
Rənglərin iştahımıza necə təsir etdiyini heç düşünmüsünüzmü? Yoxsa restoran və kafelərdə daha çox hansı rənglərdən istifadə olunduğunu görmüsünüzmü? Məsələn, hansılarında daha çox yeyib-içmisiniz?
Vizuallıq və estetika həyatımızın hər sahəsində mövcuddur. Yemək təqdimatlarında bunun nə qədər vacib olduğunu bilirik. Ancaq bunun iştahımıza təsir edib-etmədiyini bilmirik. Hər şeydən əvvəl, araşdırmalar rənglərin iştahımıza, qəbul etdiyimiz qidaların hissələrinə və yemək seçimlərimizə təsir etdiyini göstərib. Bununla belə, boşqab formalarının yemək seçimlərinə heç bir təsiri olmadığı müşahidə edilmişdir. Rənglərə ətraflı şəkildə gəlsək;
Qırmızı
Qırmızı restoranlarda ən çox rastlaşdığımız rəng olaraq siyahımızda bir nömrəyə yüksəlir. Qırmızı rəng iştahı açdığı kimi insanlarda söhbəti artıran təsirə malikdir. Qırmızı rəng xüsusilə fast food restoranlarının loqolarında istifadə olunur. Bunun səbəbi ilk növbədə diqqəti cəlb etmək, ikincisi isə həvəs oyatmaqdır. Qırmızı rəng insanlarda aclıq hissini artırdığı qədər həyəcan və impulsivlik kimi xüsusiyyətləri də stimullaşdırır. Bu, düşünmədən daha çox istifadə etməyimizə səbəb ola bilər.
Narıncı
Enerji və həyəcan rəngi olan narıncı qırmızı kimi aclığı tətikləyir. Canlı və enerjili bir rəng olsa da, rahatlaşdırıcı təsirə malikdir. Başqa sözlə, insanlara rahatlıq və aclıq hissi verir.
Sarı
Sarı sosiallaşmanın rəngidir. İştahı stimullaşdırır. Bu, insanlara nə yediklərini deyil, nə danışdıqlarına diqqət yetirməyə imkan verir. Bundan əlavə, sarı rəng serotonin hormonunun ifrazını dəstəkləyir. Beləliklə, özünüzü daha xoşbəxt hiss edirsiniz. İnsanlar daha xoşbəxt və daha pozitiv olduqda israfçı bir münasibət göstərərək istifadəni artıra bilərlər.
Qəhvə tonları
Torpaq tonları sakitləşdirici təsir göstərir. İştahı boğmur.
Yaşıl
Sakitləşdirici rəngdir, həzmə kömək edir, həmçinin diqqəti artırır. Son illərdə yeməklərin sağlam olduğu mesajını vermək üçün restoran və kafelərdə tez-tez bəzəklərdə istifadə olunur. Yemək istəyini artıran bir rəng deyil. Ancaq rahatlıq və dinclik verir.
Mavi
Budur qəhrəmanımız. Bir çox insanların sevimli rəngi olan mavinin rahatlaşdırıcı təsiri olduğu göz qabağındadır. Amma yemək baxımından çox məşhur deyil. İştah kəsicidir. Daha az yemək istəyirsinizsə, mavi boşqablarda yeməyi seçə bilərsiniz.
Odur ki, qırmızı, sarı və narıncı boşqab və bəzəklərdən mütləq uzaq durun. Xüsusilə, mətbəxdə. Mavi və yaşıl tonlarda boşqab və bəzəklərlə iştahı boğmağa davam edin. Dyt. Seba Sarıtepe
Mənbə: Milliyet
Tərcümə etdi: Aydan Qasımova
