Bu gün:

MÜSAHİBƏ “Musiqi insanı sağalda da bilər, öldürə də”


Musiqinin insana yaşatdığı hissi, həyəcanı, sehri danmaq mümkün deyil. Bir çox insan işə başlamazdan, iş prosesi zamanı yaxud da mürəkkəb bir işi bitirdikdən sonra musiqi dinləyir. Musiqi insana ruh yüksəkliyi verir, motivasiya edir. Musiqi sakitləşdirir, həyəcanlandırır, duyğulandırır, coşdurur, ruhlandırır. Musiqinin ötürdüyü hisslər tükənməzdir və hər insana fərqli təsir edir. 

Azərbaycan Respublikası Təhsil İnstitutunun "Təhsilin idarə olunması və iqtisadiyyatı" şöbəsinin böyük elmi işçisi, "Psixologiya və xüsusi təhsil" şöbəsinin dissertantı, musiqişünas, musiqi terapevti, psixoloq Bahar Bəylərova- Ələkbərova "24 Media"ya musiqinin insana təsiri, musiqi alətlərinin insanda yaratdığı dəyişikliklər haqqında danışdı:

"Musiqi insan yarandığı dövrdən mövcud olmuşdur. Danışıqdan əvvəl səslərlə ünsiyyət olub. Bizim səsimizin tembri, tonu hisslərimizi, düşüncələrimizi qarşımızdakı insanlara rahat şəkildə izah edə bilir. Musiqi — ritm, tembr, melodiya və harmoniyanın birləşməsindən əmələ gələn və səslərin xüsusi riyazi metodlar ilə birləşməsindən yaranan sənətdir. Dahi şəxsiyyətlərin musiqi haqqında dediklərinə də nəzər salsaq görərik ki, musiqi hər kəsin həyatında diqqət etməli olduğu, ən vacib məqamlardandır. Mustafa Kamal Atatürkün belə bir ifadəsi var: "Həyata musiqi lazım deyil, çünki həyat özü musiqidir. Musiqisiz həyat mövcud olmaz, musiqi həyatın sevincidir, ruhudur, hər şeyidir." 

Musiqi ilə riyaziyyatın əlaqələrini, musiqinin terapevtik xüsusiyyətlərini araşdıran Pifaqor isə musiqini belə ifadə edir: "Kainatdakı cisimlər hərəkət edərkən səslər çıxarar, bu, musiqidir. Musiqi ruhu təmizləyir". Konfutsi isə musiqini torpaq və göy arasındakı ahəng adlandırır. Mənə görə deviz hesab ediləcək digər ifadəsi isə "Bir cəmiyyətin musiqisi pozulsa, o cəmiyyətdə hər şey pozular"

Müsahibimiz musiqinin insana psixoloji, fizioloji təsirləri olduğunu qeyd etməklə bərabər bu yöndə apardığı tədqiqatlarından da danışıb:

"Psixologiya ruh haqqında elmdir. Musiqi də ruhun qidasıdır. Deməli, ruhumuzun sağlam və yaxşı olmasında musiqinin təsiri əvəzedilməzdir. Unutmayaq ki, insan xəstələnəndə belə birinci ruhu, sonra cismi xəstələnir. Dinlənilən musiqi insanın ruhunu xəstələndirə və ya sağalda bilər. Bu hal isə sonradan özünü fiziologiyada biruzə verəcək.  Musiqi dinləyəndə və ifa edəndə “beyincik” adlanan hissə daha aktiv olur. Musiqi dinləyəndə professional musiqi nümunələrinə üstünlük verilməlidir. Bura, əsasən, klassik musiqilər daxildir. Çünki, klassik musiqi nümunələrini dinləyərkən sanki təbiətin, dünyanın yeni yaranmış ən saf halını dinləyirsən. Pasiyentlərimə həmişə "Bayağı musiqi nümunələri dinləməkdən çəkinin" deyirəm. İnsanlar bəzən bunu yanlış anlayır. Sizi heç kim Motsart, Bethoven dinləməyə məcbur edə bilməz. Bəstəkarların öz dəstixətləri var, sizə rahat olanı seçməlisiniz. Lakin musiqi seçərkən bəzi detallara diqqət etmək lazımdır. Psixologiyasında narahatlıq olan insanlar musiqi seçimində terapevtlə məsləhətləşməlidir. Amma bir qayda olaraq, musiqidə sizi incidən, narahat edən, intihara sürükləyən, ruh düşkünlüyü yaradan, milli mənəvi dəyərlərinizə zidd gələn detallar olmamalıdır. Dinlədiyiniz musiqi sizə özünüzü bütün mənalarda yaxşı hiss etdirməlidir.

