalının qabağına qaçaraq onu bir az əsəbiləşdirsə də, lakin yarışın sonunda 15 yaşlı Useyn 20,61 saniyə nəticə ilə qızıl medala sahib olub. O, həmçinin 200 metr məsafəyə yeniyetmələr arasında ən gənc dünya çempionu oldu.

Useyn Bolt, nəhayət, qaçır

Peşəkar karyerasına bu uğurla başlayan Useyn Bolt təəssüf ki, uzun müddət ardıcıl zədələr və bəxtsizlik üzündən özünü göstərə bilməyib. Nəhayət, o, 2008-ci ilin iyununda Nyu-Yorkda 9,72 saniyə ilə 100 metr məsafəyə dünya rekordu qırıb.

Daha sonra 2008-ci il Pekin Olimpiya Oyunlarında ABŞ-lı Karl Lyuisdən (1984) sonra eyni Olimpiadada 100 metr, 200 metr və 4 x 100 metr məsafəyə estafet yarışlarında qalib gələn və hamısında rekordlar qıran ilk idmançı oldu.

Rekordlar və medallar

Useyn Bolt 2009-cu ildə Berlində keçirilən dünya çempionatında 100 metr məsafəyə qaçışda inanılmaz rekord qırıb və 100 metri 9 saniyə 58 millisaniyəyə qət edib. Daha sonra o, 200 metr məsafəyə qaçışda öz rekordunu (11 millisaniyə) yeniləyib və 200 metr məsafəni 19,19 saniyəyə qət edib. Bütün dünya kimi onun rəqibləri də Boltun sürətinə heyran qalmışdılar. Boltun bu rekordları indiyə qədər qırılmayıb...

Useyn Bolt karyerası ərzində 8 Olimpiya qızıl medalı qazanıb. O, ardıcıl üç Olimpiya Oyunlarında (2008, 2012 və 2016) 100 metr və 200 metr məsafələrə qaçışda qızıl medal qazanan yeganə idmançıdır. Onun dünya çempionatlarında 11 qızıl medalı var və dünya çempionatları tarixində ən uğurlu kişi idmançıdır. Useyn Bolt qaçış karyerasını 2017-ci ildə 31 yaşında bitirib.

Mənbə: Kumbara Derigisi

Tərcümə etdi: Aysel Aslanova

Paylaş
Şərh əlavə et