Bu gün:

"Uğura gedən yolda yol yoldaşınız olacaq kitablar


Əsərin adı: "Xırda şeyləri dərd etmə" 

Müəllif: Richard Carlson 

Səhifə sayı: 224

Həmişə qəzəbli olduğumuz anlarda “xırda şeylər”i beynimizdə canlandırıb, həqiqətən də “böyük məsələ” həddinə çatdırırıq. Guya haqlı çıxmağımız xoşbəxtliyimizdən daha əhəmiyyətlidir. Lakin heç də belə deyil. Əgər daha sakit həyat keçirmək istəyirsinizsə, haqlı sayılmağın özünüzü xoşbəxt etməkdən daha vacib olmadığını başa düşməlisiniz. Xoşbəxtliyə gedən yol mühakimələri bir kənara atıb, sevgi əlini uzatmaqdan keçir. Qoyun başqaları haqlı çıxsın. Bu sizin haqsız olduğunuz mənasına gəlmir. Hər şey yoluna düşəcək. Siz işin ucunu buraxmaqla rahatlıq və haqlı olmaq növbəsini başqalarına ötürməklə sevinc hissi yaşayacaqsınız. Əlinizi uzadıb haqlılığı başqalarına verdikdə onlar da sizə qarşı daha az mühafizəkar davranıb, mehriban olacaqlar. Çox vaxt onlar da sizə əl uzadacaqlar. Amma əgər bu ehtimal özünü təsdiqləməsə də, qətiyyən ürəyinizə salmayın. Daha çox sevgi dolu bir dünya yaratmaq üçün öhdənizə düşəni etməklə qazandığınız daxili sakitlik sizə bəs edər.

Əsərin adı: "Dostları necə qazanmalı və insanlara təsir etməli" 

Müəllif: Dale Carnegie

Səhifə sayı: 800

Kitabda Karneginin üç böyük əsəri toplanmışdır. "Dostları qazanmaq və insanlara təsir göstərmək necə olar”, “kütləvi nitqlərdə özünə inamı necə yaratmalı və insanlara necə təsir etməli”, “narahatlığı aradan qaldırmaq və rahat yaşamağa başlamaq necə olar”. Bu kitabı onun külliyyatı da adlandırmaq olar. Altmış ildən çoxdur ki, Karneginin kitabları bu gün çox məşhur olan min­lərlə insanın biznes və şəxsi həyatında uğur qazandırıb. Siz bu kitabda öz imkanlarınızdan maksimum səmərəli istifadənin yol­larını mənimsəyəcəksiz. İnsan hazırlığının üç əsas üsulları:

Sənə bənzər insanları tapmağın altı yolu, düşüncəylə insanlar üzərində qələbə çalmağın on iki üsulu, narazı salmadan insanları dəyişməyin doqquz üsulu, pis vərdişlərdən xilas olmağın yolları. Bugünkü həyatına və gələcəyinə görə narahatlıq hissləri keçirən səkkiz milyon insan iztirablardan, qorxudan “narahat olmağa necə son qoymalı və rahat yaşamağa başlamalı” kitabı vasitəsilə xilas olmuşdur. Bu kitab sənin biznes narahatlığının və ya digər problemlərinin 50 fai­zi­ni aradan qaldırmağa, maliyyə narahatlığından azad olmağa, yorul­ma­dan çalışmağa, özünü aramağa, özünü tapmağa yardım edəcəkdir. Şəxsi həyatınızda, biznesinizdə, dost qazanmaqda uğurlu ol­maq, eləcə də liderliyin sirlərini bilmək istəyirsinizsə, o zaman bu kitabı oxuyun.

Əsərin adı: "O qurbağanı ye" 

