Bu gün:

"Yaşadıqlarımızdan nəticə çıxarmalıyıq" - Psixoloqla MÜSAHİBƏ


İnsanlar həyatını dümdüz yaşamır. Müəyyən dövrlərdə çətinliklərlə qarşılaşır ki, bu, təbii haldır. Heç kim mükəmməl deyil, hər kəs səhv edə, yanıla bilər. Ancaq  belə vəziyyəti balansda saxlamaq fərddən  asılıdır.  Təəssüflər olsun ki, bəziləri səhvləri təcrübə kimi qəbul edə bilmir, nəinki gün ərzində, həyatlarının sonuna kimi bu haqda düşünürlər. Beləliklə, həmin hadisələrin travmalara - görünməyən yaralara çevirilmələrinə səbəb olurlar.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Psixoloji xidmət və reabilitasiya mərkəzinin direktoru, psixoloq Gülər Məmmədova "24 Media" ya yuxarıda bəhs etdiyimiz psixoloji travmalar, onların fəsadları və aradan qaldırılması barədə danışdı:

"Hər bir insan həyatının müəyyən dönəmlərində psixoloji travmalar yaşayır. Psixoloji travmalar, əsasən, qəza xarakterli olur ki, insanların həyatında hər hansı xoşagəlməz hadisə baş verir və onlar bu hadisəni unutmaqda çətinlik çəkirlər. Bir çox insanların həyatında belə psixoloji travmalar qarşılıqlı münasibətlər zamanı insanlar arasında baş vermiş ayrılıq , xəyanət prosesləri, dostluqlar arasındakı problemlər və s. kimi hallar səbəbiylə yaranır. İnsan doğmasını itirəndə də ağır travma yaşamış ola bilir, həmin şəxsin ölüm anı, səsi kimi detallar gözünün önündən getmir. Bütün bunlar onun həyatında böyük izlər buraxır.

O, insanların istəkləri, gözləntiləri ilə qarşı tərəfin davranışları arasında uyğunluq olmadıqda da travma hallarının yaşandığını deyir: "Əksər insanlar həyatlarını düşündükləri kimi yaşamaq istəyir və qarşı tərəfi də məhz istədikləri kimi görmək istəyirlər. Belə olduğu təqdirdə onların istəkləri ilə qarşı tərəfin davranışları üst-üstə düşmür. Bu hal isə hər iki tərəfin travma alması ilə nəticələnir. Özünü daha çox qurban hiss edən tərəf ən çox travma almış tərəf olur. O, özünü tərk edilmiş, günahkar və dəyərsiz hesab edir. Nəticədə, yaranmış çətin situasiyanı analiz edə bilmir, həyatı boyunca bu travma ilə yaşayır.

Psixoloq insanların yaşadıqlarını təcrübə kimi qəbul etmədikləri halda belə travmalarla üzləşmələrinin qaçınılmaz olduğunu bildirir: "Sevgilisindən ayrılmış insanlarda inamsızlıq hissi yaranır. Və onlar təkrar sevə bilmirlər. Digər tərəf, özünə güvənən və dəyərli hesab edən insan bu travmanın böyüməyinə icazə vermir. Yaranmış problemi həll etməyə yollar axtarır, analiz edir və məsələni cılızlaşdırır. Necə deyərlər, bu problem çeynənilir və həzm olunur. İnsan yaşadığı problemləri analiz etməlidir. Yoxsa həmin situasiyalar onun beynində virus olaraq qalır, psixologiyasına və davranışlarına mənfi təsir göstərir. Buna posttravmatik stress deyirlər. İnsanlar hələ uşaqkən yaşadıqları hər hansı hadisəni qocalanda belə xatırlayır, məyusluq və günahkarlıq hissləri keçirir. Belə olduqda isə insan həyatının ən gözəl çağlarını ötüb-keçmiş situasiyalara qurban verərək pis vəziyyətə salırlar. İnsanlar elə düşünür ki, bu problemlər yalnız onların başına gəlir. Və bu düşüncələr həyatlarındakı normal hadisələrə də təsir edir. Məsələn, yaxşı insanla tanış olurlar. Əvvəlki uğursuz tanışlıqlarını yada salıb həmin insana normal davranmırlar.Qeyd etdiyim kimi insanın başına mənfi hadisələrin gəlməsi normal qəbul olunmalıdır. Lakin insanın həyatında neqativ hallar tez-tez təkrarlanır, dəfələrlə eyni problemlərlə üzləşirsə, bu, o deməkdir ki, həmin şəxs həyat prinsiplərini düzgün qurmaması ilə əlaqədardır. Başına gələn hadisədən nəticə çıxartmalı və bir daha təkrarlayıb. Həyatda yaşadığımız mənfi və müsbət olan hər bir hər halı təcrübə kimi qəbul edib, yaşadıqlarımızdan nəticə çıxarmalıyıq."

Müsahibimiz travmaların aradan qaldırılmasının insanların temperament tipindən asılı olduğunu qeyd edir: "Travmanın yumşaldılması növündən və insanların xarakterindən asılıdır. Tam aradan qaldırmaq həmişə mümkün olmasa da, müəyyən qədər təsir gücünü azaltmaq olur. Hər kəsə fərdi şəkildə yanaşılmalıdır. İnsanlar yaşadıqları anı travmadan sonrakı müddət olduğunu anlamalıdırlar, həmin hadisəni özləri ilə gələcəyə aparmamalıdırlar. Bəzən o qədər dərin kök sala bilər ki, dərman müdaxiləsinə də ehtiyac duyula bilər. Vəziyyətin daha da gərginləşməməsi üçün  problemlərini onu anlayan birinə anlatmalıdır. Həmin dinləyici psixoloq olmaya da bilər. Sadəcə olaraq psixoloqların neytral olmaqları nəzərə alınaraq onlara müraciət etmək daha münasibdir. Psixoloqlar məsələnin kökünü tapır, həmin insana ona uyğun davranır və problemi həmin şəxslə birlikdə analiz etməyə başlayır."

Paylaş
Şərh əlavə et