
Həyatınızdakı toksik insanları idarə etmək ən çətin məsələlərdən biridir. Stressin intensivliyi zəhərli insanla münasibətinizdən asılı olaraq dəyişir. Məsələn, zəhərli insanınız dost və ya sevgilidirsə, həyatınıza mənfi təsirini azaltmaq üçün bu insanlarla qarşılıqlı əlaqənizi məhdudlaşdıra və ya bitirə bilərsiniz. Ancaq valideyniniz və ya partnyorunuzun valideyni olduqda, sadəcə olaraq əlaqəni kəsmək variantı real deyil ya da həll yolu deyil. Belə hallarda emosional sağlamlığınızı qorumaq üçün bu münasibətləri idarə etməyin effektiv yollarını tapmaq birinci dərəcəli prioritetdir.
Zəhərli bir valideyninizin olub-olmadığını anlamaq üçün bu detallara diqqət yetirin:
Mənfi reaksiyalar:
Zəhərli valideynlər emosional olaraq nəzarətdən çıxırlar. Onlar ən kiçik problemləri belə dramatikləşdirməyə meyillidirlər və hər bir mövcud vəziyyəti aqressiv, qəzəbli və dağıdıcı olmaq üçün bir səbəb kimi görürlər.
Empatiyanın olmaması:
Zəhərli valideynin başqaları ilə empatiya qurmaq qabiliyyəti yoxdur. Hər şey onlara və ehtiyaclarına aiddir. Onlar başa düşmürlər ki, etdikləri hər şey başqaları tərəfindən narahatedici, zərərli və ya ağrılı hesab edilə bilər.
Həddindən artıq nəzarət:
İnsan nə qədər zəhərlidirsə, bir o qədər ətrafdakı insanları nəzarət altında saxlamağa çalışır. Nəzarət edən valideyn hətta yetkin uşaqlarına qarşı əsassız tələblər qoya bilər.
Həddindən artıq tənqid:
Uşaq nə qədər uğurlu olsa da, zəhərli valideynə bu uğuru göstərə bilməz. Zəhərli valideynlər özlərini son dərəcə bacarıqlı kimi təqdim edərkən ətrafdakı insanları daim tənqid edir və aşağılayırlar.
Hər kəsi günahlandırmaq:
Zəhərli valideynin yaratdığı nizamsızlıq, fikir ayrılıqları və ailə faciələri həmişə başqasının günahıdır. Bu valideynlər heç bir problemə görə məsuliyyət daşımırlar. Onlar ailənin qalan hissəsini günahlandırır və hadisələri öz perspektivləri ilə manipulyasiya edirlər.
Zəhərli valideynləri idarə etmək:
Zəhərli valideynləri olan yetkin uşaqların anlaması lazım olan ən vacib şey budur: Dəyişdirə biləcəyimiz tək şey öz davranışımızdır. Valideynlərin qəbul etdiyi davranışı dəyişdirmək və ya nəzarət etmək səlahiyyətimiz yoxdur. Onlara cavabımızı dəyişə bilərik.
Valideynin zəhərli olduğunu və dəyişmək istəmədiyini qəbul etmək öz ehtiyaclarımızı nəzərə almaq azadlığına imkan verir. Münasibətinizi emosional ehtiyaclarınıza cavab verən və problemi həll etmək üçün özünüzü mənfi rəftara məruz qoymadan müəyyən etmək qabiliyyətimiz var.
Sərhədlər:
Sərhədlər və ya məhdudiyyətlər təyin etməyiniz və nəyi qəbul edə biləcəyinizi yaxud edə bilməyəcəyinizi aydın şəkildə müəyyən etməyiniz çox vacibdir. Sərhədləri təyin edərkən aydın olun və birlikdə keçirdiyiniz vaxtın sağlamlığı üçün görüşlərinizin tezliyini məhdudlaşdırın.
Məkanı idarə edin:
Zəhərli valideynin qarşılıqlı əlaqədə olduğu məkanı müəyyən etmək də problemli davranışı məhdudlaşdırmaq üçün bir yoldur. İctimai məkanda görüşmək, sərhədlərinizə hörmət edilmədikdə ayağa qalxıb getməyə imkan verir, adi davranış nümunələri ilə manipulyasiya olunma ehtimalınız daha az olan neytral zona yaradır.
Özünə qulluq:
Özünüzə qarşı mehriban olun. Valideyninizlə hər bayramı və ya hər xüsusi günü keçirməyə ehtiyac yoxdur. Bunun əvəzinə, pozitiv olan, özünüzü yaxşı hiss etdirən və sizi olduğunuz kimi qəbul edən insanlarla vaxt keçirin. Bir terapevt və ya məsləhətçi ilə görüş, həmçinin zəhərli valideynlərin həyatınızdakı təsirlərini başa düşməyinizə və irəliləyən əlaqələr üçün effektiv idarəetmə üsullarını inkişaf etdirməyə kömək edəcəkdir.
Mənbə: Habertürk
Tərcümə etdi: Aydan Qasımova