Müəllif: Brian Tracy 

Səhifə sayı: 126

Görməli olduğunuz bütün işləri görmək üçün heç zaman kifayət qədər vaxt olmur. Siz şəxsi və işlə bağlı öhdəliklər, cavabınızı gözləyən saysız elektron məktublar, sosial media, layihələr, imkan tapan kimi oxumağı planlaşdırdığınız jurnallar və kitabların məngənəsində sıxılmısınız və bütün məsələ ondadır ki, siz heç zaman imkan tapa bilməyəcəksiniz. Heç zaman işlərinizin öhdəsindən gələ bilməyəcəksiniz. Arzuladığınız kitabları, jurnalları oxumağa, elektron mək­tubları cavablandırmağa və əyləncəyə sərf etməyə boş vaxtınız olmayacaq. Vaxt problemini daha məhsuldar olmaqla həll edəcəyinizə  ümid bəsləməyin. Fərdi məh­suldarlığa dair nə qədər metoda yiyələnməyinizin əhə­miy­yəti yoxdur, həmişə görməli olduğunuz işlər görə bilə­cəyinizdən çox olacaqdır. Vaxtınıza və həyatınıza nəzarət etməyə yalnız düşüncə tərzinizi, işə yanaşmanızı və sonsuz öhdəliklərə münasibətinizi dəyişməklə nail ola bilərsiniz. Tapşırıq və işlərinizə, müəyyən işlərdən imtina və daha dəyərli işlərə daha çox diqqət ayırdığınız qədər nəzarət edə bilərsiniz. Bu kitab sizin iş bacarığınıza və əldə edə biləcəyiniz nəticələrə güclü təsir edəcək. O qurbağanı yeyin – iş üsulunuzu imtahana çəkəcək, uğur qazanmaq mütləq olan daxili-intizamı izah edir və insanların yubatmaya yol verməklərinin səbəbini araşdırır. Sonra isə, məhsuldarlığınızı necə artıra biləcəyinizi sadə dildə izah edir.

Əsərin adı: "Sevmək sənəti" 

Müəllif: Erix From

Səhifə sayı: 160

Kitab sevginin nəzəriyyəsi və praktikasından bəhs edir. Əlbəttə ki, düşüncəli insan sevginin çox geniş miqyaslı anlayış olduğunu dərk edir. Belə ki, bir çoxları sadəcə qarşı cinslə münasibətlərdə nə isə öyrənmək üçün bu kitabı alır, amma kitabda xüsusi ilə valideyn və tanrı sevgisi üzərində dayanılmışdır. Sevgi haqqında bir çox şeyləri aydınlaşdıran və düşündürən kitabdır. 

Əsərin adı: "Sapiens - bəşəriyyətin qısa tarixi" 

Müəllif: Yuval Noah Harari 

Səhifə sayı: 464

Yüz min il əvvəl Homo sapiens Yer kürəsində yaşayan ən azı altı insan növündən biri idi və ekosistemdə qorilla, yaxud meduza qədər əhəmiyyətsiz bir heyvan idi. Lakin təxminən 70 min il əvvəl Homo sapiens-in təfəkkür qabiliyyətində baş verən müəmmalı dəyişiklik onu Yer kürəsinin ağasına və ekosistemin bəlasına çevirdi. Şüurlu insan dünyanı necə fəth edə bildi? Başqa insan növlərinin başına nə gəldi? Pul, dövlət və din nə vaxt və nə üçün meydana çıxdı? İmperiyalar necə yarandı və süqut etdi? Nə üçün, demək olar ki, bütün cəmiyyətlərdə kişi qadından üstün tutuldu? Elm və kapitalizm müasir dövrün hakim etiqadlarına necə çevrildi? Zaman keçdikcə insanlar daha xoşbəxt oldularmı? Gələcəkdə bizi nə gözləyir? Yuval Noah Harari tarixin gedişatının insan cəmiyyətini necə formalaşdırdığını izah edir. Onun əsəri keçmişdəki hadisələrlə müasir problemlər arasındakı əlaqəyə işıq salır və oxucunu ətraf dünya haqqındakı bütün təsəvvürləri yenidən gözdən keçirməyə məcbur edir.

Əsərin adı: "Yaxşıdan mükəmmələ doğru" 

