Bu gün:

Aura nədir?


Auranız şəxsiyyətiniz haqqında çoxlu məlumat verə bilər. Yaxşı, auranız hansı rəngdədir və bu rənglər nə deməkdir?

Aura nədir?

Aura insanın bədənini əhatə edən və hər bir fərdin təcrübə və şəraitdən asılı olaraq zamanla dəyişən enerjisidir. Bu enerji elektrofotoqrafiya adlanan vasitə ilə çəkilə bilər. Bir çox insanlar aura işini sübut olunmamış hesab etsələr də, əslində, aura termini çox məşhurdur. Aura öz enerji sahənizdə güclü və zəif tərəflərinizi anlamağa kömək edə bilər. Auranın fərqli rəngləri var.

Sarı

Əsasən sarı auraya sahib olanların əsas xüsusiyyətləri zəka, məntiq və sürətli zəkadır. Onlar ürəkləri ilə deyil, başları ilə düşünürlər. Yaranan problemləri həll etmək üçün duyğularını tez bir zamanda kənara qoya bilirlər. Ancaq məqsədlərinə çatmaqda müvəffəqiyyətli olduqları üçün bəzən özlərini çox yora bilirlər. Sarı auralı insanlar özlərini tənha hiss etməsələr də, tək vaxt keçirməyi xoşlayırlar. Ağıllı şəkildə seçdikləri üçün dostları azdır, lakin yaxın dostlarını sevirlər. Sarı auralı insanlar son dərəcə ağıllı söhbətlər istəyirlər. Lakin bu insanların əsas zəif tərəfi odur ki, onlar bəzən özlərini və başqalarını çox mühakimə edə bilirlər.

Qırmızı

Təsəvvür etdiyiniz kimi, qırmızı auralı insanlar alovlu, cəld təbiətə malikdirlər və onları asanlıqla ram etmək olmur. Sərbəstliyi, macəranı və həyəcanı sevirlər və asanlıqla darıxırlar. Onlar normal olaraq ruhi və fiziki xəstəliklərdən əziyyət çəkmirlər. İdmanı və aktiv hər şeylə məşğul olmağı sevirlər və çox rəqabətli bir təbiətə malikdirlər. Bundan əlavə, onlar təbii liderlərdir. İnsanların onlara nə edəcəyini söyləməsini sevmirlər. Onlar açıq, dürüst insanlardır və sizdən heç nə gizlətmirlər və birbaşa mətləbə gəlirlər. Qırmızı auralı insanların yeganə dezavantajı odur ki, onların zirvəyə çıxmaq ehtiyacları yolunda bəzi körpüləri yandıra bilər.

Çəhrayı

Çəhrayı aurası olan insanlar səxavətli, şirin, dost enerjisinə malikdirlər. Sərbəst sevgi yaşamağı sevirlər. Onlar həm də qeyri-adi psixi qabiliyyət və yaradıcılıq qabiliyyətləri ilə seçilir. Bu rəng aurasına malik insanlar idealistdirlər. Bu da dünyanı olduğu kimi görməkdə çətinlik yaradır. Onlar bunu bir şəkildə dəyişdirmək istəyirlər və bunu həyatda öz missiyaları kimi hiss edirlər. Qırmızı auralı insanlar kimi, çəhrayı auralı insanlar da çox dürüstdürlər və hər kəsə ədalətli şans verirlər. Bununla belə, onlar öz ayaqları üzərində dayanmağı öyrənməlidirlər. Çünki bu insanlar yumşaq təbiətlərinə görə büdrəməyə meyllidirlər.

Yaşıl

Əgər yaşıl auranız varsa, deməli möhkəm bir sevginiz var. Özünüzü əsl təbiət aşiqi hesab edirsiniz. Siz də çox güman ki, sağlamlıq baxımından çox diqqətlisiniz. Vücudunuz üçün faydalı olan ən vitaminli qidalara üstünlük verirsiniz. Ayaqlarınızı yerə möhkəm basırsınız. Siz həyata praktik, realist yanaşırsınız, özünüzü və evinizi təmiz saxlamağa diqqət yetirirsiniz. Siz həmçinin təhlükəsizlik və sabitlikdən zövq alırsınız. Həyatınızda baş verən çoxlu dəyişiklikləri sevmirsiniz. Həyata yanaşmada özünüzü çox sərt görürsünüzsə, daha çox hər şeyi axına buraxmağı cəhd edə bilərsiniz.

