Yağış damcısı tamamilə şəffaf görünür. Ancaq qalın buz təbəqəsinə baxdıqda onun mavi tonlara malik olduğunu görürük. Su hövzəsinin dərinliyi artdıqca mavi rəng daha qabarıq görünür.

Su molekulları işıqla qarşılıqlı əlaqədə olduqda, işıq spektrinin görünən bölgəsində qırmızı dalğa uzunluğunda (~700 nm) işığı udurlar. Bu səbəbdən suyun rəngi mavi tonlardadır. Ancaq suyun rəngli görünməsini təmin edən mexanizm, rəngli görünən digər maddələrdən bir qədər fərqlidir.
Bir maddəni rəngli görməyimizin səbəbi onun yaydığı, udduğu və ya əks etdirdiyi şüaların dalğa uzunluğu ilə bağlıdır. Maddə müəyyən dalğa uzunluğunun işığını udduqda onun elektronları həyəcanlanır və daha yüksək enerji səviyyələrinə keçir, yəni udulmuş işıq elektron keçidinə səbəb olur. Su molekulunda elektron keçidinə səbəb olan şüalar ultrabənövşəyi dalğa uzunluğundadır.
Su molekulları qırmızı dalğa uzunluğundakı şüaları udduqda su molekullarının vibrasiya enerji səviyyələrində dəyişiklik olur. Bu dəyişiklik suyun mavi tonlarda görünməsinin səbəbidir. Bir çox başqa maddələrdə dalğa uzunluğu görünən işığın dalğa uzunluğundan daha uzun olan şüalar vibrasiya enerjisi səviyyələrində dəyişikliklərə səbəb olur.
Mənbə: bilimgenc.tubitak.gov.tr
Tərcümə etdi: Günay Ələsgərova
