
Ümumiyyətlə, tələbələr ilk və ya iki gün dərs olmayacağını düşünərək universitetə getməkdən yayınırlar. Ancaq bu, xüsusilə, universitetin birinci kursunda edilən ən böyük səhvlərdən biridir. Çünki ilk həftələrdə dərs olmasa da, tələbələrin və professorların bir-biri ilə ünsiyyət qurduğu dövrdür. Ən yaxşı dostlar universitetin ilk həftələrində yaranır desək, mübaliğə olmaz. Odur ki, həm ətraf mühitlə tanış olmağı, həm də 3-4 il birlikdə olacağınız dostları və akademik heyəti universitetin ilk günündə ediləcək işlər siyahısına daxil etməlisiniz.
Orientasiya fəaliyyətlərinə “nəyə lazımdır?” deməyin
Orientasiya tədbirləri universitetinizi tanımaqda sizə böyük fayda verəcək. Ona görə də, bu tədbirlərdə iştirak etməkdən çəkinməyin. Orientasiya tədbirləri çərçivəsində yeni qeydiyyatdan keçmiş tələbələrə dərslər başlamazdan əvvəl universitetin fəaliyyəti, akademiyadan kənarda fəaliyyət göstərən bölmələr, kampuslar kimi ümumi məsələlər barədə məlumat verilir. Bir sözlə, oriyentasiya həftəsindən maksimum yararlandığınızdan əmin olun.
Kampusunuzu tanıyın
Kampus həyatı universitet həyatının, bəlkə də ən xoş hissəsidir. Xüsusilə, liseydən universitetə keçən tələbələr üçün kampus tamam başqa bir dünya kimidir. Ona görə də, sizə ilk həftədə kampusunuzu ətraflı şəkildə tanımaq üçün vaxt ayırmanızı tövsiyə edirik. Fakültələrin yerləşdiyi müxtəlif binalara, sinif otaqlarına və universitetin digər sosial sahələrinə mütləq baş çəkin.
Dost olmaqdan çəkinməyin
Universitetin ilk günündə heç kim bir-birini tanımır. Əslində, hamı ilə bərabərsiniz, yeni dostluqlar qurmaqdan çəkinməyə ehtiyac yoxdur. Unutmayın ki, universitetdə qurulan dostluqlar ömür boyu davam edəcək və gözəl xatirələr buraxacaq və bəlkə də həyatınızın ən xoşbəxt günlərini qrup yoldaşlarınızla bölüşəcəksiniz. Ona görə də, bu dostluqların təməlini nə qədər tez qoysanız, bir o qədər faydalı olar. Bundan əlavə, ara imtahan və final imtahanlarında qeyd istəyə biləcəyiniz dostların olması həyatınızı asanlaşdıracaq deyirik.
Tələbə proqramlarına qoşulmaqdan çəkinməyin
Universitetin ilk həftəsində yuxarı semestr tələbələri fəaliyyət göstərdikləri klubları tanıtmaq üçün stendlər açır. Tələbələr bu stendləri ziyarət edir. Xüsusilə, universitet müddətində aktiv olmaq və keyfiyyətli vaxt keçirmək üçün universitet təşkilatlarına üzv olmağı tövsiyə edirik. Bu yolla həm ictimailəşməyə yol açacaq, həm də xüsusi maraqlarınızı inkişaf etdirmək imkanınız olacaq. Onu da deyək ki, tələbə təşkilatları orta məktəbdəkilərdən mütləq fərqlənir.
Mənbə:aydınlık.com
Tərcümə etdi:Sayad Qoşnalıyeva
