Ənvər Vəliyev

Ölüm tarixi: 23 may 2023
Haqqında: Bədii qiraət ustası, əməkdar müəllim, aktyor Ənvər Vəliyev 15 may 1945-ci ildə Bakıda ziyalı ailəsində dünyaya gəlmişdir. O, ali təhsilini Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnistutunda Dram-Kino fakültəsi üzrə almış və 1973-cü ildə təhsilini başa çatdırmışdır. Uzun illər həmin inistutda müəllimlik etmişdir. Eyni zamanda, o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Səhnə danışığı kafedrasının dosenti olmuşdur. Ənvər Vəliyev aktyor kimi 10-dan çox filmdə rol almışdır. 23 may 2023-cü ildə isə vəfat etmişdir.
Natəvan Babayeva

Ölüm tarixi: 20 iyul 2023
Haqqında: Əslən Salyanlı olmuş Azərbaycanın tanınmış telejurnalisti, aparıcı Natəvan Babayeva 12 oktyabr 1977-ci ildə Bakıda anadan olmuşdur. O, 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bakalavr pilləsində təhsil almış, 2001-ci ildə isə həmin fakültənin magistr pilləsini başa çatdırmışdır. 16 il boyunca televiziya aparıcısı kimi ANS TV-də işləmiş, daha sonra isə Azərbaycan Dövlət Televiziyasında (AzTV) fəaliyyətini davam etdirmişdir. 20 iyul 2023-cü ildə isə uzun müddət əziyyət çəkdiyi onkoloji xəstəlikdən dünyasını dəyişmişdir.
Aliyə Ramazanova

Ölüm tarixi: 1 sentyabr 2023
Haqqında: Aliyə Allahqulu qızı Ramazanova 7 fevral 1941-ci ildə Qusar rayonunda doğulmuşdur. II Dünya Müharibəsində valideynlərini itirən Əməkdar artist Bakıda 11 saylı uşaq evində böyüyüb başa çatmışdır. Erkən yaşlarından rəqqasəliklə məşğul olmuş, 1982-ci ildə Azərbaycan SSR-in Əməkdar artist adına layiq görülərək bu sənətin görkəmli nümayəndələrinə çevrilmişdir. Onun "Uzundərə", "Sarı gəlin" və digər rəqs nümunələri də rəqqaslıq sənətinin ən uğurlu nümunələrindən hesab olunmuşdur. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti Aliyə Ramazanova 1 sentyabr 2023-cü ildə vəfat etmişdir.
Mübariz Əhmədov

Ölüm tarixi: 14 sentyabr 2023
Haqqında: Jurnalist Mübariz Əhmədov 12 iyun 1969-cu ildə Saatlı rayonunda dünyaya gəlmişdir. O, Şirvandakı Sənaye Texnikumunda təhsil aldıqdan sonra 1988-1991-ci illərdə Sakit Okean Hərbi Dəniz Donanmasında xidmət etmişdir. Rusiyada Uzaq Şərq Universitetinin jurnalistika fajültəsini bitirən Mübariz 1999-cu il 18 mayda Vladivostokda "Azərbaycan" ictimai-siyasi və mədəni-maarif tematikalı müstəqil qəzet təsis etmişdir. O, həmçinin Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər, Regionşünaslıq və Jurnalistika fakültəsinin Jurnalistika kafedrasının dosenti vəzifəsində çalışmışdır. Bundan əlavə, jurnalist Mübariz Əhmədov bir sıra xəbər saytlarında müstəqil jurnalist kimi siyasi xarakterli analitik yazılar yazaraq fəaliyyətinə davam etmişdir.
Hazırladı: Xədicə Qiyas