Müəllif: Jim Collins 

Səhifə sayı: 350

Mükəmməl kompaniyaya necə sahib olmaq olar? Məhz Jim Collinsin müəllifi olduğu “Yaxşıdan mükəmmələ doğru” kitabı bu suala əhatəli şəkildə cavab verir. Kitabda müəllif peşəkar ko­man­dası ilə birlikdə həyata keçirdiyi altı illik tədqiqatın nəticə­ləri haq­qında yazır. Bu illər ərzində mükəmməl kompa­ni­ya­lar uğursuz kom­paniyalarla müqayisə edildi. Gərgin araş­dır­ma nəti­cəsində mü­kəmməl kompaniyalarda uğurun oxşar ele­mentləri aşkar edildi: “İn­tizamlı insanlar”, “intizamlı düşüncə”, “inti­zamlı hərəkət” və “dişli çarx” effekti bir çox orta göstərici­lərə malik kompaniyaların mükəmməl kompaniyalara çevril­məsi üçün uğurun açarı oldu. İnanırıq ki, “Yaxşıdan mükəmmələ doğru” kompaniya rəh­bər­­ləri, biznes məsləhətçiləri, menecment ixtisası üzrə təhsil alan tələbələr və biznes sahəsində çalışan hər bir kəsin sevimli kitabına çevriləcək.

Əsərin adı: "Xoşbəxtlik haqqında kitab" 

Müəllif: Ranhil Banq Nes 

Səhifə sayı: 264

Gündəlik həyatdan zövq almaq istəyirsiniz? Bəlkə, həyatınızın keyfiyyətini yüksəltməkdi hədəfiniz var? Elədirsə, gün ərzində qarşılaşdığınız neqativ emosiyaları özünüzdən uzaqlaşdırın. Pozitiv yaşamağa çalışın. Bunu bacarmaq o qədər də çətin deyil. Kitab sizə sadə dillə praktik nümunələr göstərir. Gündəlik proqramla xoşbəxtliyə aparan dörd kurs formasında tərtib edilib. Bu əsər, demək olar ki, xoşbəxt olmaq haqqındadır.

Əsərin adı: "Yatağını düzəlt" 

Müəllif: Admiral William

Səhifə sayı: 144

Hər günü uğurla bitirilmiş tapşırıqla başlayın. Həyatınız boyu sizə kömək edəcək birini tapın. Hər kəsə hörmətlə yanaşın. Bilin ki, həyat ədalətli deyil və dəfələrlə uğursuzluğa düçar ola bilərsiniz, lakin yeri gəldiyində riskə getməyi bacarsanız, ən çətin anlarda belə irəli hərəkətinizi davam etdirsəniz, zorbalıqlara sinə gərsəniz, yıxıldığınız zaman yerinizdə uzanıb qalmaq əvəzinə yenidən ayağa qalxsanız və heç zaman, heç bir halda təslim olmasanız, bütün bunları etməyə özünüzdə güc tapsanız, o zaman sizdən sonra gələcək nəsillər daha yaxşı dünyada yaşaya biləcək. Bu gün burada başlayan mütləq dünyanı yaxşılığa doğru dəyişəcək.

Əsərin adı: "Təhtəlşüurun gücü" 

Müəllif: Joe Dispenza 

Səhifə sayı: 384

Bilmək azdır. Gərək öz həyatını keyfiyyətcə yeni səviyyəyə qaldırmaq üçün bildiklərindən yararlanasan. Ən yeni elmi konsepsiyaları və qədim müdriklik sənətini həyata uyğunlaşdırmağın yollarını öyrənmək mümkündür. Oxucuya təqdim olunan kitab bu mümkünlüyü izah edir. Biliklərimizi təcrübədə sınaqdan çıxarmağı, nəticələri obyektiv qiymətləndirməyi öyrədir. Kitabın sirlərinə yiyələnən hər kəs özünün həm mistikinə, həm aliminə çevrilir. Həyatımızda əhəmiyyətli dəyişikliklər etmək artıq öz ixtiyarımızdadır. Nəzərdə tutulan budur: biz düşüncə və hisslərimizin daxili dünyasını dəyişməyə qadiriksə, beynimiz də xarici mühitə təsir edə, onu dəyişə bilər. Əks halda, daxilən dəyişməyin də bir faydası olmazdı.

