Bu gün:

Saçlar niyə tez yağlanır?


Bir çox insanların yaşadığı saçların çox tez yağlanmasının birdən çox səbəbi ola bilər. Bu səbəbləri bilmək və tətbiq etməmək saçlarınızın tez yağlanmasının qarşısını ala bilər.

Saçı çox sıx yığmaq

Çox sıx bir at quyruğu yağlı saçları gizlətmək üçün gözəl bir həll kimi görünə bilər. Amma o əslində saçı daha tez yağlandırır. Çünki yığılmış saçların köklərinə daha çox sebum yığılır. Hamar at quyruğu görünüşü üçün istifadə edilən saç düzəltmə prosesləri və kimyəvi məhsullar da sürətli yağlanmaya səbəb olur. Saçınızı tez-tez daramağınızı və ya düzəltməyinizi tələb edən modellərdən istifadə etməyin. Daha boş at quyruğu istifadə edin.

Saçı isti su ilə yaxalamaq

İsti su məsamələri açmaqda və saçlarınızı kirdən təmizləməkdə müvəffəqiyyətlidir. Ancaq isti su saçınıza zərər verə bilər. Saç köklərindəki sebumu yuyar və baş dərisində quruluq, həddindən artıq kəpək və yağlılıq yaranar. Saçı ilıq su ilə şampunlayıb soyuq su ilə yaxalamaq  tez yağlanmanın qarşısını alacaq.

Saça qulluq vasitələrini səhv seçmək

Saçlarınız üçün intensiv qulluq məhsulları istifadə etmək onların ağırlaşmasına və düzləşməsinə səbəb olur. Lakin bu məhsullar saçınızı nazik bir təbəqə ilə örtə bilər ki, bu təbəqə saçları yağlı göstərə bilər. Güclü qulluq məhsulları çox quru və ya çox zədələnmiş saçlar üçündür. Ayda bir neçə dəfə dərin təmizləyici vasitədən istifadə etməklə saç köklərində yığılan yağ və kosmetik məhsulları təmizləyə və yağlı görünüşdən xilas ola bilərsiniz.

Saça çox toxunmaq

Hər dəfə saçınıza toxunduqda əlinizdəki yağı və bakteriyaları ora köçürürsünüz. Eyni zamanda çox tez-tez daranmaq da zərərlidir. Bu zaman saç köklərindəki yağlar uclara qədər yayılar. Nəticədə saç daha yağlı görünəcək. Saçınıza tez-tez toxunmaq vərdişindən əl çəkməyə çalışın. Saçınızı gündə ən çox 2 dəfə darayın. Hər dəfə təmiz bir fırça istifadə edin.

Həddindən artıq stress

Stress bədəninizin daha çox kortizol istehsal etməsinə səbəb olur. Bu da daha çox sebum ifrazı yaradır. Nəticədə daha yağlı görünən və kəpəyə səbəb ola biləcək saçlara sahib olacaqsınız. Stresslə mübarizə üsullarını sınamaq bu mövzuda sizə kömək edəcək. Çətin və stresli dövrlərdən keçdiyiniz zaman saçlarınıza adi haldan bir az daha çox qulluq edə bilərsiniz.

Saçı çox yumaq

Saçınızı nə qədər tez-tez yusanız, bir o qədər yağlı olar. Davamlı olaraq yuyulmaqla baş dərimizin pH səviyyəsini tarazlayan milyonlarla bakteriyanı məhv edirik. Nəticədə daha çox sebum ifrazı yaranır. Saçlar yağlanır. Saçınızı yumaq tezliyini azaltmağa çalışın və baş dərisini qurutmayan məhsul tapın.

Saçlarınız təbii halında belə görünə bilər

Bəzi saç növləri digərlərindən daha yağlıdır. Məsələn, düz saçlar buruq saçlardan daha yağlı olur. Əgər bu vəziyyət sizi çox narahat edirsə, həkimə müraciət etməkdə fayda var.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş