Bu gün:

Qidaların keyfiyyətini itirmədən soyuducuda necə saxlayaq?


Hamı tez xarab olan yeməklərdən şikayətlənir. Əgər cəmi iki gün əvvəl aldığınız tərəvəzlər çürüməyə başlayıbsa, pendirlərin kənarları kiflənibsə, dayan deməyin vaxtıdır. Hər qidanın quruluşu fərqli olduğu üçün saxlama şəraiti də fərqlidir. Bəziləri daha isti bir mühit istəyir, bəziləri isə dondurucudan çıxarılmamalıdır. Ərzaqları soyuducuda necə düzgün saxlamaqla maraqlananlar üçün burada bəzi praktik saxlama üsullarını təqdim edirik:

Quru paxlalılar plastik qablarda və torbalarda deyil, şüşə qablarda saxlanmalıdır. Qəhvəyi şəkər 4-6 ay, şüşə qabda saxlanılan dənəvər şəkər isə 1-2 il saxlanılır. Düyü, lobya və noxud kimi paxlalılar hava keçirməyən şüşə qablarda saxlanılmalıdır. Paxlalılar 2 il sərin və quru yerdə havasız qala bilir. 

Ədviyyatları necə saxlamaq olar?

Ədviyyatları saxlayarkən diqqət yetirilməli olduğunuz ən mühüm məqam onların sobaya, təbii qaza yaxın qoyulmamasıdır. Ədviyyatlar isti yerdə saxlanıldıqda rəngini və dadını dəyişir. Ədviyyatları soyuducuda və ya qablarda sərin, quru yerdə saxlaya bilərsiniz. Çayı qabda qaranlıq və sərin yerdə saxlayın. Doğranmış sarımsaq zeytun yağı ilə doldurulmuş şüşə qabda saxlanılmalıdır.

Pendiri soyuducuda necə saxlamaq olar?

Pendiri əvvəlcə yağlı kağıza, sonra isə alüminium folqaya bükərək daha uzun müddət saxlaya bilərsiniz. Bundan əlavə, pendiri bükdüyünüz zaman onun qurumasının qarşısını alırsınız. Kəsmik pendir kəsilmiş süddən hazırlandığından onu soyuducuda 3-4 gün saxlamaq olar. Sonradan xarab olmağa başlayacaq. Ağ pendiri daha uzun müddət saxlamaq üçün qabı zeytun yağı ilə doldurun və pendiri bu qaba qoyun. Bu şəkildə soyuducuda saxlaya bilərsiniz. Krem pendiri 10-12 gün soyuducuda qapalı şəkildə saxlamaq olar.

Yumurtaları soyuducuda xarab olmadan necə saxlaya bilərik? 

Soyuducuda yumurta saxlamaq üçün xüsusi bölmə var. Yumurtalar sivri ucu aşağıya doğru bölməyə yerləşdirildikdə daha uzun müddət təzə qalır. Yumurtalara qoxunun təsir etməməsi üçün onları yumurta qutusunda saxlamağınızı tövsiyə edirik. Yumurtaların orta saxlanma müddəti 3-4 həftədir. Qaynadılmış yumurtaları qabığını soymadan 1 həftəyə qədər saxlaya bilərsiniz. Yumurta sarısını saxlamaq üçün bir qaba bir az yağ əlavə edin. Bu qaba yumurtanın yalnız sarısını qoyun və üzərini örtün. 3-4 gün saxlaya bilərsiniz. Yumurta ağını başqa bir qabda 2-3 gün ərzində hava keçirməyən yerdə saxlaya bilərsiniz. 

Çörək və tort kimi xəmir məmulatlarını necə saxlamaq olar? 

Hazırladığınız tortu qaba qoyun və qabın içinə 1 dilim alma qoyun və üzərini örtün. Çörəyi saxladığınız qaba bir parça kərəviz əlavə etməklə daha uzun müddət saxlaya bilərsiniz. Çörəyin boyatlamasının qarşısını almaq və daha uzun müddət saxlamaq üçün onu təmiz bir parçaya bükə bilərsiniz. 

Meyvə və tərəvəzləri soyuducuda necə saxlamaq olar?

Meyvə və tərəvəzləri qaynatdıqdan sonra onları kilidli torbalara və ya plastik torbalara qoya bilərsiniz. Torbalara qoyduğunuz tərəvəz və meyvələri dərin dondurucuda və ya soyuducunun dondurucu bölməsində saxlaya bilərsiniz.

Unutmayın ki, elektrik kəsildiyi zaman dondurucunun qapısını heç vaxt açmamalısınız. Elektrik kəsilməsi və ya soyuducunun nasazlığı kimi hallarda meyvə və tərəvəzlər 48 saat toxunulmaz qala bilər. Məmulatları torbalara qoyduqdan sonra üzərinə tarix yazın. Bu şəkildə onu daha rahat saxlaya bilərsiniz.

Qidaları dondurmaq üçün tövsiyələr hansılardır?

Elektrik kəsilirsə, tamamilə dolu olan dərin dondurucunu heç vaxt açmayın. Bu şəkildə yeməyinizi 48 saata qədər 0 dərəcədə saxlamağa davam edir. Lakin dondurucunuz nisbətən boşdursa, bu qidaları 24 saata qədər xarab olmadan saxlaya bilər.

Yaşadığınız ərazidə elektrik enerjisi tez-tez kəsilirsə, dondurucunu mümkün qədər dolu saxlamağa çalışın. Yalnız az miqdarda yemək yerləşdirə bilirsinizsə, boşluqları buz paketləri ilə doldurun. Çünki fasilələr zamanı bu buz torbaları soyuq havanın içəridə daha uzun müddət qalmasına kömək edir.

Siz uzaqda olarkən dondurucunuzun buzunu əridib əritmədiyini görmək üçün qabı buz kubları ilə doldurun və içinə qoyun. Əgər qayıtdığınız zaman buz əriyib və formasını dəyişibsə, bu, dondurucunuz əriyib yenidən donub. Bu, içindəki qidaların düzgün saxlanmadığına işarədir. Şüşə butulkalardan (xüsusilə dar ağızlı olanları) dondurucuda saxlama qabı kimi istifadə etməyin. Çünki donduqda genişlənən mayelər şüşənin qırılmasına səbəb ola bilər. 

Yeməkləri plastik torbalarda dondurmağa və ya dondurucuda alüminium folqa əvəzinə streçə bükməyə üstünlük verin. 

Yağlar zülal və karbohidratlardan daha çətin dondurulur və dondurucuda daha qısa saxlama müddəti var. 

Bişirdiyiniz yeməyi donduracağınızı əvvəlcədən bilsəniz, çox ədviyyat istifadə etməməyə diqqət edin. Çünki ədviyyatların dadları dondurulduqda kəskinləşə bilər. Meyvə və tərəvəzləri dondurmaqdan əvvəl pörtlədilmə müddətləri:

Doğranmış kələm: 1,5 dəqiqə

Gül kələm, bibər, kərəviz: 3 dəqiqə

Qarğıdalı: 4-10 dəqiqə

Kök: 2-5 dəqiqə

Soğan və ispanaq: 2 dəqiqə

Badımcan: 4 dəqiqə

Noxud: 2-3 dəqiqə

Yaşıl lobya: 2-3 dəqiqə

Tərəvəzləri qaynatdıqdan sonra buzlu suya atın və 1 dəqiqə saxlayın. Sonra kağız dəsmal ilə qurudun, torbalara qoyun və dondurucuya yerləşdirin. 

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et