Bu gün:

Çaydanda yaranan kirəci necə təmizləyək?


Demək olar ki, hər kəsin sevdiyi çay yaydan-qışdan asılı olmayaraq səhər yeməyinin baş tacıdır. Ancaq saat 5-də çay fasilələri, nahardan sonra desertlə, qonaq gələndə əvvəlcə süfrəyə çay verilir. Bir sözlə, türk mətbəxində çayın böyük əhəmiyyəti var. Hamımız çay içməyi sevsək də, zamanla çaydanda əmələ gələn kirəci çayın dadını xeyli korlayır. Sağlamlığınıza təhlükə törətməmək və ləzzətli çay dəmləmək üçün çaydanda əmələ gələn kirəc düzgün təmizlənməlidir. Marketlərdə çaydandan kirəci təmizləmək üçün çoxlu məhsullar olsa da, kimyəvi maddələrdən uzaq durmağınızı tövsiyə edirik. Bunun əvəzinə, evdə asanlıqla tapılan məmulatlardan istifadə edərək çaydandakı kirəcləri asanlıqla təmizləyə bilərsiniz. Çaydandakı kirəci təmizləmək üçün ən təsirli üsullar bunlardır:

Sirkə, duz, çay sodası 

Çaydanınızdakı kirəcləri təmizləmək üçün təmizlik zamanı ən vacib köməkçi olan sirkə və sodadan da istifadə edə bilərsiniz. Turşuluğu olduğu üçün kirəcləri təmizləyən sirkə qısa müddətdə bu problemdən qurtulmağınıza kömək edir. Kirəci təmizləmək üçün alma sirkəsindən, üzüm sirkəsindən istifadə edə bilərsiniz. Kirəcdən xilas olmaq üçün çaydana bir stəkan sirkə tökün. Çaydanın içini təmiz bir fırça ilə ovuşdurun və sirkənin hər yeri təmizlədiyinə əmin olun. 30 dəqiqə gözlədikdən sonra 1 çay qaşığı soda və ya duz əlavə edərək yenidən ovuşdurun. Sonra yaxşıca yuyun. Bu üsul yeni kirəci əmələ gəlməyə başlayanda xüsusilə təsirlidir.

Sirkə

Daha inadkar kirəclər üçün istifadə edə biləcəyiniz üsul yalnız sirkə istifadə etməkdir. Çaydana bir stəkan sirkə və su əlavə edin. Bu qarışığı ocaqda qaynadın. Kirəc qaynadıqca əriyəcək və səthə çıxmağa başlayacaq. Sonra qaynayan qarışığı tökün və çaydanı su ilə yuyun.

Limon, çay sodası 

Yalnız kirəc qatını əridən deyil, həm də turşu xüsusiyyətləri sayəsində parlaq bir görünüş verən limondan çox təsirli bir üsul olaraq istifadə edilir. Çaydana bir neçə limon dilimi və bir paket soda tökün. Çaydanı yarıya qədər su ilə doldurun, amma çox doldurmamağa diqqət edin. Çaydanı aşağı istilikdə qaynadın. Sonra təmizlənmiş kirəci çıxarmaq üçün bol su ilə yuyun. Çox tez-tez kirəclənmə problemi yaşayırsınızsa, bu üsulu həftədə iki dəfə tətbiq edə bilərsiniz. 

Limon duzu

Tez təmizlik istəyənlərə limon duzunu tövsiyə edirik. Çaydanın dibinə limon duzu tökün. Çaydanın yarısını su ilə doldurun və aşağı istilikdə qaynadın. Kirəc əriməyə başlayanda çaydanı ocaqdan götürün və fırça ilə ovuşdurun. Sonra soyuq su ilə yuyun.

Kartof qabığı

Ekonomik təmizlik üçün kartof xörəkləri hazırladığınız günlərdə qabığı soyulmuş kartofu atmamağınızı tövsiyə edirik. Bu qabıqları çaydana doldurun və üzərinə su əlavə edin. Çaydanı 15 dəqiqə qaynatdıqdan sonra bol su ilə yuyun.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 




Paylaş
Şərh əlavə et