Əsərin adı: "Atomik vərdişlər" 

Müəllif: James Clear 

Səhifə sayı: 264

Bir monet insanı varlandıra bilərmi? Deyəcəksiniz ki, əlbəttə yox. Bəs daha birini əlavə etsək? Daha birini? Daha birini? Hansısa məqamda kəmiyyət keyfiyyəti keçəcək. İndi təsəvvür edin ki, cüzi bir dəyişiklik həyatınızı tamamilə dəyişir. Fantastik səslənir! Amma monet məsələsindəki kimi, mürəkkəb faiz təsiri işə düşür. Nəhayət, budur, kiçik amma müntəzəm bir hərəkət böyük nəticələrə gətirib çıxarıb. Atomik vərdişlər içində nəhəng gücün gizləndiyi kiçik dəyişikliklərdir! Siz çoxdan dəyişmək istəyirsiniz, amma alınmır. Kədərlənməyin! Günahkar siz deyilsiniz, sistemdir. Ceyms Klir vərdişlər, motivasiya və iradə gücü haqqında mifləri ləğv edir. Elmi məlumatlar, tədqiqat nəticələri, şəxsi və uğurlu insanların təcrübəsinə söykənərək yaxşı vərdişləri qaçılmaz, pisləri isə qeyri-mümkün etməyin yollarını sadə və başa düşülən dildə izah edir.

Əsərin adı: "Özünə yox de" 

Müəllif: Nigar Mahi

Səhifə sayı: 288

Dünyanın bütün sakinlərinin ortaq bir xüsusiyyəti var hamı həyatının ən azı bir sahəsini yaxşılaşdırmağa cəhd edir. Mübarizə ömrümüzün sonuna qədər davam edir. Bu savaşda ilk və ən əsas rəqibimiz özümüzük. Bəzən səbəbkarı və günahkarı çox uzaqda axtarırıq, amma o bizə nəfəs qədər yaxındır. Bu kitabla sən özünü dərketməyi, bu yolda “mən”ini tərbiyələndirməyi, məqsədlərinə çatmaq üçün daxilində gizlənən düşmənə necə YOX deməyi öyrənəcəksən. Özünün yaradanı ol. Özünü yenidən, qüsursuz şəkilde inşa et. Bunun üçün heç vaxt gec deyil. “Məndən keçdi” demə, özünə qayıt, özünə yenidən bax, “mən”ini yenidən qur.

Əsərin adı: "Yaxşı qızların pis taleyi" 

Müəllif: Fidan Nizamova 

Səhifə sayı: 168

Bu kitabı bütün qızlarıma həsr edirəm. Yaxşı biri olaraq dünyanı xilas etməyə çalışan qızlarım bu kitabı sona kimi oxuduqdan sonra öncə özlərini xilas etməyi öyrənəcək və ilk növbədə özləri haqda yaxşı düşünəcəklər.

Əsərin adı: "Ted kimi danış" 

Müəllif: Carmine Gallo

Səhifə sayı: 288

İdeyalar XXI əsrin valyutasıdır, özünüzü və ideyalarınızı satmaq arzularınızı həyata keçirməkdə sizə kömək edəcək ən möhtəşəm bacarıqdır. TED (Technology, Entertainment, Design) (Texnologiya, Əyləncə, Dizayn) çıxışları uğurlu təqdimatın elementlərini yenidən təyin edib və natiqliyin qızıl standartına çevrilib, onun onlayn təqdimatları bir milyard dəfədən çox izlənilib. Ən yaxşı TED spikerlərinin istifadə etdiyi taktikalar hər təqdimatı daha dinamik etməklə yanaşı, istənilən komandanı da daha əsrarəngiz edəcək və ictimaiyyət qarşısında çıxış etmə həyəcanlarını aradan qaldırmaqda hər birinizə özgüvən verəcək.“TED kimi danış” sizə böyük əhəmiyyətli fikirlər ətrafında təqdimatlar yaratmaq üçün alətləri, qəlbləri, beyinləri qazanmaq üçün bacarıq və həyatınızın çıxışını etmək üçün inam verəcəkdir. Eşidilməyə dəyər ideyalarınız var. Hər bir auditoriyanı ruhlandırmaq və ən cəsarət tələb edən məqsədinizə çatmaq üçün səsinizdən istifadə edin.

Əsərin adı: "İnsan gələcəyini necə qurmalı?" 

