Bəzən gecə yatmazdan əvvəl üzərimizdəki üzük, bilərzik və zinət əşyalarını çıxarmaq istəmirik. Əslində, bir çoxumuz zinət əşyalarımızla yuxuya getməyimizdə çox problem görmürük, lakin gecə istirahət edərkən zinət əşyaları taxmağın ciddi mənfi cəhətləri var.

1- Üzüyünüzü çıxarmaqda çətinlik çəkə bilərsiniz
Səhər saatlarında əllərinizin və barmaqlarınızın bir az daha böyük göründüyünü fərq etmiş ola bilərsiniz. Gecələr hərəkətsiz yatdığımız zaman toxumaların içərisindəki mayelərin yığılması bir az şişmiş əllərlə oyanmağımıza səbəb olur. Üzüyü taxıb yuxuya getsəniz, səhər onu çıxarmaq çox daha çətin olacaq. Üzüyü şişmiş barmaqlardan çıxarmaq üçün maye sabun və ya bitki yağı istifadə etməli, hətta şişkinliyi azaltmaq üçün əlinizi buzlu suya qoymalısınız.
2- Yuxunuzu poza bilər
Boyunbağı ilə yatmaq yuxunuzu poza bilər, xüsusilə də gecələr çox hərəkət edən birisinizsə. Zəncirlər saçınıza və ya boynunuza dolanaraq yuxunuzu poza bilər. Sevimli boyunbağınızda kulon varsa, onlar sizi yuxudan oyada bilər.
3- Dərini qıcıqlandıra bilər
Zərgərlikdə istifadə edilən nikel kimi bəzi materiallar allergik reaksiyalara səbəb ola bilər ki, bu da öz növbəsində dərinizin qaşınmasına və qızarmasına gətirib çıxara bilər. Qızıl və gümüş təhlükəsiz seçim kimi görünsə də, onların tərkibində çox vaxt digər metallar da olur. Həssas və allergiyaya meylli dəriniz varsa, zinət əşyalarınızın 14 karat qızıl və ya daha yüksək olduğundan əmin olun. Karat nə qədər yüksəkdirsə, qızıl daha təmizdir və reaksiyaya səbəb olma ehtimalı azdır.
4- Qulaqlar sallana bilər
Böyük və ağır sırğalar taxmaq qulaqlarınızın aşağı düşməsinə səbəb ola bilər. Qulaqların aşağı hissəsi illər keçdikcə elastikliyini itirdiyi üçün onlara nəfəs almaq üçün bir az vaxt vermək lazımdır. Bundan əlavə, gecə sırğa taxmaq pis qoxuya da səbəb ola bilər. Dərinizin ifraz etdiyi sebum ölü dəri hüceyrələri və bakteriyalarla qarışdıqda pis qoxu yaranır.
5- Bakteriyaların böyüməsinə səbəb ola bilər
Zərgərlik əşyalarınızı düzgün təmizləmək üçün çıxarmasanız, sevdiyiniz parçalar kir və bakteriyalar üçün çoxalma meydanına çevrilə bilər. Dəri ilə sıx təmasda olan üzüklər nəm saxlayan funksiyanı yerinə yetirərək bakteriyaların çoxalması üçün mükəmməl mühit yaradır.
6- Zinət əşyalarınız qarala bilər
Bir çox insanların nişan üzüyü və ya toy üzüyü ilə yatmaq vərdişi olsa da, onları ən yaxşı vəziyyətdə saxlamaq üçün yatmazdan əvvəl onları çıxarmaq daha yaxşıdır. Çünki yatarkən tərləmə zinət əşyalarının qaralmasına səbəb ola bilər və zinət əşyaları tərlə təmasda olduqda onun parlaqlığı azala bilər.
Mənbə: Milliyet
Tərcümə etdi: Aydan Qasımova
