
İnsanın özü tərəfindən hiss edilən səs və ya səs-küy kimi meydana gələn tinnitus bəzən yüngül bir narahatlığa səbəb olsa da, bəzən həyat keyfiyyətinə mənfi təsir edəcək qədər şiddətli ola bilər. Mütəxəssislər tinnitusu meydana gətirən problemlərə diqqət çəkir və əhəmiyyətli xəbərdarlıqlar edir.
Səbəbi tam məlum deyil
"İnsan qulağında heç bir səs stimulyasiyası olmadığı halda cingilti, fit çalma, tıqqıltı, uğultu kimi müxtəlif səslər eşitdikdə buna tinnitus deyilir", - deyən Dos. Dr. Ela Araz Server bu səsi başqalarının eşitmədiyini xatırladıb.
"Tinnitusda eşidilən səs eşitmə yolunda olan orqanlardan hər hansı birində spontan elektrik boşalması nəticəsində inkişaf edir",- deyən Dos. Dr. Server davam edib: "Bu axıntının səbəbi daxili qulaqdakı koklea adlı orqanın zədələnməsi, qulaq sinirinə xarici təzyiq, beyin fəaliyyətinin pozulması kimi bir çox səbəblərdən qaynaqlansa da, əksər hallarda səbəbi müəyyən etmək mümkün olmur. Səbəblər arasında yüksək səslərə məruz qalma, təbii yaşlanma prosesi, baş və ya boyun xəsarətləri, dərman reaksiyaları, emosional narahatlıq və ya stress ola bilər".
Çox dəyişir
Tinnitusun tək başına bir xəstəlik olmadığını ifadə edən Dos. Dr. Ela Araz Server bu problemin, əslində, bəzi tibbi xəstəliklərin əlaməti olduğuna diqqət çəkdi. Səsin hər iki qulaqda və ya yalnız bir qulaqda ola biləcəyini xatırladan Dos. Dr. Server deyib:
"Bu, zəif gurultudan müxtəlif tonlarda yüksək səsli qışqırığa qədər dəyişə bilər. Nadir hallarda tinnitus insanın ürək döyüntüsü ilə eyni vaxtda ritmik pulsasiya və ya vızıltı kimi görünə bilər. Onun şiddəti xəstədən asılı olaraq dəyişir. Bəzil hallarda səs o qədər yüksək ola bilər ki, insan diqqətini cəmləyə bilmir və ya xarici səsləri eşitməkdə çətinlik çəkir. Tinnitus hər zaman ola bilər və ya gəlib gedə bilər. Xüsusilə, gecə saatlarında, maskalama effekti olduqda daha şiddətli hiss olunur".
“Əsas xəstəliklər müəyyən edilməlidir”
Tinnitus diaqnozunun qoyulması üçün insanların ilk növbədə ətraflı qulaq, burun-boğaz müayinəsindən keçməsi lazım olduğunu söyləyən Dos. Dr. Ela Araz Server: "Xəstənin eşitmə qabiliyyəti audiometrik testlərlə ölçülməlidir. Bu test nəticəsində eşitmə itkisi aşkar edilərsə, differensial diaqnoz üçün təkmil görüntüləmə testləri, tomoqrafiya və MRT tələb olunur. Bundan əlavə, tam qan sayımı, sedimentasiya, Qalxanabənzər vəzi hormonları, digər altta yatan xəstəlikləri aşkar etmək üçün xolesterol və şəkər səviyyəsi kimi qan testləri yoxlanılmalıdır. İlk əlamətlər görünən kimi KBB mütəxəssisinə müraciət edilməlidir".
Nələrə diqqət edilməlidir?
Bəs tinnitusun müalicəsi varmı? Dos. Dr. Ela Araz Server xatırladıb ki, bu vəziyyətlə bağlı dəqiq dərman müalicəsi forması yoxdur. "Əgər əsas səbəb aşkar edilərsə, o zaman bu xəstəlik müalicə olunmalıdır",- deyən Dos. Dr. Server aşağıdakı xəbərdarlıqları edib:
"Tinnitus problemi ilə üzləşənlər kofein, spirtli içkilər, tatlandırıcılar, tütün məmulatları və stressdən uzaq durmalıdırlar. Mümkün olduğu qədər sakit mühitlərdə vaxt keçirməli, əgər mümkünsə, tinnitusunu rahatlaşdırıcı musiqi kimi kiçik bir səslə maskalayaraq yatmaq tövsiyə oluna bilər. Maskalama terapiyası ən təsirli üsullardan biridir".
Mənbə: Milliyet
Tərcümə etdi: Aydan Qasımova
