
Bu sual onilliklər ərzində elmi və fəlsəfi müzakirələrin mövzusu olmuşdur. Bəzilərinə görə süni intellektin şüur qazanması qeyri-mümkündür, bəziləri isə kifayət qədər inkişaf edərsə, süni intellektin insanlar kimi şüurlu ola biləcəyini deyir.
Şüurlu olub-olmadığını anlamaq üçün süni intellekt tətbiqlərini müxtəlif davranış testləri vasitəsilə yerləşdirməyə cəhd edə bilərsiniz. Bununla belə, ChatGPT və buna bənzər proqramların insan davranışını məharətlə təqlid edə bilməsi bu proqramların şüurlu olduğunu söyləmək üçün kifayət deyil.
İnsan şüuru və ya ümumiyyətlə, şüur bu gün elmi araşdırmaların mövzusudur. Süni intellekt tətbiqlərinin, həqiqətən, şüurlu olub-olmadığını yoxlamağın elmi yollarından biri də süni intellekt tətbiqlərini eyni elmi üsullarla araşdırmaq ola bilər.
Neyroloqlar, filosoflar və kompüter alimləri də daxil olmaqla bir qrup tədqiqatçı bu yaxınlarda arXiv-də süni intellekt tətbiqlərinin şüurlu olub-olmadığını müəyyən etmək üçün istifadə edilə bilən müxtəlif meyarlar təklif edən bir məqalə dərc edib.
Bu gün şüurun bioloji əsasları ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürülür. Bu nəzəriyyələrdən hansının doğru olduğuna dair konsensus yoxdur. Dərc olunmuş məqalədə bu nəzəriyyələrdən altısına əsaslanaraq süni intellekt tətbiqlərini şüur baxımından qiymətləndirmək üçün istifadə oluna biləcək 14 ayrı meyar irəli sürülür. Məsələn, şüurla bağlı irəli sürülən nəzəriyyələrdən birində deyilir ki, şüurlu canlıların görmə və eşitmə kimi idrak vəzifələrini yerinə yetirən xüsusi modulları var. Bu modullar müstəqil və bir-birinə paralel işləyə bilər. Bundan əlavə, modullar inteqrasiya olunmuş sistem yaradaraq öz aralarında məlumat paylaşa bilər. Bu nəzəriyyəyə əsaslanaraq tədqiqatçılar məqalələrində şüurun varlığının əlaməti kimi qiymətləndirilə bilən dörd ayrı göstərici təklif edirlər. İddia edilir ki, süni intellekt tətbiqi təklif olunan meyarların hamısına olmasa da, əksəriyyətinə cavab verirsə, şüurlu olaraq xarakterizə edilə bilər.
Tədqiqatçılar onların araşdırmalarının yekun olmadığını deyirlər. Dərc olunan məqalədəki meyarların gələcəkdə digər tədqiqatçıların tənqid və təklifləri ilə də işlənib hazırlanması nəzərdə tutulur.
Mənbə: Denkbilgi.com
Tərcümə etdi: Aydan Qasımova