Narıncı

Narıncı aurası olan insanlar diqqət mərkəzində olmağı xoşlayır. Çox vaxt tək qalmağı sevmirlər. Onlar xarizmatik, əyləncəli, yüksək səsli insanlardır. Həmişə diqqət mərkəzində olurlar. Digər tərəfdən, onlar başqalarının duyğularını hiss etmək kimi fitri bir qabiliyyətə malikdirlər. Bəzən özlərindən çıxa bilirlər, lakin sərhədi keçiblərsə, tez üzr istəyirlər. Narıncı aurası olan insanlar özünə güvənən, mehriban və sevimli olurlar. Ancaq bəzən tələsik qərarlar verə bilirlər.

Bənövşəyi

Bu rəng böyük psixi qabiliyyətləri, duyğulara və enerjilərə yüksək həssaslığı ifadə edir. Bənövşəyi aurası olan insanlar sirli, sakit təbiətə malikdirlər. Həyatın bütün böyük suallarını düşünürlər. Onlar heç vaxt kəşf etməyi dayandırmır. Yeni mövzular haqqında öyrənməyi sevirlər. Bu rəng aurasına malik insanlar təbiətdə və digər heyvanlarla çox vaxt keçirməyə meyllidirlər, çünki insanların çoxu tərəfindən yanlış anlaşıldığını hiss edirlər. Dostları azdır, amma sahib olduqlarına dəyər verirlər. Bəzən insanlar açıq, qayğıkeş təbiətlərindən istifadə edir. Buna görə də bənövşəyi aurası olan insanlar enerjilərini qorumaq üçün çoxlu özlərinə qulluq etməlidirlər.

Mavi

Mavi rəng nadir görünən aura rəngidir. Bu rəng müsbət ünsiyyətdə güclü və cəsarətli, lakin təvazökar bir şəxsiyyəti simvollaşdırır. Təsəvvür etdiyiniz kimi, bu aura sakit, mülayim bir təbiəti ifadə edir. Buna görə də bu insanlar böyük sülhməramlılar və problem həll edənlər olurlar. Mübahisədə hər şeyi tez həll edə və insanlarla dürüst, təsirli bir şəkildə danışa bilərlər. Bu insanlar fikir və duyğuların mükəmməl balansına sahib görünürlər. Həmişə doğru şeyi doğru zamanda deyirlər. Bununla belə, bəzən onlar həddən artıq çox iş götürə bilər və münasibətlərinə kifayət qədər vaxt ayıra bilmirlər

Qızıl

Qızıl aurası olan insanlar həyatda gözəl və zərif olan hər şeyə məhəbbət bəsləyirlər. Onlar diqqət mərkəzində olmağı bacarır. Çox aktiv, sosial həyat tərzi keçirirlər. Onlar insanları əyləndirməyi və sadəcə andan həzz almağı sevirlər. Güclü müstəqil bir ruha sahibdirlər. Heç kimdən kömək və ya məsləhət istəməyi sevmirlər. Bu insanlar bəzə zövqlərinə görə dayaz görünsələr də, insanlara gözəl şeylər verməkdən və onlarla yaşayış yerlərini bəzəməkdən həzz alırlar.

Ağ/Gümüş

Bu aura sahib insanlar həyatın bütün sahələrində son dərəcə istedadlı və çevikdirlər. Onlar demək olar ki, istədikləri hər şeyə uyğunlaşa və həyatın bir çox müxtəlif sahələrində üstün ola bilərlər. Çox vaxt çox yaxşı lider və müəllim olurlar. İnsanlar daxili və zahiri gözəlliklərinə görə onlara cəlb olunur. 

Qəhvəyi

Açıq və ya tünd qəhvəyi aurası olan insanlar həyatda öz yerlərini tapmağa çalışan itmiş ruhlara meyllidirlər. Onlar yenidən pis vərdişlərə düşə və mənfi imicə sahib ola bilərlər. Başqalarının qüsurlarına o qədər diqqət yetirirlər ki, öz qüsurlarını aradan qaldırmağı və düzəltməyi unudurlar.

Qara

Qara rəng ümumi aura olmaqdansa, enerji sahəsindəki tıxanmaları göstərir. O həmçinin dərin, həll olunmamış problemləri, depressiyanı, qəzəbi, durğunluğu, narazılığı və ya digər mənfi emosiyaları ifadə edə bilər.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova


Paylaş
Şərh əlavə et