Müəllif: İlber Ortaylı 

Səhifə sayı: 320

İlbər Ortaylı bu kitabda insanın həyatdakı məqsədini necə müəyyənləşdirməli, qarşısına hansı hədəfləri qoymalı, gələcəyini necə planlaşdırmalı, öz potensialından necə istifadə etməli olduğunu ətraflı izah edib. O özümüzə hər gün verdiyimiz və cavabını tapmaqda çətinlik çəkdiyimiz sualları tarixdə iz qoymuş böyük mütəfəkkirlərin əsrlərin süzgəcindən keçən və minilliklərə meydan oxuyan qiymətli kəlamlarını da əlavə etməklə öz şəxsi təcrübəsinin və dərin biliklərinin işığında cavablandırıb. “İnsan gələcəyini necə qurmalıdır?” kitabı həyat təcrübəsini bölüşməyi özünə borc bilən bir intellektualın oxucularına yol göstərmək, özünü inşa etmək və cəmiyyəti ayağa qaldırmaq üçün Platon, Seneka, Siseron, Fərabi kimi dahilərdən ilhamlanaraq və Yenal Bilgicinin suallarını cavablandıraraq təqdim etdiyi bələdçidir.

Əsərin adı: "Yol sənin içindədir" 

Müəllif: Kinsun 

Səhifə sayı: 176

Niyə çətin olanı seçirsən?

Gələcəyə dair planlar insanda peşmanlıq yaradır.

Nə üçün səndən uzaq olana bel bağlayırsan?

Xoşbəxtlik toxumları sənin içindədir. İndidə. İmkan ver cücərsin və sadəcə müşahidə elə. Toxumların içində böyük bir meşəyə çevrilməsinə şahid ol. Rədd etmə. Qəbul etməkdən qorxma. Ümid əbədidir. Qüssələnmə, onu itirmədin. Sadəcə hiss etməyi yadırğadın. Sadəcə özünü seçdin, bunu üstün tutdun. Özünü unut. Yola çıx – içində böyük meşəyə çevrilən yerdən. Yoxa çıx – özünü itir ki, xoşbəxtliyi tapasan. Gələcəkdən xilas ol ki, özünə qovuşasan.

Əsərin adı: "Özünüqiymətləndirmənin 6 prinsipi" 

Müəllif: Nataniel Brenden 

Səhifə sayı: 472

Nataniel Brenden “Özünüqiymətləndirmənin 6 prinsipi” əsərində həyatı boyu apardığı klinik və təcrübi tədqiqatların son nailiyyətlərini təqdim edir. İnsanı öz arxasınca aparan bu təsirli kitabda o, bizim psixoloji sağlamlıq, şəxsi uğur və pozitiv münasibət axtarışlarımızda özünüqiymətləndirmənin əhəmiyyətini çox gözəl nümayiş etdirir. Bəs biz əsl özünüqiymətləndirmə qabiliyyətini necə qazanırıq? Doktor Brenden bu əsərində özünüqiymətləndirmənin 6 prinsipini müəyyənləşdirir: gündəlik həyat təcrübəmizə əsaslanan 6 metod. Burada ilk dəfə olaraq özünüdərketməni və şəxsi effektivliyi artırmaq üçün çox sadə, lakin güclü çalışmalar verilir. Doktor Brenden özünüqiymətləndirmənin əhəmiyyətini öyrənərkən iş yerində, təlim-tərbiyədə, təhsildə, psixoterapiyada və cəmiyyətdə başqalarında özünüqiymətləndirmə hissini tərbiyə etmək üçün məsuliyyət daşıyan şəxslərə zəruri tövsiyələr verir və XXI əsrdə yaşamaq üçün özünüqiymətləndirmə mədəniyyətinin nəyə görə lazım olduğunu əsaslandırır. Böyük miqyas və dünyagörüşü dairəsi ilə insan naturasının dərinliklərinə güzgü tutan “Özünüqiymətləndirmənin 6 prinsipi” özünüqiymətləndirmənin psixologiyasına həsr olunmuş mükəmməl əsərdir.

Əsərin adı: "Sən həyatını yaxşılaşdıra bilərsən" 

Müəllif: Luiza Hey

Səhifə sayı: 224

"Bu, hər kəsin həyatını dəyişə bilən, hər kəsdə özünə hörmət və sevgi yaradan dəyərli bir kitabdır"

