Yayda da, qışda da ləzzət aldığımız meyvələrdən biri banandır. Həm adi, həm də desertlərdə istifadə edilən banan kalium baxımından çox zəngindir. Banan qabığında B, C vitaminləri, dəmir və antioksidantlar var. Əgər banan yedikdən sonra qabıqlarını atırsınızsa, məqaləmizi oxumağa davam edin. Banan qabığının heyrətamiz faydalarını bildikdən sonra bir daha onu atmayacağınızı düşünürük.
Banan qabığının faydaları nələrdir?
Sızanaqları yox edir və sızanaqlara yaxşı təsir göstərir. Dişlərdəki ləkələri yox edir və dişləri ağardır. Dəridəki ləkələrə və qara nöqtələrə qarşı təsirlidir. Həşərat və ağcaqanadların yaratdığı qaşınma və çapıqları aradan qaldırır. Parçalanmış yaralara məlhəmdir. Göz altındakı şişliklərə və göz altı qaraltılara müsbət təsir göstərir. Şiddətli baş ağrılarına qarşı təsirlidir. Bədəndəki ziyilləri azaldır. Ayaqqabıları parıldadır.
Banan qabığından necə istifadə etməliyik?
Sızanaqlara qarşı - banan qabığı iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Beləliklə, dəri səthində istifadə edildikdə sızanaq əmələ gəlməsinin qarşısını alır. Sızanaqları qurutmağa kömək edir. Bu xüsusiyyətdən faydalanmaq üçün üzünüzü banan qabığının içi ilə yumşaq bir şəkildə masaj edin. Dərinin bu maddələri udması üçün 20 dəqiqə gözləyin. Sonra soyuq su ilə yuyun. Bu üsulu gündə 2 dəfə təkrarlaya bilərsiniz.
Diş ləkələrinə qarşı-banan qabığında olan limon turşusu ləkələri çıxarmağa və dişləri gücləndirməyə kömək edir. Bunun üçün banan qabığının içini sıxmadan dişlərinizə sürtün. Sonra hər zamanki kimi dişlərinizi fırçalayın. Bu üsulu gündə 1-2 dəfə təkrarlaya bilərsiniz. Müntəzəm tətbiqlərlə fərq qısa müddətdə görünür.
Dəri ləkələri və qara nöqtələrə qarşı - banan qabığının içi ilə dərinizi 5 dəqiqə masaj edin. Sonra 20 dəqiqə gözləyin və soyuq su ilə yuyun. Həftədə 2-3 dəfə tətbiq edə bilərsiniz. Quru dərilər üçün banan maskası: Bananın qabığını soyun və bir qabda əzin. Püre halına salınmış banan qabığının üzərinə 1 çay qaşığı bal və badam yağı əlavə edib qarışdırın. Qarışığı üzünüzə nazik təbəqə şəklində çəkin və dəridə dartılma, gərilmə hiss olunana qədər 4-5 dəqiqə saxlayın. Soyuq su ilə yuyun və təmizləyin.
Həşərat və milçək dişləmələrinə qarşı-banan qabığında olan polisaxaridlər həşərat dişləməsindən sonra qaşınma və şişkinliyi aradan qaldırır. Bu xüsusiyyətdən faydalanmaq üçün dişlənmiş yeri banan qabığı ilə 5 dəqiqə masaj edin. Sonra 15 dəqiqə gözləyin və təmizləyin.

Göz altı qaraltılara və şişkinliyə qarşı- banan qabığı nəmləndirici xüsusiyyətləri sayəsində göz altı qaraltılardan qurtulmağınıza kömək edə bilər. Bunun üçün banan qabığının daxili hissələrini qaşıyın. Bu qarışığı barmağınızın ucu ilə gözün altına çəkin. Təsirini artırmaq üçün onu aloe vera yağı ilə qarışdıra bilərsiniz. Maskanı 15 dəqiqə saxladıqdan sonra bol su ilə təmizləyin. (Gözlərə çox yaxın çəkməməyə diqqət edin.)
Şiddətli baş ağrısına qarşı - baş ağrılarını aradan qaldırmaq üçün banan qabığını götürün və ağrıyan nahiyələrə qoyun. Düşməsinin qarşısını almaq üçün onu bir parça ilə bükərək düzəldə bilərsiniz. Ağrınızın tədricən yox olduğunu görə bilərsiniz.

Ziyillərə qarşı-banan qabığı da ziyilləri aradan qaldırmağa kömək edir. Nahiyəyə ziyil ölçüsündən böyük banan qabığı qoyun, sarğı ilə sarın və bir gecə saxlayın. Ertəsi gün səhər sarğını çıxarın. Bu üsulu ziyillər yox olana qədər tətbiq edə bilərsiniz. Ancaq gün ərzində həmin nahiyələri bükməyin.
Ayaqqabıları parırladır-tərkibindəki maddələr sayəsində banan qabığı dəri ayaqqabıları parıldadır və cilalayır. Ayaqqabılarınızı banan qabığı ilə ovuşdurun. Üzərində yapışqanlıq qaldısa, yumşaq bir parça ilə ovuşduraraq təmizləyin. Bu üsulu dəri mebellərində də istifadə edə bilərsiniz.
Qeyd: Əgər banana qarşı allergiyanız varsa və ya dəriniz allergikdirsə, bu üsulları tətbiq etməyin.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
