Bu gün:

"Musiqi ruhun qidasıdır"


İnsanların çoxu musiqisiz yaşaya bilməz.  İctimai nəqliyyatda, ev işlərini görəndə və ya işləyəndə yaxşı oynatma listləri onların ən yaxşı dostudur.  Musiqini həyatlarında vərdiş halına gətirən insanların psixi sağlamlığının daha yaxşı olduğunu ortaya qoyan təhlil diqqəti çəkir.  ABŞ-dən olan alimlər öz ölkələrində, Avstraliya və İngiltərədə musiqi və psixi sağlamlıqla bağlı aparılmış 26 elmi araşdırmanın təhlilini hazırlayıblar.

26 elmi araşdırmadan 7-si musiqi terapiyası ilə bağlı olub, 10-u musiqi dinləmənin psixi sağlamlığa, 8-i oxumağa, 1-i isə ilahilərin təsirinə yönəlib.  Təhlil nəticəsində müəyyən edilib ki, mahnı oxumaq, yazmaq və ya musiqi dinləmək həyat keyfiyyətini yaxşılaşdırır və arıqlamaq və idman etmək qədər ruha faydalıdır.

Analizlərin nəticələri “Journal of the American Medical Association Network Open” akademik jurnalında dərc olunub. Təhlilin sonunda musiqinin klinik sınaqlarda və ictimai sağlamlıqda necə istifadə oluna biləcəyini anlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğu bildirilib. İştirakçılar üzərində aparılan 26 araşdırmada, oxumaq, dinləmək və alət çalmağın insanlar üzərindəki təsirlərinin müsbət mənada olduqca oxşar olduğu müəyyən edilib. Mütəxəssislər təhlil edilən tədqiqatlarda "musiqi ilə bağlı reaksiyalarda əhəmiyyətli fərdi fərqlərin" olduğunu da vurğuladılar.

Musiqinin dərin təsiri

Avstraliya Milli Universitetinin musiqişünaslıq üzrə eksperti dosent Kim Cunio, “Bizim çoxumuz şəxsi təcrübəmizdən bilirik ki, cərrahiyyə əməliyyatı, sağlamlıq problemləri və ya psixi sağlamlığımız problem yarandıqda musiqinin nə qədər dərin təsir göstərə biləcəyini bilirik”.

Cunio davam etdi,-“Hər şeyin bir az çətin olduğunu hiss edəndə hamımız kimi musiqiyə müraciət edirəm.  Bəzən bu musiqi mənim necə hiss etdiyimin qəsdən əks-sədasıdır, tutqun və kədərlidir.  Amma bəzən məni o boşluqdan çıxara biləcək tamamilə fərqli bir hisslə musiqiyə ehtiyacım var.  Bu, musiqinin əsl möcüzəsidir.  Dinləmənin ən yaxşısı ilə bağlı heç bir qaydalar yoxdur.  Ürəyin ardınca getməliyik”.

Musiqinin faydaları ana bətnindən başlayır

UNICEF tərəfindən nəşr olunan Dr.  İbrahim Baltağının araşdırmasına görə, musiqi insan beynini ana bətnində inkişaf etdirməyə başlayır.  Hamiləliyin 16-18 həftəsində körpələr ana bətnində ilk səslərini eşidirlər.  Musiqi körpələrin beyin inkişafına müsbət töhfə verir.  O, körpələrin qulaqlarının ana bətnində daha sürətli inkişaf etməsinə, səslərə daha tez reaksiya verməsinə və sözləri daha yaxşı qavramasına kömək edir.

Eyni araşdırmaya görə musiqi gələcək analar üçün də çox faydalıdır.  Hamiləlik zamanı yaranan narahatlıq pozğunluqlarını azaldaraq ananı psixoloji cəhətdən rahatlaşdırır. Məlumdur ki, musiqi körpələrin ana bətnində inkişafı üçün çox faydalıdır.  

Başqa bir araşdırma göstərir ki, musiqi azyaşlı uşaqların bir-biri ilə və onların valideynləri ilə əməkdaşlığına artan təsir göstərir.  Araşdırmalar göstərir ki, valideynlərinə qulaq asmayan uşaqlar musiqi əmrləri aldıqdan sonra daha itaətkar olurlar.

Yaponiyadakı Keio Universitetinin Musiqi Laboratoriyasının direktoru Patrik Səvecə görə uşaqlar həmişə mahnı əsasında əlaqələr qurmağa meyllidirlər. Səvec bildirir ki, 2-3 yaşlı uşaqlar danışa bildiklərindən qat-qat səlis oxuya bilirlər.

"İnsanlar təbiətcə ritmikdirlər. Ürəyimiz ritmdə döyünür və biz ümumiyyətlə asan ritm və zərifliklə sabit bir tempdə yeriyirik. Buna görə də, çoxumuzun körpələrimizlə instinktiv olaraq mahnı oxuyan tərzdə danışmağımız və oxumağımız məntiqlidir",-Səvec deyir.


Mənbə: Haber Global

Tərcümə etdi: Aysel Aslanova


Paylaş
Şərh əlavə et