Bu gün:

Azərbaycanda valideynlərinin sənətini davam etdirən övladlar


Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzun oğlu aktyor, müğənni Cavidan Novruzun danışdıqları: 

-Bir çoxları düşünə bilər ki, məni bu sənətə atam gətirib. Əslində isə belə olmayıb. Amma hər zaman Ramiz Novruz adı mənə dəstək olub. Həmçinin bu sənətə həvəsim olub. Mən Akademik Milli Dram Teatrına aktyor ştatına qəbul olanda biz dəhlizdə qarşılaşdıq. Atam mənə dedi ki, sən burada nə edirsən? Dedim, biz bu gündən bir yerdə işləyəcəyik, məni teatra aktyor kimi götürüblər. Mən "Cavad xan" filmində Cavad xanın oğlu obrazına təsdiq edildim. Ramiz Novruz da o filmdə Sisianov obrazını canlandırırdı. Hər şey təsadüfən olmuşdu. 

44 il yaşamış aktyor, Azərbaycanın Xalq artisti Bəşir Səfəroğlunun yaradıcılıq yolu qızı aktrisa Afaq Bəşirqızı tərəfindən davam etdirilir.

 Afaq Bəşirqızı 1955-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 1974-1979-cu illərdə İncəsənət Universitetində təhsil alıb. "Bəxt üzüyü", "Nekroloq" kimi filmlərdə, "Evləri köndələn yar", "Yaşıl eynəkli adam" tamaşalarında rol almışdır. 

"Gəlin qayası" operası ilə adını tarixə Şərqin ilk opera yazan qadını kimi yazdıran Şəfiqə Axundovanın yeganə oğlu Taleh Hacıyev istedadlı pianoçu və bəstəkar idi. Taleh Hacıyev musiqi təhsili aldıqdan sonra 18 yaşından pianoçu kimi fəaliyyətə başlayır. Şəfiqə Axundovanın "Həsrətindən" bəstəsini ilk dəfə pianoda oğlu Taleh Hacıyev ifa edir.

 "Bu sevda", "Sənsiz yaman darıxmışam", "Həyat sən nə şirinsən", "Belə qəmli dayanma" kimi mahnıların musiqisini məhz Taleh Hacıyev bəstələyib. Amma Taleh bəy daha çox pianoçu kimi tanınırdı. O, eyni zamanda dövlət konsertlərində konsertmeyster kimi çalışırdı. Onu hətta "İnsan orkestri" adlandırırdılar. 


Ömrünü peşəkar sənətə həsr etmiş sənətkar, professor, kamança ifaçısı Mirnazim Əsədullayevin oğlu əməkdar artist, kamança ifaçısı Toğrul Əsədullayevin danışdıqlarından: 

- Mirnazim Əsədullayev olmasa idi, bu gün Toğrul Əsədullayev olmazdı. Hər şeyi kamança alətinə borcluyam. Bu sənətə atamın yox, anamın istəyi ilə gəlmişəm. Öz istəyim olmayıb. Məni valideynlərim yönəldib. Onlar yönəltdikdən sonra bu sənətə bağlanmışam. 

Rejissor, aktyor, Azərbaycan Respublikasının Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov 1954-cü ildə Bakıda doğulub. Atası muğam ustadı Mütəllib Novruzov, anası isə Azərbaycan SSRİ Xalq artisti Nəsibə Zeynalovadır. 

Nəsibə xanım oğluna atasının - Azərbaycan realistik aktyor məktəbinin banisi Cahangir Zeynalovun adını verib. Cahangir müəllim ozamankı Mirzə ağa Əliyev adına İncəsənət İnstitunun rejissorluq fakültəsini bitirib. Sonradan təhsilini Moskvada davam etdirib. "Oradan, buradan", "Yaşıl eynəkli adam", "Ac həriflər", "Bala başa bəla" televiziya tamaşalarında, "Cəbiş müəllim", "Qorxma mən səninləyəm", "Bəxt üzüyü", "Həm ziyarət, həm ticarət", "Dəvətnamə", "Güllələnmə təxirə salınır"  kimi tam metrajlı bədii filmlərdə rol alıb. 


Firəngiz Şərifova Azərbaycan kinosunun iki böyük nümayəndəsi Abbas Mirzə Şərifzadə və Mərziyyə Davudovanın ailəsində dünyaya gəlib. Bu ailədə doğulmuş biri üçün səhnə sevgisi heç də təəccüblü deyil. O ilk dəfə səhnəyə 8 yaşı olanda çıxıb. Aktrisa həmin vaxt Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsəri əsasında çəkilən eyniadlı tamaşada Sevər obrazını canlandırıb. "Ən vacib müsahibə", "Bayquş gələndə", "Qərib cinlər diyarında", "Qətl günü", "Bir ailəlik bağ evi", "Gümüş göl əfsanəsi", "Xüsusi vəziyyət" filmlərində, "Astana", "Qonşu qonşu olsa" televiziya tamaşalarında rol alıb. Aktrisa teatrı kinodan çox sevirdi. Elə buna görə də filmlərə az çəkilib. Firəngiz xanım "Qaraca qız" tamaşasında Yasəmən, "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşasında Şərəfnisə obrazlarını çox peşəkarcasına ifa edib. Aktrisa valideynlərini sənətin əsas parçası hesab edirdi. O deyirdi:

-Mən özüm yoxam, heçəm. Səsim Mərziyyənin səsi, nəfəsim isə Abbasın nəfəsidir. 

Həyatının və yaradıcılığının çiçəkləndiyi dövrdə dünyadan köçən əməkdar artist Vəfa Fətullayeva 1945-ci il avqustun 25-i Bakıda görkəmli aktrisa Hökumə Qurbanova ilə Azərbaycanın ilk peşəkar teatr rəssamı Nüsrət Fətullayevin ailəsində dünyaya gəlir. Kiçik yaşlarında anası ilə teatra gedən Vəfa ilk dəfə Şekspirin "Qış nağılı" tamaşasında Mamili obrazında səhnəyə çıxır. Teatrşünaslıq ixtisası üzrə təhsil alsa da, 1970-ci ildən Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyət göstərməyə başlayır. "Məhv olmuş gündəliklər"də Fəridə," Mahnı dağlarda qaldı"da Gülgəz, "Müsyö Jordan və dərviş Məstəli şah"da Şərəfnisə," Kəndçi qızı"nda Bənövşə," Sizi deyib gəlmişəm"də Zeynəb rolları ona böyük uğur gətirir. "İblis" tamaşasındakı Rəna roluna görə dövlət mükafatına layiq görülür. "Firəngiz" filmində, "Alov", "Atayevlər ailəsi" televiziya tamaşalarında da rol alan Vəfa xanıma əsas şöhrəti "Göz həkimi" tamaşasındakı İradə rolu qazandırır. 

Hazırladı: Nuran Əhmədzadə 













Paylaş
Şərh əlavə et