 Mən “Yeniyetmələrin təlim motivasiyasına musiqinin psixoloji təsiri” istiqamətində tədqiqat aparıram. Yeniyetmələri daha yaxşı anlamaq üçün ən çox dinlədikləri mahnılara nəzər saldım. Əksəriyyəti depressiv, intihara sürükləyən, türmə həyatını təbliğ edən, sevgi hissini bəsitləşdirən mahnılar dinləyir. Bu, çox yanlışdır. Musiqi insana müsbət şeylər qatmalıdır. Musiqi sizi mənfi davranışlara motivasiya edirsə, kamilliyə deyil cahilliyə istiqamətləndirirsə və s. deməli, bayağı musiqidir. Mütəxəssislərin araşdırmalarına, əsasən, hamiləliyin 8-9-cu ayında anaların ən çox dinlədikləri musiqiləri uşaqlar xatırlayırlar. Uşaq dünyaya gəldiyi gündən ona musiqini laylay ilə aşılayırıq. Oxunan laylaylar heç vaxt şablon olmur, anaların içindən gəlir, hisslərini ifadə edir. Laylalar, balalarımıza hisslərimizin tərənnümüdür. Musiqi seçdikdə klassik melodiyalara, xalq musiqisinə, beşik mahnılarına üstünlük vermək məsləhətdir.  


Musiqi mədəniyyət kodudur. Hələ körpəlik çağından dinlənilən musiqilər  beyində mədəniyyət xəritəsi formalaşdırır. İnsanın ilk 3 yaşa qədər,  daha sonra 6-7 və nəhayət yeniyetməlik  yaşında dinlədiyi musiqilər gələcək həyatının necə qurulacağını, hisslərini necə yaşayacağını, hansı keyfiyyətlərə malik şəxsiyyət olacağınızı müəyyənləşdirir. Sevgi, mərhəmət və s. digər ülvi hissləri insan ruhuna köçürməyin ən yaxşı və təsirli yolu musiqidir.  Həmin dövrlərdə yaranan və yaşanan hissləri insan heç vaxt unutmur: vətənpərvərlik ilə bağlı musiqilər vətən sevgisi, təbiətlə bağlı musiqilər isə təbiət sevgisini formalaşdırır və s.  

Bir nümunə çəkim. Alzhemier xəstəliyi zamanı insanlar hər şeyi unudurlar. Araşdırmalar göstərir ki, belə və başqa bu tip xəstəliklər zamanı xəstələr əsasən uşaqlıq və yeniyetməlik dövründə qulaq asdıqları mahnıları unutmur, həmçinin, musiqi ifa edən alzhemier xəstələri bu bacarıqlarını itirmirlər."

Bahar xanım deyir ki, insanların qulaq asdığı mahnıları müqayisə etməklə cəmiyyətin zamanla necə dəyişdiyini görmək olar:

"Siz bir cəmiyyətin ilkin və hazırda qulaq asdığı mahnıları müqayisə edə bilərsiniz. Bu müqayisə sizə kömək olacaq ki, onların həmin dövrdən indiyə kimi necə dəyişdiyini görə, düşüncələrini anlaya biləsiniz. Həmin cəmiyyətin ruhunun, mədəniyyətinin nə qədər dəyişdiyini də rahat şəkildə görəcəksiniz. Misal, Azərbaycan musiqi tarixinə diqqət edək. Qədim dövr musiqilərimiz birliyi tərənnüm edib. Qobustan qayaüstü təsvirlərində olan yallı rəsmləri buna nümunədir. Daha sonra professional xalq yaradıcılığı məhsulu olan muğamlar hansı ki, sehri hələ də musiqişünaslar tərəfindən araşdırılır. Aşıq musiqisi ayrı bir kamillik nümunsəidir. Daha sonra musiqimizin tarixi Ü.Hacıbəylinin möhtəşəm əsərləri ilə davam edir. M.Maqomayev, Q. Qarayev, F. Əmirov, C. Hacıyev  və s. ilə bu siyahı davam oluna bilər. Musiqi tariximizin dəyərli nümayəndələrinin adını çəkə bilərik. Həmin dövrdəki musiqilərimizin akkord tərkibi, harmoniyası, melodiyası, ritmi, tembri çox fərqli, zəngin və gözəl olub. Təəssüf hissi ilə qeyd edirəm ki, indiki musiqilərimizin tərkibi çox zəifdir. Bu da bizim hazırki ruhumuzun hansı yüksəklikdə olduğunu açıq-aşkar göstərir."

Düşünürəm ki, dünyanın ruhu çox pozulub. İnsan hər şeyə qadirdir - ruhunu düzgün kökləsə, niyyəti düzgün və təmiz tutsa gözəllik yaradacaq. Motivasiya edici sözlər insanın yadında çox az qalır, unudulur. Musiqi isə gözəl izlər  və hisslər buraxmağa qadirdir. Çünki, xatırladığımız hisslərimizdir. Çox yaxşı olardı ki, professional musiqilərin bəstələnməsinə diqqət ayrılsın, çünki bütün mənalarda yüksək dəyərlərə malik cəmiyyət qurmaq, dünyanı gözəlləşdirmək üçün bu vacibdir.

Paylaş
Şərh əlavə et