Berni Sicel, M.D

Əziz oxucularım, bu kitabı bildiklərimi sizinlə bölüşmək üçün yazmışam. "Canını sağlam saxla" ("Heal your body") kitabçasının bəzi hissələri də bura daxil edilib. "Canını sağlam saxla" orqanizmdə narahatlığa səbəb ola biləcək psixi hallardan bəhs edən mötəbər bir kitab kimi geniş miqyasda qəbul olunub. Əgər siz "Sən həyatını yaxşılaşdıra bilərsən" kitabında verilən çalışmaları qarşınıza çıxdıqca yerinə yetirsəniz, kitabı hələ oxuyub qurtarmamış həyatınızı dəyişməyə başlayacaqsınız. Tövsiyə edirəm ki, kitabı bir dəfə nəzərdən keçirəndən sonra onu yenidən diqqətlə oxuyasınız, lakin bu dəfə hər bir çalışmanı dostunuzla və ya ailə üzvlərinizdən biri ilə tələb olunduğu kimi yerinə yetirin. Bilin ki, bu kitabdakıları yerinə yetirərkən mənim sevgimi həmişə hiss edəcəksiniz.

Əsərin adı: "21 günə həyatını dəyiş" 

Müəllif: Luiza Hey 

Səhifə sayı: 184

“Güzgü işi” Luiza Heyin insanın özü və başqaları ilə daha dərin münasibətlər qura və inkişaf etdirə bilməsi, həmçinin dəyərli və mənalı həyat yaşaması üçün işləyib hazırladığı və uzun müddətdir ki, tətbiq etdiyi bir metoddur. İndi isə müəllif “Güzgü işi” kitabında göstərir ki, bu sadə, lakin çox effektiv metodu cəmi 21 gün ərzində pozitiv dəyişikliyinizi və özünüzə qayğını davamlı olaraq dəstəkləyən bir üsul kimi öyrənə bilərsiniz. “İnsanlara affirmasiyaları öyrətməyə başladığım gündən bəri onlara “güzgü işi” metodunu da öyrədirəm. Ən təsirli və effektiv affirmasiyalar isə sizin güzgü qarşısında dayanaraq ucadan söylədiyiniz affirmasiyalardır. Bu zaman güzgü özünüzlə bağlı hiss etdiklərinizi əks etdirərək sizə “geri qaytarır” və siz harada müqavimət göstərdiyinizin, harada isə açıq, səmimi və rahat davrandığınızın dərhal fərqinə varırsınız. Güzgü sizə açıq-aydın göstərir ki, xoşbəxt və dolğun bir həyat yaşamaq istəyirsinizsə, buna mane olan düşüncələrinizi dəyişməli olacaqsınız”.

Əsərin adı: "Hayır diye bilme sanatı" 

Müəllif: Müthiş psikoloji 

Səhifə sayı: 176

Siz həqiqətən azadsınız? Sizcə, azadlıq istədiyin zaman, istədiyin yeməyi yeyə bilmək deməkdir? Yoxsa heç bir sosial təzyiq hiss etmədən istədiyiniz kimi geyinə bilməkdir? İstədiyin zaman yatıb, istədiyin vaxt oyanıb, istədiyin qədər işləyib, lazım olan pulu qazana bilmək üçün? Həftə sonu fasiləsində yalnız mobil telefonunuzu söndürəndə özünüzü azad hiss edirsiniz? Həyatınızla bağlı hər qərarı yalnız özünüzü düşünərək verirsiniz? Taleyin ipləri tamamilə sizin əlinizdədirmi? Hər vaxt başqalarının sizdən istifadə etdiyini hiss edirsiniz? İtirməkdən qorxduğunuz insanlar varmı? Dəyişməyə nə dərəcədə açıqsınız? Heç olmasa yumurta yeməyi necə sevdiyinizi düşünün. Mütləq yumşaq qaynadılmışdır? Və ya “Bu gün belə olsun, bunun nə fərqi var? deyərdiniz? Sizi siz edən sərhədləriniz bu kiçik, əhəmiyyətsiz görünən detallar uğrunda mübarizədə silinir. Çünki “azadlıq” düşündüyünüz kimi “məhdudiyyətsiz” olmaq demək deyil, əksinə, aydın və möhkəm sərhədlərə malik olmaq deməkdir. Başqa sözlə desək, yox deyə bildiyiniz qədər azadlığınızı qoruyub saxlayırsınız. "Hayır diye bilme sanatı" sərhədlərinizi düzgün çəkərək özünüz üçün geniş bir azadlıq və özünə inam sahəsi yaratmağın incəlikləri ilə dolu həssas bələdçidir. 

Əsərin adı: "Uğurlu insanlar günə necə başlayır" 

Müəllif: Bencamin Spoll və Maykl Ksander

Səhifə sayı:  392

Səhər rejiminiz və bu zaman üstünlük verdiyiniz seçimlər nəticəsində gününüzün qalan hissəsi ya məhsuldar və rahat, ya da xaotik və yorucu keçir. Mari Kondo gün ərzində rahat olmaq və diqqətini işinə cəmləşdirə bilmək üçün evdən çıxmamışdan əvvəl otaqları əlüstü sahmana salır. “Pixar” və “Walt Disney” cizgi film studiyalarının prezidenti Ed Kətmell üç porsiya espressonu üç çay qaşığı kakao tozu ilə qarışdırır və iki ədəd şəkərəvəzedici əlavə edir. Fitnes məşqçisi Cillian Maykls zəngli saat qurmur, çünki beş yaşlı oğlu anasını qucaqlamaq üçün hər səhər onun yatağına atılır.

Bir hissəsini təlimat, bir hissəsini isə şəxsi həyatla bağlı müsahibələrin təşkil etdiyi “Uğurlu insanlar günə necə başlayır” kitabının müəllifləri üçqat olimpiya çempionu Rebekka Soni, “Twitter” şirkətinin həmtəsisçisi Biz Stoun və general Stenli Mak Kristal da daxil olmaqla, müasir dövrün 64 ən uğurlu insanı ilə söhbətlər aparıb, düzgün səhər rejiminin təşkili ilə bağlı tövsiyələr veriblər. Bəzi insanların rejimi erkən səhər idmanından və sadə həyat tərzindən ibarət olsa da, bəzilərininki daha rəngarəng, əyləncəli və həzzvericidir. Lakin bu insanların ortaq xüsusiyyəti ondan ibarətdir ki, heç biri səhər rejimini əziyyət və ya iş yükü kimi qəbul etmir. Özünə uyğun olan və düzgün rejimi yarada bilən hər kəs səhərini sevinclə açır. Bu müfəssəl təlimat kitabı məhz özünüzə uyğun olan rejimin təşkili və gündəlik həyatınızı asanlaşdıran vərdişlərin yaradılması yollarını izah edir. Binanın möhkəmliyi və davamlılığı onun təməlindən asılı olduğu kimi, günümüzün məhsuldar keçməsi və verdiyimiz qərarların düzgünlüyu də səhər rejimimizdən asılıdır. Razılaşsanız da, razılaşmasanız da, səhər vərdişlərimiz günümüzün təməlini təşkil edir. Əgər məhsuldarlığınızı artırmaq, idman və ya meditasiya ilə məşğul olmaq, yaxud sadəcə olaraq, səhər əzginliyinin öhdəsindən gəlmək istəyirsinizsə, bu kitab çox köməyinizə çatacaq.

Əsərin adı: "Evini də sahmana sal, həyatını da" 

Müəllif: Mari Kondo 

Səhifə sayı: 356

Səliqə-sahman üzrə tanınmış yapon məsləhətçisi, bu işin mahir bilicisi Mari Kondonun “Səliqə-sahmanın həyatımızı dəyişən möcüzəsi” kitabı bütün dünyada insanların həyatında və evlərində əsl inqilab yaratdı. İndi isə “Evini də sahmana sal, həyatını da” adlı bu master-klass vəsaitində müəllif “KonMari metodu”nu ətraflı şəkildə və illüstrasiyalarla təsvir edir, əşyaların kateqoriyalar üzrə saf-çürük edilməsi, köynəklərdən başlamış corablara qədər bütün paltarların qatlanması və onların, həmçinin digər əşyaların siyirmə və rəflərə yerləşdirilməsi üsullarını izah edir. Mari Kondo bu kitabında həm də tez-tez verilən sualları cavablandırır, o cümlədən “çox vacib”, lakin sevinc bəxş etməyən əşyalarla bağlı məsləhətlər verir. Bu hərtərəfli master-klass vəsaiti mətbəx avadanlıqları, təmizlik ləvazimatları, hobbi əşyaları və rəqəmsal fotoşəkillər də daxil olmaqla, hər şeylə bağlı dəyərli tövsiyələr sayəsində evinizi də sahmana salacaq, həyatınızı da.

Hazırladı: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et